Hər bir ulusun mənəvi dünyası yalnız bu gün etiqad etdiyi dinlə, yaxud çağdaş həyat tərzi ilə sınırlanmır. Ulusun ruhani varlığı minilliklərin içindən süzülüb gələn inancların, dünyagörüşlərinin, gələnək-görənəklərin, törənlərin və mədəni təcrübələrin çoxqatlı vəhdətidir.
Bu anlamda ulusumuzun mənəvi dünyasında İslam dəyərləri ilə yanaşı, soykökümüzün – qədim türk dünyagörüşünün, Tanrıçılıq və şaman inanclarının müəyyən izlərinin yaşaması tamamilə təbii, kulturoloji baxımdan isə olduqca maraqlı hadisədir.
Mən ötən il şair Məmməd İsmayılın dəfn mərasimində tabutu başında saz səslənməsi ilə bağlı jurnalist sualını cavablandırarkən də bu məsələyə toxunmuşdum. Ondan öncə rəhmətlik Vurğun Əyyubun son mənzilə yola salınması zamanı da saz çalınmışdı.
Belə məqamlarda adətən “Ruhani”, bəzən də “Dilqəmi” və bənzəri havalara müraciət olunur. Bu, ailənin, doğmaların istəyi, yaxud dünyasını dəyişmiş insanın sağlığında ifadə etdiyi arzu ilə bağlı ola bilir.
Ancaq məsələnin daha dərin mənəvi-mədəni qatları da vardır. Saz bizim sözün, ruhun, yaddaşın, mənəvi varisliyin daşıyıcısıdır. Türk dünyasında ozan-qam gələnəyi, sözün, avazın qutsallığı, insanın təbiətlə, kainatla, görünən və görünməyən aləmlə mənəvi bağlantısı özəl yer tuturdu.
Çağdaş aşıq sənətini birbaşa qədim şaman törənlərinin davamı saymaq elmi baxımdan doğru olmazdı; lakin bu gələnəklər arasında tarixi-mədəni bağlılıqları görməmək də mümkün deyil.
Bir insan son mənzilə saz səsiylə yola salınırsa, mən bunu mütləq hansısa dini ayinin alternativi kimi görmürəm; bunu el-obanın öz doğmasına mənəvi sayğısının poetik ifadəsi kimi dəyərləndirmək düzgün olardı. Saz burada sanki sözün bitdiyi yerdə danışır… insan susur, simlər dillənir. Bəzən bir saz havası uzun-uzadı nitqlərin ifadə edə bilmədiyi duyğuları çatdırır.
Bəli, bizim ulusun böyük çoxluğu İslam dininə mənsubdur. İslam yüzillər boyunca mənəviyyatımızın, əxlaqımızın, ədəbiyyatımızın və mədəniyyətimizin bir qoluna çevrilib, soykök gələnəkləri ilə qaynayıb-qarışıb. Bununla yanaşı, dədələrimizin İslamdan öncəki mədəni yaddaşı da tamamilə silinməyib.
Ağaca parça bağlamaq, dilək tutmaq, oda və suya xüsusi münasibət, Yenigün (Novruz) bayramının bir sıra törənləri, təbiətin oyanışını mənəvi yenilənmə ilə əlaqələndirmək kimi davranışlarda qədim inancların izləri müşahidə olunur. Əlbəttə, bunların hamısını eyni qaynağa bağlamaq olmaz; müxtəlif dönəmlərin və mədəniyyətlərin təsirləri də nəzərə alınmalıdır.
Burada incə bir məqam var. – Dini etiqadla etnomədəni yaddaşı eyniləşdirmək də, qarşı-qarşıya qoymaq da doğru deyil. İnsan öz dini inancına sədaqət göstərməklə yanaşı, dədələrindən gələn mədəni irsi də tanıya, öyrənə və qoruya bilər. Bu, nə inancın öləziməsi, nə də keçmişin olduğu kimi bərpası deməkdir; bu, öz tarixi varlığını bütöv şəkildə dərk etməkdir.
Azərbaycan Radiosunun 100 illiyini qutladığımız günlərdə ötən yüzilliyin 90-cı illərinin efir təcrübələrini də anmaq qüsur sayılmaz. Həmin illərdə milli özünüdərk sürəcinin güclənməsi ilə qədim türk inanclarına, şaman alxışlarına, unudulmuş mənəvi-mədəni mətnlərə maraq yenidən artmışdı.
Rəhmətlik Mövlud Süleymanlının adı ilə əlaqələndirilən belə mətnlər, eləcə də Asif Ata Ocağının nümayəndələrinin efirdə səsləndirdiyi düşüncələr o dönəmin mənəvi axtarışlarının müəyyən ifadələriydi. Bunlara mütləq dini çağırışdan ötə – milli kimliyin tarixi-fəlsəfi əsaslarını anlamaq cəhdi kimi də baxmaq mümkündür.
O baxımdan radio yalnız informasiya vasitəsi olmayıb, həm də ulusun səs yaddaşının qorunduğu mənəvi məkan kimi çıxış edib. Ulusun yaddaşı yazılı mətnlərdən savayı, laylada, ağıda, alxışda, dastada, sazda yaşayır…
Məncə, bizim üçün əsas məsələ hansısa qədim inancı çağdaş dini yaşamın yerinə qoymaq olmamalıdır. Əsas məsələ mədəniyyətimizin müxtəlif tarixi qatlarını elmi düşüncə, mənəvi həssaslıq və qarşılıqlı sayğıyla öyrənməkdir.
Nə qədim türk irsini unutmaq, nə də İslamın ulusun mənəvi yaşamındakı yerini görməzdən gəlmək olar… Zatən dövlət bayrağımızdakı boyalar qurultayı da bir yolgöstəricidir…
Mədəniyyətin dərinliyi onun yaddaşının dərinliyidir. Bizim mənəvi dünyamızda Dədə Qorqudun hikməti də var, Yunus Əmrənin könül dili də, Nəsiminin irfanı da, Füzulinin eşqi də, aşığın sazı da, ananın alxışı da…
Bütün bunlar bir-birini inkar etmədən ulusun mənəvi varlığında öz yerini tapa bilir.
Mənim üçün sazın son vida törənində səslənməsi də bax, bu bütövlüyün təsirli ifadələrindən biridir. Orada insanın faniliyi ilə sənətin bəngülüyü üz-üzə gəlir. Cismani ömür başa çatır, ancaq söz, saz, anılar və mənəvi iz yaşayır.
Ulus öz keçmişini yalnız anmır, onu öz ruhunda yaşadır. – Bəlkə də ulusun ən böyük müdrikliyi elə bundadır…
Nə qədər ki, sazımızın simlərində o qədim yaddaşın nəfəsi qanadlanır, deməli, minilliklərin mənəvi körpüsü qırılmayıb...
BAYRAĞIMIZ BƏNGÜ UCALIQLARDA DALĞALANSIN!

Əkbər Qoşalı