Advertisment

Şəhid leytenant Nihat Seyidovun əziz xatirəsi ehtiramla yad edilib

Şəhid leytenant Nihat Mehman oğlu Seyidovun anım günü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Şəhər və Culfa Rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, millət vəkilləri, Əlahiddə Ümumqoşun Ordunun və Daxili İşlər Nazirliyinin zabit heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanın müasir tarixinə şanlı səhifə kimi yazılan İkinci Qarabağ müharibəsi xalqımızın qəhrəmanlıq ruhunun, milli birliyinin və Vətən sevgisinin parlaq təcəssümüdür. Bu möhtəşəm Zəfərin əldə olunmasında canından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də leytenant Nihat Mehman oğlu Seyidovdur.

Nihat Seyidov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq torpaqlarımızın azadlığı naminə canını fəda edib. Gənc yaşında göstərdiyi igidlik və misilsiz şücaət onun adını xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk edib.

Şəhid leytenant Nihat Seyidov göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirin sonunda şəhidin məzarı üzərinə gül dəstələri düzülərək əziz xatirəsinə ehtiram ifadə olunub. Şəhidin anası İlhamə xanım çıxış edərək ailəsinə göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

Bəxtiyar Əliyev

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi