Cari ilin yanvar-avqust ayları ərzində Avropa İttifaqında (Aİ) 1 milyon 641 min 333 ədəd yeni elektromobil qeydiyyata alınıb.
Herbiand.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) yeni hesabatında qeyd olunub.
Hesabata əsasən, elektromobillərin bazar payı illik müqayisədə 5,9 faiz artaraq 21,7 faizə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 15,8 faiz təşkil edib.
Elektromobillərin qeydiyyatında Aİ-nin dörd ən böyük bazarından üçündə ciddi artım qeydə alınıb. Bu ölkələr birlikdə bütün yeni elektromobil qeydiyyatlarının 64 faizini təşkil edib. Fransada elektrik avtomobillərinin qeydiyyatı 74,2 faiz, Almaniyada 53,1 faiz, Danimarkada isə 40,9 faiz artıb.
Səkkiz ayda Aİ-də hibrid avtomobillərinin qeydiyyatı 2 milyon 759 min 718 ədədə çatıb. Bu avtomobillər ümumi Aİ avtomobil bazarının 36,6 faizini təşkil edib. Hibrid avtomobillərə tələbat İspaniyada 21 faiz, İtaliyada 20,5 faiz artıb. Almaniyada artım 5,2 faiz, Fransada isə 1,8 faiz olub. Beləliklə, hibrid avtomobilləri Aİ istehlakçıları arasında ən çox seçilən avtomobil növü olaraq qalır.

“Plug-in” hibrid avtomobillərinin qeydiyyatı da artmaqda davam edib. Hesabat dövründə Aİ-də 758 min 82 ədəd “plug-in” hibrid avtomobili qeydiyyata alınıb. Artım əsas bazarlarda daha yüksək olub. İtaliyada “plug-in” hibrid avtomobillərin qeydiyyatı 77,6 faiz, İspaniyada 33,9 faiz, Almaniyada isə 15,6 faiz artıb. Beləliklə, bu avtomobillərin Aİ bazarındakı payı 10 faizə yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 8,8 faiz olub.
Bu ilin avqust ayının sonuna benzinlə işləyən avtomobillərin qeydiyyatı 18,6 faiz azalaraq 1 milyon 634 min 733 ədəd olub. Avropanın əsas avtomobil bazarlarının hamısında ciddi geriləmə qeydə alınıb. Ən böyük azalma Fransada olub – 35,8 faiz. İspaniyada qeydiyyat 18,5 faiz, Almaniyada 21,9 faiz, İtaliyada isə 16,7 faiz azalıb. Benzinlə işləyən avtomobillərin Aİ bazarındakı payı ötən ilki 28 faizdən 21,7 faizə düşüb.
Dizel avtomobillərinin bazarında da azalma davam edib. Bu avtomobillərin qeydiyyatı 18,6 faiz geriləyib. Dizel avtomobillərinin yeni Aİ avtomobilləri arasında payı 7,3 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 9,4 faiz olub.