 
																		“City of London” korporasiyasının üzvü, professor Emma Edhem Azərbaycanın iqtisadi və diplomatik sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirib.
O, Herbiand.az-a açıqlaması zamanı bu ilin iyul ayında “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya) yüksəltməsini yüksək qiymətləndirib. Emma Edhemin sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatının sabit olmasının göstəricisidir.
“Biz hamımız bu xəbəri böyük məmnuniyyətlə qarşıladıq və növbəti reytinq yüksəlişini səbirsizliklə gözləyirik. Hazırda Azərbaycan Orta Dəhliz layihəsində ən mühüm ölkələrdən biridir. Bu dəhliz ticarət və investisiyaların daha rahat şəkildə Qərbə axınını təmin edir. Neft Azərbaycanın tarixində mühüm rol oynasa da, ölkə artıq iqtisadiyyatını diversifikasiya edərək Orta Dəhliz infrastrukturuna böyük sərmayələr yönəldib. Bu isə Azərbaycanı yeni zirvələrə yüksəldir”.
Emma Edhem həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesini yüksək qiymətləndirib: “Sülhün məhz bu zamanda əldə olunması çox önəmlidir. Dünya parçalanmaya doğru gedərkən, Azərbaycan sülhün necə mümkün olduğunu göstərir. Azərbaycan bu gün dünyaya iqtisadiyyat, ticarət, investisiya, ESG (Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə) və diversifikasiya sahəsində nümunədir”.
ADA Universitetində keçirilən 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda iştirak etdiyini də deyən Emma Edhem tədbirin yüksək səviyyədə keçirildiyini və bunun Azərbaycan və Britaniya əlaqələrinin inkişafı üçün önəm kəsb etdiyini bildirib.
Qeyd edək ki, Emma Edhem “City of London” Korporasiyasında Kandlevik dairəsini təmsil edən Alderman - şəhər idarəçiliyində seçkili vəzifə daşıyan şəxs kimi fəaliyyət göstərir. O, həmçinin Durham Universitetinin Kosmik Tədqiqatlar Mərkəzi və Hüquq Məktəbi ilə əməkdaşlıq edən təcrübə üzrə professorudur.
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        