Advertisment

UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır

Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişaf etdirilməsi Azərbaycan üçün mühüm imkan yaradır.

Herbiand.az xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Baş icraçı katibinin müavini Dmitry Mariyasin Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, gələcək nəqliyyat sistemlərinin formalaşdırılmasında təkcə avtomobil istehsalçıları və mobillik şirkətləri deyil, texnologiya sektoru da mühüm rol oynayacaq: “Orta Dəhlizin "yaşıl dəhliz" kimi inkişafı zamanı əsas terminallar və digər infrastruktur obyektləri layihələndirmə mərhələsindən etibarən iqlim amilləri nəzərə alınmaqla qurulmalıdır.

“Bu, sadəcə "olsa yaxşıdır" yanaşması olmamalıdır. Məqsəd Orta Dəhlizi daha rəqabətqabiliyyətli və səmərəli etmək və nəticə etibarilə burada fəaliyyət göstərən şirkətlərin maliyyə nəticələrini yaxşılaşdırmaq olmalıdır”.

Mariyasin iqlim dəyişikliyinin artıq biznes fəaliyyətinə birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, elektrik enerjisi, neft və telekommunikasiya şirkətlərinin fəaliyyəti iqlimlə əlaqəli fəlakətlərin yaratdığı pozuntuların artması fonunda dəyişir.

O qeyd edib ki, özəl sektorun iqlim dəyişikliyinə uyğunlaşması üçün adaptasiya maliyyələşməsi, sığorta mexanizmləri və inkişaf etməkdə olan ölkələrdə istiqraz bazarlarının genişləndirilməsi vacibdir.

UNECE rəsmisi həmçinin şirkətlərin iqlim hədəflərini yalnız öhdəlik kimi deyil, biznes imkanları kimi qiymətləndirməli olduğunu deyib.

“Bütün dünyada hər bir şirkət bu hədəflərə baxmalı və burada biznes imkanlarını görməlidir. Bunlar formalaşdırılmağı və risklərdən azad edilməyi gözləyən investisiya layihələridir”, - Mariyasin bildirib.

Onun sözlərinə görə, dövlət sektoru, hökumətlər və BMT qurumları layihələr üçün daha proqnozlaşdırıla bilən tənzimləmə, məlumatlara bərabər çıxış və keyfiyyətli məlumat təmin etməklə özəl sektorun risklərini azaltmağa kömək edə bilər.

Mariyasin enerji səmərəliliyini biznes üçün ən böyük və sadə imkanlardan biri kimi qiymətləndirib. O bildirib ki, şirkətlərin enerji səmərəliliyinin artırılması həm maliyyə nəticələrinə, həm də ətraf mühitin qorunmasına müsbət təsir göstərir.

UNECE rəsmisi neft və qaz şirkətləri üçün isə metan emissiyalarının azaldılmasını əsas istiqamətlərdən biri kimi göstərib. O, SOCAR-ın digər aparıcı neft şirkətləri ilə yanaşı, metan emissiyalarının azaldılması istiqamətində real addımlar atdığını qeyd edib.

D.Mariyasin həmçinin strateji ekoloji qiymətləndirmənin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, biznes bu mexanizmi bəzən layihənin qarşısına qoyulan əlavə “filtr” kimi qəbul edir.

“Əslində, bu, filtr deyil. Bu, layihənin rəqabət qabiliyyətini artıran bir vasitədir”, - deyə o vurğulayıb.

O, Azərbaycanın bu sahədə liderlik nümayiş etdirən ölkələrdən biri olduğunu qeyd edərək şirkətləri layihələri planlaşdırarkən strateji ekoloji qiymətləndirmə prinsiplərini tətbiq etməyə və müvafiq sualları əvvəlcədən nəzərə almağa çağırıb.