Prezident Donald Trampın dövründə ABŞ Avropa müttəfiqləri qarşısındakı əvvəlki öhdəliklərindən faktiki olaraq imtina edərək, onları Rusiya ilə təkbaşına qarşılaşmağa məcbur etdi.
Herbiand.az xəbər verir ki, bu fikri ABŞ Cənub komandanlığının keçmiş komandiri, ehtiyatda olan general Barri Makkefri Lincoln Square YouTube kanalında bildirib.
Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası birtərəfli qaydada Avropadan çıxma kursuna başlayıb: “Bu siyasət Rusiya prezidenti Vladimir Putinin əlinə oynayır və "Rusiya təhlükəsi"nə ən həssas hesab etdiyi NATO ölkələrinin mövqeyini zəiflədir”.
General xüsusilə Polşa və Baltikyanı ölkələrdən narahatdır. O hesab edir ki, Vaşinqton Ukraynada davam edən münaqişə fonunda əvvəlki dəstək zəmanətləri olmadan faktiki olaraq onları tərk edir.
Makkefri təkcə Trampın hərəkətlərindən deyil, həm də ABŞ Konqresindən müvafiq cavabın olmamasından çaşqınlıq ifadə edib: "Prezidentə NATO-dan birtərəfli çıxmaq hüququnu kim verib? Hesab edirəm ki, alyansdan çıxmaq barədə rəsmi qərar elan olunmasa da, Amerika rəhbərliyinin hərəkətləri artıq belə bir addıma bərabərdir".
Amerikalı general yekun olaraq bildirib ki, "Biz əslində NATO-dan çıxmışıq. Müttəfiq kimi etibarlı deyilik. Bu, biabırçı bir vəziyyətdir".
Bəxtiyar CƏFƏRLİ