Herbiand.az xəbər verir ki, tədbir KİAMP – “Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə üzrə Baş Koordinatorluğu və “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyinin təşəbbüsü ilə təşkil olunub.
İbn Haldun Universitetinin ev sahibliyi etdiyi konfrans KİAMP – “Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə üzrə Baş Koordinatorluğu, İbn Haldun Universiteti, “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyi, Heydər Əliyev Avrasiya Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi, eləcə də AGİH STP – Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi Vətəndaş Cəmiyyəti Platformasının birgə dəstəyi ilə baş tutub.
Geniş tərkibli iştirakçı auditoriyası ilə diqqət çəkən konfransın açılış mərasimində KİAMP – “Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə üzrə baş koordinatoru, doktor Elvin Abdurahmanlı, sədr müavini doktor Caner Karakuş və Heydər Əliyev Avrasiya Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin rəhbəri, professor Yaşar Sarı çıxış ediblər.
Protokol çıxışlarında Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq münasibətlərinə, eləcə də Qarabağ Zəfərinin regional və beynəlxalq miqyasda geosiyasi əhəmiyyətinə toxunulub.
Çıxış edənlər arasında AK Partiyanın millət vəkili Şamil Ayrım, istefada olan general-mayor Mustafa Özay, İbn Haldun Universitetinin rektoru, professor Atilla Arkan və universitetin Himayəçilər Şurasının sədri, professor İrfan Gündüz yer alıblar.
Açılış və protokol çıxışlarından sonra “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyinin sədri doktor Elvin Abdurahmanlının moderatorluğu ilə panel müzakirələri keçirilib.
Paneldə məruzəçi qismində iştirak edən doktor Eray Güçlüer və doktor Elnara Madatova Qarabağ Zəfərinin hərbi, strateji, hüquqi və diplomatik nəticələri barədə ətraflı fikirlərini bölüşüblər.
Konfransda AK Partiyanın İstanbul İl Təşkilatının nümayəndələri, istefada olan vali Murat Yıldırım, İstanbulda fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri və təmsilçiləri, çoxsaylı alimlər, eləcə də universitet tələbələri iştirak ediblər.
Beynəlxalq konfrans xatirə fotosunun çəkilməsi və iştirakçılara plaketlərin təqdim olunması ilə yekunlaşıb.