Advertisment

“Savaş quzğunları" yumşalır?- Vaşinqton–Tehran xəttində yanvar gözləntisi

ABŞ-da keçirilən aralıq seçkilərində demokratların üstünlük qazanması Donald Tramp administrasiyasının xarici siyasətinə, xüsusilə də İranla bağlı mövqeyinə təsir göstərə bilər.

Trampın Tehranla münasibətlərdə yürütdüyü sərt xəttin bundan sonra Konqresdə daha ciddi siyasi müqavimətlə üzləşəcəyi gözlənilir. 

Demokratların qanunverici hakimiyyətdə güclənməsi ABŞ-ın İrana qarşı mümkün hərbi addımlarını çətinləşdirə və diplomatik danışıqlara marağı artıra bilər. Tramp İran kampaniyasını davam etdirə biləcəkmi?

Ümid Partiyası sədrinin birinci müavini, siyasi şərhçi Ənvər Ağazadə Herbiand.az-a açıqlamasında bildirib ki, ABŞ-da keçirilən aralıq seçkilər təkcə ölkənin daxili siyasi gündəmi baxımından deyil, beynəlxalq münasibətlərə mümkün təsirləri baxımından da dünyanın diqqət mərkəzindədir.

Onun sözlərinə görə, seçkilərin nəticələri xüsusilə ABŞ-ın xarici siyasətində və İranla münasibətlərində müəyyən dəyişikliklərə yol aça bilər: “Seçkidə demokratların qalib gələcəyi haqqında ehtimallar var idi.

Keçirilən rəy sorğuları da demokratların respublikaçılara üstün olacaqlarını və səs çoxluğunu əldə edəcəklərini, həm senatda, həm də konqresdə səs çoxluğu əldə edəcəkləri ehtimalları var idi və bu ehtimallar doğruldu. Trampın əslində prezident seçkilərində qalib gəlməsinə səbəb olan başlıca amil onun şüarları idi. 

Trampın ən başlıca şüarlarından biri bu idi ki, 24 saat ərzində Rusiya-Ukrayna müharibəsini dayandıracaq. Hətta o Baydeni dəfələrlə tənqid edirdi və “mən prezident olsaydım” ifadəsini təkrar-təkrar işlədirdi. “Mən prezident olsaydım, müharibə olmayacaqdı” tipli bəyanatlar Amerika ictimaiyyətində Trampa və Trampa səs qazandırdı. 

Amma Tramp prezident səlahiyyətlərinə başlayandan sonra tamamilə fərqli bir siyasət yürütdü. Dünyada sülh yaratmaq, Nobel sülh mükafatına qazanmaq kimi iddialarına baxmayaraq özü müharibənin iştirakçısı oldu və dünya iqtisadi sistemində bu müharibənin çox böyük təsirləri  oldu.

Bu, elə Amerika Birləşmiş Ştatlarının özündə də enerji qiymətlərinin, dizel yanacağının bahalaşmasına və bütün dünyada neft məhsullarının, enerji məhsullarının qiymətinin artmasına səbəb oldu”. 

Siyasi şərhçi deyib ki, mövcud siyasi və ictimai mənzərə respublikaçıların Senat və Nümayəndələr Palatasına keçirilən seçkilərdə ciddi çətinliklərlə üzləşəcəyini göstərirdi: “Trampın prezidentliyinin ilk üç ayında da ABŞ-ın bir sıra böyük şəhərlərində onun  siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilmişdi.

Bu etirazlar cəmiyyətdə Trampın siyasi kursuna qarşı narazılığın mövcud olduğunu göstərən amillərdən biri idi. Keçmiş prezidentlər Barak Obama xüsusilə Trampın siyasətini çox kəskin şəkildə tənqid edirdi, hətta seçkilər ərəfəsində də demokratların seçki təbliğat kampaniyasına qoşulmuşdu. 

Respublikaçıların seçkilərdə məğlubiyyətinin İranla müharibəyə necə təsir göstərəcəyi məsələsinə gəldikdə, burada vəziyyət bir qədər fərqlidir. Çünki ABŞ bu qarşıdurmaya İsraillə birlikdə daxil olub və bəzi qiymətləndirmələrə görə, qərarın verilməsində İsrailin mövqeyi və təkidi də mühüm rol oynayıb.

Müharibənin başlanmasının əsas səbəbi isə Vaşinqton və Təl-Əvivin öz milli təhlükəsizlik maraqlarını qorumaq istəyi ilə əlaqələndirilir. Buna görə də Konqresdəki siyasi qüvvələr nisbətinin dəyişməsi ABŞ-ın İran siyasətinə təsir göstərsə də, bu, avtomatik olaraq hərbi əməliyyatların dayandırılması demək deyil. 

ABŞ və İsrail İranın nüvə silahı əldə etməsi ehtimalını həm öz təhlükəsizlikləri, həm də region və beynəlxalq sabitlik üçün ciddi təhdid hesab edir. Məhz bu təhlükə ilə bağlı narahatlıqlar hərbi qarşıdurmanın əsas səbəblərindən biri kimi göstərilir.

Seçkilərdən sonra da İranın yenidən bombalanması və hərbi əməliyyatların növbəti mərhələsinə hazırlıqla bağlı məlumatlar yayılırdı. Buna görə də hesab edirəm ki, seçkilərin nəticələri ABŞ-ın İrana münasibətdə mövcud siyasətində ciddi dəyişiklik yaratmayacaq”. 

Yeni seçilmiş konqresmen və senatorların səlahiyyətləri  gələn ilin yanvarından başlayacaq deyən Ə.Ağazadənin fikrincə, Vaşinqtonun İran siyasətinə təsirini qiymətləndirmək üçün hələ tezdir: “Növbəti iki ay ərzində yeni seçilmiş Konqres və Senatın Tramp administrasiyasının qərarlarına təsir imkanları məhdud olacaq.

Çünki yeni qanunvericilərin səlahiyyət müddəti yalnız yanvar ayından başlayır. Bu səbəbdən Trampın həmin müddətdə İranla bağlı qarşıya qoyduğu məqsədləri həyata keçirməyə çalışacağını düşünürəm. 

Digər tərəfdən, ABŞ-ın İsraillə təhlükəsizlik sahəsində sıx əməkdaşlığını və İsrailin Vaşinqtondakı güclü siyasi təsir imkanlarını nəzərə alsaq, respublikaçıların seçkilərdə məğlub olması müharibənin avtomatik olaraq dayandırılması demək deyil. Bununla yanaşı, ABŞ və İran arasında diplomatik təmaslar da davam edir, tərəflər vasitəçilər üzərindən bir-birlərinə müxtəlif təkliflər göndərirlər. 

Hətta seçkilərdən əvvəl İran rəsmiləri Qətərin vasitəçiliyi ilə razılaşma əldə olunacağı təqdirdə Hörmüz boğazının qısa müddətdə açılmasının mümkünlüyünü bəyan etmişdilər. Buna görə də hesab edirəm ki, seçkilərin nəticələri Vaşinqtonun Tehranla bağlı siyasətində ciddi dəyişiklik yaratmayacaq.

Əgər tərəflər arasında razılıq əldə olunmasa, İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalı qalır. Bu halda ABŞ və İsrail həmin addımlarını İranın nüvə silahı əldə etməsinin qarşısını almaq zərurəti ilə əsaslandıracaqlar”.

Məhəmməd Əliyev
Herbiand.az