Advertisment

Tanınmış şairdən narazılıq- “Onlar yazıçıları yox, müğənniləri reklam edir”

Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə insanların mütaliə vərdişləri dəyişir, əyləncə seçimləri çoxalır, iqtisadi çətinliklər isə kitaba ayrılan büdcəyə təsir göstərir. Bütün bunlar həm yerli, həm də dünya kitab bazarında durğunluq yaradan əsas amillərdəndir. Kitab mağazalarının rəflərində nəşrlərin çoxluğu ilə satış göstəricilərinin aşağı olması müəllifləri, nəşriyyatları və kitab sənayesinin digər iştirakçılarını narahat edən ciddi problemə çevrilib.

Ümid Partiyası Məşvərət Məclisinin sədri, şair Rəfail Tağızadə Herbiand.az-a açıqlamasında bildirib ki, kitab bazarındakı durğunluq bu gün yazarları ən çox narahat edən məsələlərdən biridir.

“İlk olaraq belə qənaətə gəlirsən ki, bu gün oxucu yoxdur. Oxuyanlarla, məlumatlı adamlarla ünsiyyət quranda görürsən ki, oxumaq istəyənlər var, amma kitab mağazalarının sayı azdır. Sovet dövründə kitab mağazası həddindən artıq çox idi. Amma indi kitab mağazası Bakının özündə çox azdır, rayonlarda da rayon mərkəzlərində də demək olar ki, ya bir mağaza var, yaxud da heç yoxdur. Yəni bu, ən böyük problemlərdən biridir. Düzdür, oxucunun marağı azdır oxumağa, əvvəlki səviyyədə deyil. Mənə gəlir ki, başqa problemlər kitab oxumağı daha çox ikinci plana atıb. Amma rastlaşdığımız adamlardan, oxuculardan bilirik ki, istənilən halda kitab oxuyanlar var. Müntəzəm mütaliə edənlər də var, belə deyək də, fasilələrlə oxuyanlar da”.

R.Tağızadə hesab edir ki, mütaliəyə həvəsi artırmaq üçün ilk növbədə kitab mağazalarının sayını artırmaq, onun reklamını gücləndirmək, yazarları təbliğ eləmək lazımdır: “Təbliğatın ən böyük vasitəsi televiziyadır. Televiziyalarda da ki, ən çox müğənniləri reklam edirlər, nəinki yazıçıları, şairləri. Yəni bu da çox böyük bir bəladır. Başqa ölkələrdən çox Avropada, hətta başqa keçmiş MDB ölkələrində də kitaba maraq tamamilə fərqlidir. İlk növbədə kitabı və yazıçını, şairi oxucuya tanıtmaq lazımdır. Bu ən çox mətbuatdan, ən çox televiziyadan asılı olan şeylərdir, o da Azərbaycanda çox qəliz bir məsələdir”.

R.Tağızadənin sözlərinə görə, bu gün elektron kitablar aktual olsa da, əsərlə oxucu arasında əlaqəni yaradan kitabdır.

“Kitabı vərəqləyirsən, kitabı qarşısına qoyanda onunla ünsiyyətdə olursan, onunla elə bil danışırsan. Və istədiyin vaxt bir vərəqləyirsən və o vərəqləyəndə geriyə qayıdırsan, baxırsan. Kitab əlində olanda sən özünü biraz başqa cür hiss edirsən.

Mənim düşüncəmə görə, internetdən kitabı oxuyanda sən o həzzi ala bilmirsən.

Bəlkə də indi biz yaşlı nəsilik, ona görə elə düşünürük. Məncə, kitab fərqli bir aura, bir ortam yaradır oxucu ilə əsər arasında. Yəni zaman-zaman belə münasibətlər olub ki, internet çıxdı, kitablar sıradan çıxacaq. Amma dünyada elə bir şey olmayıb, yəni dünyanın inkişaf etmiş ölkələrində də kitabın satışı həddindən artıq çoxdur”.

Şairin kitabın gələcəyinə baxışı nikbindir: “Kitab həmişə olub və olacaq Nə internet, nə elektron nəşr kitabı əvəz eləyə bilməz”.