Rumıniyada elektrik enerjisinin spot bazarındakı orta qiyməti sentyabrın 24-ü üçün 233 avro/meqavat-saata yüksələrək Avropada ən yüksək göstəricilərdən birinə çatıb.
Herbiand.az xəbər verir ki, “Economica.net” nəşrinin Rumıniyanın enerji bazarı operatorunun məlumatları əsasında apardığı hesablamaya görə, ölkədə günün orta elektrik qiyməti 1224 ley/meqavat-saat təşkil edir. Avro ilə hesablandıqda bu, 233 avro/meqavat-saata bərabərdir.
Nəşrin müqayisəsinə əsasən, həmin gün Rumıniyadan daha yüksək orta spot qiymət yalnız Macarıstanda qeydə alınıb - 239 avro/MVt-saat.
Qiymət artımının əsas səbəbləri kimi elektrik istehsalı imkanlarının tələbatla müqayisədə azalması göstərilir. Çernavoda Atom Elektrik Stansiyasının iki enerji blokunun sistemdə olmaması, Dunay çayında su səviyyəsinin aşağı düşməsi nəticəsində hidroelektrik istehsalının zəifləməsi, külək enerjisi istehsalının azalması və bəzi kömür bloklarında baş verən nasazlıqlar bazarda təklifi məhdudlaşdırıb.
Məlumata görə, günün bir sıra saatlarında Rumıniya Bolqarıstan elektrik şəbəkəsindən enerji idxal edir. Günəş enerjisi istehsalının olmadığı saatlarda isə idxal həm Bolqarıstan, həm də Macarıstan istiqamətindən həyata keçirilir.
Enerji sistemində istehsalın azalması idxaldan asılılığı da artırıb. Nəşr qeyd edir ki, əvvəlki gün səhər saatlarında Rumıniyada ani elektrik istehsalı təxminən 2800 meqavata qədər enib, idxal gücü isə 2200 meqavata yaxınlaşıb.
Mövcud vəziyyət Avropa enerji bazarında istehsal güclərinin əlçatanlığı, transsərhəd elektrik bağlantıları və çevik ehtiyat güclərinin qiymətlərin formalaşmasında rolunu bir daha ön plana çıxarır.