Döyüşkən Hun ruhuna ithaf edirəm.
(hekayə)
Kazarmada sakitlik idi. Əsgərlər sabahkı döyüş tapşırığına hazırlaşırdılar. Kiminin fikri ailəsində, kiminin düşüncəsi qarşıdakı döyüşdə idi. Natiq isə çarpayısının kənarında oturub əlindəki kitabı oxuyurdu. Bu, macar yazıçısı Ferens Molnarın "Pal küçəsinin oğlanları" romanı idi.
Natiq kitabı çoxdan oxumaq istəyirdi. İndi isə sanki hər cümləsində öz həyatına aid nəsə tapırdı. Pal küçəsinin oğlanlarının kiçik bir torpaq sahəsini qorumaq uğrunda apardıqları mübarizə onu düşündürürdü. Xüsusilə də əsərin ən kiçik, ən zəif qəhrəmanı Nemecsek...
Balaca Nemecsek! Bədəncə zəif, amma ürəyində dağ boyda cəsarət gəzdirən uşaq! Dostlarının, özünün və hamısının mənəvi dünyasının simvoluna çevrilmiş kiçik torpaq sahəsini qorumaq üçün necə fədakarlıq göstərirdi! O, təhlükədən qorxmur, xəstəliyə baxmır, hətta həyatı bahasına olsa belə, dostlarına verdiyi sözdən dönmürdü.
Natiq kitabı dizlərinin üstünə qoyub bir müddət fikrə getdi:"Deməli, insanın böyüklüyü onun boyunda, gücündə deyilmiş. Əsas məsələ ürəyinin nə qədər böyük olmasıdır..." – deyə düşündü.
O, Nemecsekdə özünə yaxın bir ruh görürdü. Axı onların qoruduqları torpaq sahəsi də, bu balaca uşağın uğrunda mübarizə apardığı boş meydança da əslində bir məna daşıyırdı: özününkü olanı qorumaq, sədaqətli olmaq, verilən sözə əməl etmək!
Elə bu vaxt kazarmada həyəcan siqnalı səsləndi.
– Hamı sıraya! Döyüşə hazırlaşın!
Bir neçə dəqiqə ərzində kazarmada hərəkətlilik başladı. Əsgərlər silahlarını götürüb sıraya düzüldülər. Komandir onların qarşısında dayanıb qətiyyətlə danışdı. Sonra baxışlarını Natiqə dikdi:
– Natiq! Səni postun böyüyü təyin edirəm. Bu bayrağı götürürsən. Postu qoruyacaqsan. Mövqeni heç bir halda tərk etmək olmaz. Başa düşdün?
– Baş üstə, komandir!
Komandir üçrəngli bayrağı ona uzatdı. Natiq bayrağı ehtiramla qəbul etdi. Bir anlıq gözləri bayrağın rənglərində dayandı. Sonra onu möhkəm qucaqlayıb sinəsinə sıxdı.
Kazarmadan çıxarkən çarpayısının üstündə açıq qalmış kitab yadına düşdü. Nemecsek! Balaca, zəif, amma məğlubedilməz iradəli Nemecsek! Natiq sanki onunla vidalaşırmış kimi öz-özünə bir cümləni dəfələrlə təkrarladı:
"Mən də öz bayrağımı tək qoymayacağam!"
1992-ci il. Birinci Qarabağ müharibəsi.
Döyüşlər şiddətlənmişdi. Natiq Qasımov və silahdaşları ağır döyüşə atılmışdılar. Düşmən üstün qüvvə ilə hücum edirdi. Bir-birinin ardınca döyüş yoldaşları şəhid oldu. Natiq tək qaldı. Amma postunu tərk etmədi.
Günlər keçirdi. Beş gün idi ki, o, düşmənə təkbaşına müqavimət göstərirdi. Susuzluq, aclıq, yorğunluq, ölüm təhlükəsi... Heç biri onu öz mövqeyindən çəkindirə bilmirdi.
Düşmən onu təslim olmağa çağırırdı. Natiq isə bayrağı və postu qorumaqda qərarlı idi. Nəhayət, onu əsir götürmək mümkün oldu. Həmin tarixi anın şahidləri arasında xarici jurnalistlər də vardı.
Onun dillər əzbəri olan sözləri isə bir əsgərin mənəvi portretini tarixə həkk etdi:
– Komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm!
Bu, sadəcə bir cavab deyildi. Bu, əsgər andının, Vətən sevgisinin, mərdliyin və sədaqətin ifadəsi idi.
Natiq Qasımov əsirlikdə itkin düşdü. Onun sonrakı taleyi uzun illər naməlum qaldı. Lakin bir həqiqət heç vaxt itmədi: o, əsgər sözünə sadiq qalmışdı!
İllər keçdi...
Azərbaycan xalqı yenidən ayağa qalxdı. Yeni nəsil əsgərlər Vətənin müdafiəsinə qalxdılar. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində tarixi Zəfər qazandı. Qarabağ torpaqları azad edildi. Şanlı üçrəngli bayrağımız illərlə həsrətində olduğumuz şəhər və kəndlərimizdə dalğalandı.
Bəlkə də həmin gənc əsgərlərin çoxu Natiq Qasımovun taleyini eşitmişdi. Onun kimi komandirə verdiyi sözə sadiq qalmaq, bayrağı qorumaq, son nəfəsədək Vətənin keşiyində dayanmaq istəyənlər az deyildi.
Natiqin qəhrəmanlığı bir nəslin yaddaşından digərinə keçən mənəvi əmanətə çevrilmişdi. O, təkcə bir postun müdafiəçisi deyildi. O, Vətənə sədaqətin canlı nümunəsi, əsgər şərəfinin rəmzi idi.
Zaman keçdi. Azərbaycan dövləti onun xidmətlərini yüksək qiymətləndirdi. Natiq Qasımova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.
Bir vaxtlar kazarmada "Pal küçəsinin oğlanları" romanını oxuyan gənc əsgər Nemecsekdən öyrəndiyi sədaqət dərsini öz həyatının mənasına çevirmişdi.
Biri uşaq idi, digəri əsgər. Biri balaca meydançanı, digəri Vətənin bir parçasını qoruyurdu. Amma hər ikisini birləşdirən müqəddəs bir amal vardı: Verdiyin sözdən dönmə!
Nemecsek öz kiçik dünyasında, Natiq isə böyük Vətən tarixində əbədi qəhrəmana çevrildi.
İndi üçrəngli bayrağımız azad Qarabağımızın səmasında dalğalanır. Hər dəfə bayrağımız yüksəldikcə, sanki haradansa bir əsgərin səsi eşidilir:
– Komandirə söz vermişəm! Bayrağı qoyub gedə bilmərəm!
Bu səs Natiqin səsidir. Bu, Vətənə sədaqət andı içmiş Azərbaycan əsgərinin səsidir.
Əsgər sözü müqəddəsdir! Bayraq əmanətdir!Vətən isə hər şeydən ucadır!
Natiq Qasımovun adı xalqımızın yaddaşında daim yaşayacaq.
Ruhun şad olsun, Milli Qəhrəman!
Sənin qoruduğun bayraq bu gün azad Vətənimizin səmasında dalğalanır!
Qəhrəmanlar ölmür, çünki onların sözü, əməli və əmanəti yaşayır!
11.11.2026. Xocalı - Bakı.
Zaur Ustac,
AVMVİB, AJB və AYB üzvü,
"Yazarlar" jurnalının baş redaktoru