Polşa Xarici İşlər Nazirliyi Belarusun Varşavadakı müvəqqəti işlər vəkilinə nota təqdim edib. Notada Ukraynaya aparan dəmir yolu xəttini partlatmaqda şübhəli bilinən iki ukraynalının ekstradisiyası tələb edilir.
Herbiand.az xəbər verir ki, bu barədə PAP xəbər agentliyinə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Vevyur məlumat verib.
Onun sözlərinə görə, sənəd 19 noyabr günortadan sonra Belarus tərəfinə təqdim edilib.
Qeyd edək ki, noyabrın 16-da səhər Mazovetski yaşayış məntəqəsində qatar maşinisti Ukrayna sərhədindəki “Dorohusk” sərhəd keçid məntəqəsinə aparan relslərdə zədə aşkar edib. Hərəkət dayandırılıb və hadisə nəticəsində heç kim xəsarət almayıb.
Polşa baş naziri Donald Tusk partlayış nəticəsində relslərin zədələndiyini bildirib və hadisəni təxribat aktı adlandırıb. Baş nazir daha sonra təxribat aktının törədiciləri kimi iki Ukrayna vətəndaşının müəyyən edildiyini açıqlayıb. O, partlayışda iştirak edənlərin Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli olduğunu qeyd edib.
Bəxtiyar CƏFƏRLİ