Londonun mərkəzi və şərq hissələrində bu gün səhər saatlarında genişmiqyaslı elektrik kəsintisi baş verib.
Herbiand.az “The Independent”ə istinadla xəbər verir ki, paytaxtın elektrik şəbəkəsinə xidmət göstərən “UK Power Networks” (UKPN) şirkətinin məlumatına görə, nasazlıq təxminən 32 poçt indeksini əhatə edib, minlərlə ev və müəssisə elektrik enerjisiz qalıb.
Şirkətdən bildirilib ki, kəsintiyə yerli ərazidə yeraltı elektrik kabelində yaranan nasazlıq səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə “Liverpool Street” stansiyasındakı elektron ekranların işləmədiyi görünür. Elektrik kəsintisi xüsusilə Şordiç və Londonun şərq hissəsinə təsir edib. Ofislərdə internet bağlantısı və monitorların fəaliyyəti dayandığından iş prosesində də fasilələr yaranıb.
Elektrik kəsintisi yerli vaxtla saat 10:32-də başlayıb. UKPN-dən bildirilib ki, hadisədən təxminən 15 dəqiqə sonra elektrik enerjisinin alternativ xətlərlə yönləndirilməsi nəticəsində 4989 ev və müəssisədə enerji təchizatı bərpa olunub. Londonun bəzi hissələrində elektrik enerjisinin verilməsi artıq tam bərpa edilib.