Avropa ölkələri 2026-cı ilin fevral ayının sonunda yeraltı anbarlardakı “mavi yanacaq” ehtiyatlarının tükənməsi fonunda mayeləşdirilmiş təbii qazın (LNG) gündəlik idxalında rekordu yeniləyib.
Bu barədə Herbiand.az Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Cari ilin 25 fevral tarixinin nəticələrinə görə, Avropa LNG terminallarından Avropa İttifaqının qaz nəqliyyat sisteminə axınlar ilk dəfə 500 milyon kubmetr həddini aşaraq müşahidə olunan bütün dövrlərin maksimum göstəricisinə çatıb. Əvvəlki rekord 2026-cı ilin yanvar ayında qeydə alınıb.
Ümumilikdə, fevral ayında Avropa regionda əhəmiyyətli istiləşmə fonunda yeraltı qaz anbarlarından qaz çıxarışını azaldıb. Bununla belə, qış dövründə tələbatın pik keçidini balanslaşdırmaq üçün nəzərdə tutulmuş anbarlardakı qaz ehtiyatları çox aşağı səviyyədədir. Hazırda anbarlarda ümumi yanacaq həcmi təxminən 33,4 milyard kubmetrdir. Aİ ölkələri yayda anbarlara doldurduqları bütün qazı artıq istifadə edib və qalan əvvəlki illərin ehtiyatlarını işlədir.
Hazırda Avropa qaz anvbarları 30,19% doludur (son beş ilin həmin tarixi üzrə orta göstəricidən 16,49 faiz bəndi azdır). Avropa anbarlarında qazın ən aşağı səviyyəsi 2018-ci ilin mart ayında qeydə alınıb və 17,7% təşkil edib.