Advertisment

Ordubad və Şahbuz rayonlarında şəhidlərin əziz xatirəsi yad edilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ordubad və Şahbuz rayonlarında birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş rayon sakinlərinin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

Ordubad Rayon İcra Hakimiyyəti və Şahbuz Rayon İcra Hakimiyyətinin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin və rayonların mədəniyyət qurumlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, rayon sakinləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbirlər Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ordubad Rayon Mədəniyyət Sarayında keçirilən “Qəhrəmanlıq salnaməmizin başlandığı gün” adlı tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Vüqar Nəcəfovun anası Şəmsiyyə Nəcəfova və müharibə əlili Raqib Baxşıyev çıxış ediblər.

Çıxışlarda 27 Sentyabr – Anım Gününün şəhidlərin əziz xatirəsinə ümumxalq ehtiramının ifadəsi olduğu vurğulanıb, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində şanlı səhifə açdığı bildirilib. 44 gün davam edən döyüşlərdə Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq, şəhidlərin fədakarlığı və qazilərin şücaəti xüsusi qeyd olunub.

Həmçinin şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin gücləndirilməsi və qarşılaşdıqları məsələlərin həlli istiqamətində görülən işlərdən bəhs edilib.

Ardınca Ordubad Rayon Mədəniyyət Sarayı və Ordubad Peşə Liseyinin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada şəhidlərin qəhrəmanlığı, Vətən uğrunda göstərdikləri şücaət və xalqımızın həmrəyliyi bədii təqdimatlarla əks olunub. Sonda Naxçıvan Televiziyası tərəfindən Ordubad şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Şahbuz rayonunda keçirilən tədbirdə isə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi Üzeyir Məmmədov, şəhid anası Məhparə Rzayeva və qazi Röyal Abdullazadə çıxış ediblər.

Çıxışlarda Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyat və döyüş yolundan, göstərdikləri şücaət və fədakarlıqdan söz açılıb. Şəhidlərin müqəddəs xatirəsinin yaşadılmasının, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Sarayının əməkdaşları tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş kompozisiya təqdim olunub. Daha sonra “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şahbuz rayonundan olan şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Keçirilən tədbirlərdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılacağı vurğulanıb.

Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi