Advertisment

Ukrayna PUA-ları Mahaçqalanı vurdu– Teatr binasında yanğın başladı

Sentyabrın 10-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Dağıstanın paytaxtı Mahaçqalaya hücum edib.

Bu barədə respublika rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Fedor Şukin məlumat verib.

Onun sözlərinə görə, PUA-ların qalıqlarının düşməsi nəticəsində dəniz limanında və Həmzət Tsadasa adına Avar musiqili-dram teatrında yanğınlar baş verib.

“Yanğınlar operativ şəkildə söndürülüb, ölən və xəsarət alan yoxdur”, – Şukin Telegram kanalında yazıb.

O, eyni zamanda yerli sakinləri hücumun nəticələrini əks etdirən foto və videoları paylaşmamağa çağırıb.

Mahaçqala dəniz ticarət limanı Rusiyanın Xəzər dənizində yeganə dərin sulu və donmayan limanı hesab olunur. Limanda neft terminalı fəaliyyət göstərir. Burada yükgötürmə qabiliyyəti 10 min tona qədər olan tankerlər üçün beş ixtisaslaşdırılmış körpü mövcuddur.

Limanın illik ixrac gücü 7,9 milyon tona qədər neft və neft məhsuludur. Limana bitişik ərazidə Bakı–Novorossiysk magistral neft kəməri ilə əlaqəli neft bazası yerləşir.

Ukrayna PUA-ları bundan əvvəl avqustun 24-də Dağıstana hücum etmişdi. Həmin vaxt Şimali Qafqazın ən böyük Ozon marketpleys anbarı hədəfə alınmışdı.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 9-u axşamdan 10-u səhərədək hava hücumundan müdafiə qüvvələri Rusiyanın 13 regionu, ilhaq edilmiş Krım, həmçinin Qara və Xəzər dənizlərinin akvatoriyası üzərində 448 Ukrayna PUA-sını “ələ keçirib və məhv edib”.

Məlumata görə, Dağıstanla yanaşı, PUA-lar Kalmıkiya, Krasnodar diyarı, Həştərxan, Volqoqrad, Voronej və digər vilayətlərin səmasında da qeydə alınıb.

Azpost.info