Advertisment

Hərbi xidmət və peşə hazırlığı: hərbi şərhçidən fərqli yanaşma

Azərbaycanda hərbi xidmətin gənclər üçün daha səmərəli və faydalı təşkili ilə bağlı yeni təklif səslənib.

Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Hebriand.az-a açıqlamasında deyib ki, hərbi xidmət müddətində gənclərin yalnız hərbi hazırlıq keçməsi deyil, eyni zamanda müxtəlif peşələrə yiyələnməsi təmin olunmalıdır. Hərbi ekspert bildirib ki, əsgərlərin 1 il və ya 1 il 6 aylıq xidmət müddətini səmərəli keçirməsi üçün peşə hazırlığı proqramları tətbiq edilə bilər. Onun fikrincə, hərbi xidmət dövründə ali təhsilli hərbi qulluqçulara İKT mühəndisliyi, foto-video montaj, xarici dil və feldşerlik kimi istiqamətlərdə əlavə bilik və bacarıqlar öyrədilə bilər. Orta təhsilli əsgərlər üçün isə əmək bazarında tələbat olan müxtəlif peşələr üzrə kurslar təşkil etmək mümkündür.

Bəs hərbi xidmət müddətində gənclərə peşə hazırlığının verilməsi necə həyata keçirilə bilər?

“Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Herbiand.az-a açıqlamasında bildirib ki, hərbi texnologiyalar və müasir texnoloji yeniliklərlə bağlı biliklərin gənclərə öyrədilməsi vacibdir.

R.Məmmədli deyib ki, hərbi xidmətin əsas mahiyyəti və başlıca məqsədi çağırışçılara hərbi nizam-intizamın aşılanması, onların hərb elminin əsas istiqamətləri üzrə nəzəri və praktiki biliklərə yiyələndirilməsidir.

“Buraya silah və sursatla təhlükəsiz və düzgün davranış qaydalarının öyrədilməsi, müxtəlif taktiki şəraitlərdə silahdan səmərəli istifadə bacarıqlarının formalaşdırılması, fiziki hazırlığın və idman vərdişlərinin inkişaf etdirilməsi daxildir. Bütün bunlar hərbi qulluqçunun döyüş hazırlığının yüksəldilməsi və real döyüş şəraitində qarşıya qoyulan tapşırıqları düzgün yerinə yetirməsi baxımından fundamental əhəmiyyət daşıyır”-deyə, o, bildirib.

Hərbi şərhçi deyib ki, sadalanan peşə istiqamətlərinin böyük hissəsinin hərbi xidmətin əsas funksiyaları ilə birbaşa əlaqəsi yoxdur.

“Doğrudur, Silahlı Qüvvələrdə təmir, mühəndis-istehkam və digər texniki istiqamətlər üzrə fəaliyyət göstərən bölmələr mövcuddur və bu sahələrdə ixtisaslaşmış hərbi qulluqçular xidmət edir. Lakin bu, kütləvi xarakter daşımır və bütün çağırışçıların belə peşələrə yiyələndirilməsi hərbi xidmətin əsas məqsədləri sırasına daxil deyil. Bu baxımdan, peşə bacarıqlarının kütləvi şəkildə hərbi hissələrdə öyrədilməsi əvəzinə, bu istiqamətdə ixtisaslaşmanın peşə təhsili müəssisələrində həyata keçirilməsi daha məqsədəuyğun olar. Eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində əsas tədris proqramlarına əlavə olaraq praktiki peşə bacarıqlarının formalaşdırılmasına imkan verən proqramlar təşkil edilə bilər. Sovet dövründə fəaliyyət göstərən tələbə inşaat dəstələri də bu baxımdan müəyyən təcrübə nümunəsi sayıla bilərdi. Tələbələr yay tətili müddətində ölkənin müxtəlif bölgələrində inşaat işlərinə cəlb olunur, həm əmək təcrübəsi qazanır, həm də praktiki bacarıqlar əldə edirdilər!”

 

Məhəmməd Əliyev

Herbiand.az