Advertisment

Tramp "Nvidia" rəhbərinin vəzifəsinə qayıtmasında iştirak etdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın vəzifəsinə qaytarılması prosesində şəxsən iştirak etdiyini bildirib.

“CNBC“ telekanalına müsahibəsində Tramp bu məsələni Çin lideri Si Cinpinlə də ətraflı müzakirə etdiyini açıqlayıb.

“Mən bu prosesdə iştirak etmişəm. Censen haqqında Çin lideri ilə ətraflı danışmışam. Onun Huanq barədə çox az məlumatlı olması məni təəccübləndirdi”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Huanqın vəzifəsinə qaytarılması ilə bağlı qərarın qəbulunda vitse-prezident Cey Di Vensin də iştirak etdiyini söyləyib.

Trampın sözlərinə görə, Huanq artıq üç yeni nəsil çipin hazırlanması üzərində düşünür.

“O, növbəti üç çip haqqında düşünür. Başqa heç kim bunu etmir. O, rəqiblərini o qədər qabaqlayıb ki, belə istedadı itirmək ölkəmiz üçün utancverici olardı”, – deyə Tramp vurğulayıb.

Amerika lideri “Nvidia”nın istehsal etdiyi “Blackwell” çiplərinin rəqiblər tərəfindən təkrarlanmasının mümkün olmadığını iddia edib. Onun fikrincə, şirkət bu sahədə rəqiblərini təxminən 10 il qabaqlayır.

Tramp həmçinin Huanqın ətrafında yaranmış qalmaqala baxmayaraq, onun şirkətdə əvvəlki nüfuzunu bərpa edəcəyinə əminliyini ifadə edib.