Rusiya Silahlı Qüvvələri tərəfindən istifadə edilən ən son “Geran-4” və “Geran-5” reaktiv mühərrikli PUA-lar Ukrayna münaqişəsində hava qarşıdurmasının xarakterini əhəmiyyətli dərəcədə dəyişdirib.
Herbiand.az bildirir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat verib.
Qeyd olunub ki, “Geran-5” saatda 600 km sürətə çata və 90 kiloqramlıq döyüş başlığını 1000 kilometrə qədər çatdıra bilir: “Bu apparat dizaynına görə, artıq qanadlı raketə yaxındır”.
Bundan əlavə, yeni PUA modelləri termal görüntüləmə kameraları, süni intellekt elementləri olan sistemlər, müdaxiləyə davamlı antenalar və modemlərlə təchiz olunub.
"Rusiyalı operator 2-5 kilometr yüksəklikdə uçur, hədəfi aşkarlayır, kamera ilə ona bağlanır və sonra "şahed" avtomatik olaraq hücum edir", - Ukrayna Müdafiə Nazirinin müşaviri Sergey Beskrestnov Rusiya ordusunun “Geran”ilərdən istifadəsini təsvir edərkən bildirib.
FT yazır ki, bu dronların geniş yayılması Ukrayna rəsmiləri və istehsalçıları üçün sürpriz olub: “Kiyev Rusiyanın təxminən saatda 300 km sürətə malik “Geran-3”-ə üstünlük verəcəyini gözləyirdi. Lakin ruslar daha sürətli və daha uzun mənzilli apparatlara diqqət yetirmək qərarına gəldilər və onların ələ keçirilməsi indi Ukrayna Silahlı Qüvvələri üçün əlavə çətinliklər yaradır”.
Bəxtiyar CƏFƏRLİ