Advertisment

Kənar təsirlərə qarşı çıxış yolu: “Milli-mənəvi immunitet gücləndirilməlidir”

“Prezident İlham Əliyevin ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməsi çağdaş dünyanın gerçəklikləri fonunda nəzərdən keçirilməlidir”. Bunu Herbiand.az-a açıqlamasında yazıçı publisist Əkbər Qoşalı deyib. Onun sözlərinə görə, dövlət başçısı Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji risklərin sərhəd tanımadığını, internet, kibertexnologiyalar və süni intellekt dönəmində bu məsələnin daha mürəkkəb xarakter aldığını vurğuladı və belə təsirlərə qarşı başlıca vasitələrdən biri kimi təhsili göstərdi.

“Bundan az öncə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə də yad narrativlərin və dəyərlərin aşılanması, ictimai həmrəyliyin pozulmasına yönələn informasiya təsirləri ayrıca vurğulanmışdı. Məncə, burada çox önəmli bir fərqi nəzərə almaq lazımdır: dünyaya açıq olmaqla yad ideoloji təsirə açıq olmaq eyni şey deyil. Biz dünyadan təcrid oluna bilmərik və buna heç ehtiyac da yoxdur. Elm, texnologiya, mədəniyyət, qabaqcıl təcrübə sərhəd tanımır və qarşılıqlı bağlantılar inkişafın olmazsa olmazıdır. Ancaq qarşılıqlı mədəni ünsiyyət başqa şeydir, insanın və toplumun öz milli yaddaşından, dilindən, ailə institutundan, tarixi bilincindən uzaqlaşdırılması başqa...Bax, buna görə mən bu məsələdə qadağadan daha çox, belə deyək, maarifçi immunitet anlayışını önə çəkərdim. İmmuniteti güclü olan orqanizm hər yad təsirdən qorxmadığı kimi, milli-mənəvi immuniteti güclü olan toplum da başqa mədəniyyətlərlə təmasdan çəkinməz. Əksinə dünyanı tanıyar, müqayisə edər, yararlı olanı mənimsəyər, dağıdıcı olanı isə ayırd edə bilər. Prezidentin təhsili ideoloji təxribatlara qarşı əsas vasitələrdən biri kimi göstərməsi də bu baxımdan öyrənilməlidir. İndi təhlükənin miqyası öncəki dönəmlərlə müqayisədə xeyli fərqlidir. Bir vaxt ideoloji təsir üçün sərhədi fiziki olaraq keçmək, qəzet, kitab, radio və televiziya lazım idisə, indi bir smartfon yetərlidir. Sosial media alqoritmləri, manipulyativ informasiya, dezinformasiya, saxta xəbərlər, süni intellektlə yaradılan məzmun və s. insanın informasiya mühitinə birbaşa daxil olur. Belə bir ortamda ən ciddi risk insanın nə düşünəcəyindən savayı, hətta necə düşünəcəyinin başqaları tərəfindən proqramlaşdırılması imkanıdır”-deyə, o, bildirib.

Əkbər Qoşalı hesab edir ki, milli-mənəvi dəyərlərin qorunması keçmişi olduğu kimi dondurub saxlamaq anlamına gəlmir:

“Bəli, mədəniyyət canlı orqanizmdir. Dəyərin yaşaması üçün onun yeni nəslin dilində danışması şərtdir. Azərbaycan dili, ədəbiyyatı, musiqisi, ailə dəyərləri, tarixi yaddaşımız, dövlətçilik gələnəyimiz çağdaş rəqəmsal platformalarda keyfiyyətli və cəlbedici məzmun şəklində tanıdılmalıdır. Bir gəncə yalnız “bunu izləmə, bunu oxuma, buna inanma” demək yetinmək olmaz; ona “nə üçün?” sualının əsaslandırılmış cavabını vermək gərəkdir. Burada ailənin, məktəbin və medianın vəzifələri bir-birini tamamlayır. Ailə uşağın ilk mənəvi məktəbidir; dilə, böyüyə, Vətənə münasibətin ilkin kodları orada yaranır. Məktəb həmin duyğunu biliyə çevirməlidir: tarix şüuru, media savadlılığı, məntiq, tənqidi təfəkkür formalaşdırmalıdır. Media isə özəlliklə gənclərin yaşadığı rəqəmsal məkanda milli məzmunun keyfiyyətini və rəqabət yeyənəyini artırmalıdır. Prezident bundan öncə də müəllimlərin və valideynlərin uşaqların həm savadlı, həm də milli ruhda yetişməsində rolunu xüsusi vurğulamışdı”.

Yazıçı hesab edir ki, bu məsələdə bir önəmli məqamı da unutmaq olmaz: “Milli dəyəri qorumağın yolu başqa xalqların, mədəniyyətlərin dəyərlərini düşmən elan etmək anlamı daşımır. Azərbaycanın tarixən formalaşmış tolerantlıq və multikulturalizm təcrübəsi də bunu göstərir. Öz kimliyinə inanan insan başqa kimlikdən çəkinməz. Avropada belə bir yayğın deyim var: “Hamı fərqlidir, hamı bərabərdir.” Fərqliliyi təhlükə saymaya bilərik; ancaq insanı öz dövlətinə, toplumuna, ailəsinə və milli yaddaşına qarşı manipulyasiya alətinə çevirən məqsədli təsirləri diqqətə almaq zorundayıq. Qadağa, təcrid, qorxu – bunlar bizlik deyil; biz onların yerinə müvafiq olaraq, bilinc, seçim qabiliyyəti və milli özünüdərki qoyuruq. Gənclərimizi dünyadan ayırmayacağıq, onları bundan sonra da dünyaya Azərbaycan kimliyi ilə çıxmağa hazırlayacağıq. Milli-mənəvi təhlükəsizliyin ən möhkəm sərhədi insanın öz şüurunda qurulan sərhəddir. O sərhəd isə yalnız yüksək təhsil, sağlam ailə, güclü mədəniyyət, məsuliyyətli media və Vətənə şüurlu bağlılıqla yaranır. Qalib Azərbaycan gəncliyinə hər şeyin ən gözəli, ən yaxşısı yaraşır.

Dövlətimiz zaval görməsin, bayrağımız daim uca olsun!”

 

Aydın

Hebriand.az