Advertisment

ŞƏHİD KƏNAN QULİYEVİN XATİRƏSİ YAD EDİLİB

ŞƏHİD KƏNAN QULİYEVİN XATİRƏSİ YAD EDİLİB

 

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıqla vuruşan igid Vətən oğullarının əziz xatirəsi daim xalqımız tərəfindən hörmət və ehtiramla anılır. Tarix boyu qəhrəmanlığı ilə yaddaşlarda yaşayacaq Vətən övladlarından biri də şəhid Quliyev Kənan Vaqif oğludur.

 

22 oktyabr 2020-ci ildə Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə düşmənin qəfil atəşinə tuş gələrək qəhrəmancasına şəhid olan Kənan Quliyevin anım günü münasibətilə Culfa rayonunda tədbir keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə şəhidin doğulduğu kənddə yerləşən məzarını ziyarət edib, üzərinə tər gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, icra hakimiyyəti əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan, onun Vətənə olan sədaqətindən danışıblar. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.

 

Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan Kənan Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi