Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgərlər İsmayıl Fəzayıl oğlu Yüzbaşyev, Təbriz Çapay oğlu Əsgərov, Aslan Maqsud oğlu Mirzəyev və Kəmaləddin İsrayıl oğlu Məmmədovun anım günləri münasibətilə məzarları önündə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin daim ehtiramla yad olunduğunu bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin qəhrəman oğullarımızın, o cümlədən Kəngərli şəhidlərinin döyüş meydanında göstərdikləri şücaət və igidlik sayəsində mümkün olduğunu vurğulayıb. Şəhidlərin keçdiyi şərəfli döyüş yolunun gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi olduğunu diqqətə çatdırıb.
İcra başçısı çıxışında Ümummilli Lider Heydər Əliyevin şəhidlər və onların ailələri ilə bağlı söylədiyi dəyərli fikirləri də xatırladıb. Bildirib ki, Ulu Öndərin əsasını qoyduğu şəhid ailələrinə və qazilərə dövlət qayğısı siyasəti bu gün də uğurla davam etdirilir və Kəngərli rayonunda daim diqqət mərkəzində saxlanılır.
44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəyliyin qələbənin əsas amillərindən biri olduğunu qeyd edən Kamal Ələkbərov Vətən uğrunda canlarından keçən qəhrəmanların valideynlərinə dərin ehtiramını ifadə edib, onlara belə mərd və vətənpərvər övladlar böyütdükləri üçün təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən şəhid ataları və anaları, qazilər, hərbçilər və digər iştirakçılar qəhrəmanlarımızın şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri fədakarlıqdan söz açıb, onların xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidlərin məzarları ziyarət olunub, önlərinə tər qərənfillər düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Bəxtiyar Əliyev
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi