Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edib. Yeni məhdudiyyətlər Rusiyanın maliyyə sektoru, kriptovalyuta platformaları və enerji sənayesini hədəf alır.
Herbiand.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi məlumatında bildirilib.
Təklif olunan yeni paket çərçivəsində 60 Rusiya bankının beynəlxalq SWIFT sistemindən ayrılması nəzərdə tutulur. Həmçinin kriptovalyuta ilə əlaqəli platformalara qarşı sanksiyaların hazırlanması məqsədilə xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.
Bundan başqa, Rusiya neftinin daşınmasında iştirak edən 70 tankerə və enerji şirkətlərinə qarşı məhdudiyyətlərin tətbiqi təklif olunur. Avropa İttifaqı vətəndaşlarının Rusiyadakı şirkətlərdə vəzifə tutmasına da qadağa qoyulması nəzərdə tutulur.
Paketdə keçmiş rusiyalı hərbçilərə viza verilməsinin qadağan edilməsi, Rusiya bayrağı altında idmançı və komandaların Avropa İttifaqı ərazisində keçirilən yarışlarda iştirakına məhdudiyyətlərin tətbiqi də yer alır.
Qeyd edək ki, sanksiyalar paketinin dekabr ayında təsdiqlənəcəyi gözlənilir. Məlumata görə, Brüssel ayrı-ayrı üzv dövlətlərin veto hüququndan istifadə etməsinin qarşısını almaq üçün hazırda məsələ ilə bağlı məsləhətləşmələr aparır.
Aydın