8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm sərgisi keçirilib.
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan sərgidə 50 nəfər rəssamın əsərləri təqdim edilib.
Aygün Əzizovanın layihə rəhbəri olduğu sərgidə Vətən müharibəsini, Müzəffər Ordumuzun qəhrəmanlığını, Şanlı Zəfərimizi və üçrəngli Dövlət Bayrağımızın əzəmətini əks etdirən müxtəlif üslub və mövzularda zəngin sənət nümunələri nümayiş olunub.
Sərgidə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov, YAP Yasamal Rayon Təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə, ART FLOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, AEİSM brendinin rəhbəri Aygün Kamilqızı, ELART Studionun rəhbəri Elnura İsmayılova, ABS School və English First kurslarının müəllimi Arzu Məmişova, Rəngarəng Əli Tədris Mərkəzinin müəllimi Vüsalə Mahmudova və ZH Studionun rəhbəri Zeynəb Məcidova tələbələri ilə birlikdə sərgidə təmsil olunublar. Onların rəhbərlik etdikləri tədris mərkəzləri və studiyaların yetirmələrinin rəsm əsərləri sərgi ekspozisiyasında yer alıb.
YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününün xalqımızın qürur və iftixar mənbəyi olduğunu qeyd edib. O bildirib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib və ərazi bütövlüyümüzü bərpa edib. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalan Azərbaycan xalqı bu gün öz üçrəngli bayrağını suverenliyimizin bərqərar olduğu bütün torpaqlarımızda qürurla dalğalandırır.
Bəxtiyar Nəbiyev “Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisinin gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, tarixi Qələbəmizin və milli-mənəvi dəyərlərimizin incəsənət vasitəsilə təbliğ olunması baxımından müstəsna əhəmiyyət taşıdığını diqqətə çatdırıb. Bəxtiyar Nəbiyev sərginin təşkilatçılarına və yaradıcı heyətə təşəkkür edərək, rəssamlara yeni-yeni uğurlar arzulayıb.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında təsviri sənətin milli-mənəvi dəyərlərin, Vətən sevgisinin və Zəfər ruhunun təbliğində mühüm vasitə olduğunu vurğulayıb. O, sərgidə təqdim olunan əsərlərin rəssamların Vətənə, torpağa və Dövlət Bayrağına olan bağlılığını əks etdirdiyini bildirib. Elnurə İsgəndərova bu cür layihələrin yaradıcı insanların fəaliyyətinin təşviqi və incəsənətin cəmiyyətdə daha geniş təbliği baxımından əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb.
“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov rəssamları Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişməsində, milli-mənəvi dəyərlərə və Azərbaycançılıq ideologiyasına bağlılığının möhkəmləndirilməsində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirib. Ayaz İsgəndərov rəhbərlik etdiyi “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin gənclərin maarifləndirilməsi, yaradıcılıq imkanlarının genişləndirilməsi və vətənpərvərlik ruhunun təbliği istiqamətində bir sıra layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, bu cür mədəni və yaradıcı təşəbbüslərin gənclərin ictimai fəallığının artırılmasına, onların istedad və bacarıqlarının üzə çıxarılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Çıxışlardan sonra sərgidə fəal iştirak edən rəssamlara diplomlar təqdim edilib.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.