Azərbaycan xalqı 1400 il əvvəl İslamı qəbul etsə də, dilimizdə, adət-ənənələrimizdə və dünyagörüşümüzdə qədim inancların, xüsusın tenqrçiliyin izləri bu gün də yaşamaqdadır.
Bu gün yad ideoloji təsirlərə qarşı mübarizəni gücləndirmək üçün Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, inanclarını və adət-ənənələrini, milli kimliyi qorumaq və yaşatmaq xüsusi əhəmiyyət daşıyır.
Şair Tural Turan Herbiand.az-a açıqlamasında deyib ki, Azərbaycan xalqı bütün inanclara sayğılı olsa da, bizdə fanatizm kök ata bilməz:

“Azərbaycanda fundamental dini ideyalogiyalar tam olaraq oturuşa bilməyib. Bunun səbəbi Tenqriçiliyin bu ulusun yaddaşında, genetik kodlarında ölümsüz olmasıdır. Bu gün şiə və sünni məzhəblərində müəyyən andlar var ki, tenqriçiliklə iç-içədir.
Örnək göstərsək, inancımızda "o göy imam haqqı" ifadəsi var. Aydındır ki, "göy imam" olmur. "Göy Tanrı" birləşməsinin "imamlaşmış" şəklidir. "Səni o göydəki kişiyə tapşırıram" ifadəsindəki, "göydəki kişi" ifadəsi şamanizmdən, qamlıqdan gəlmədir. İslamda bildirilir ki, "Yaradan hər yerdədir".
Bu da onu deməyə əsas verir ki, təktanrılıq anlayışı İslamdan öncə türklərdə var idi və tək inanış şəkli sayılırdı. Yəni, türklər təktanrılıqla islamdan bir neçə min il öncə tanış idilər. Bu da onu deməyə əsas verir ki, İslam dini kimi Göy Tanrı, şaman dini də səmavidir. Ruhlar aləminin, iç dünyasının tapınma və arınma yöntəmidir”.
Tural Turan hesab edir ki, tenqriçiliklə bağlı qədim ayin və ritualların bərpası, qorunması və təbliği istiqamətində sistemli addımlar atılmalıdır.
“Bu məqsədlə müvafiq qanunvericilik təşəbbüsləri irəli sürülməli, tenqriçilik irsi xalqımızın qədim mənəvi-mədəni mirası kimi rəsmi qeydiyyata alınaraq dövlət himayəsinə götürülməlidir. Mövzunun elmi əsaslarla araşdırılması üçün tədqiqat kitabları hazırlanmalı, tarixçilərin, etnoqrafların və digər mütəxəssislərin iştirakı ilə araşdırmalar genişləndirilməlidir.
Eyni zamanda, tenqriçilik irsini əhatə edən ayrıca dərs vəsaitlərinin hazırlanması və təhsil müəssisələrində tədrisi məsələsinə baxılmalıdır. Bu istiqamətdə yazılan şeirlər, ədəbi nümunələr və xalq yaradıcılığı örnəkləri də dərsliklərdə öz əksini tapmalıdır.
Beləliklə, gənc nəsil xalqımızın qədim inancları, dünyagörüşü və mənəvi kökləri haqqında daha geniş məlumat əldə edə bilər. Bir sözlə, bu irsin qorunması və gələcək nəsillərə çatdırılması elmi, mədəni, hüquqi və maarifləndirici tədbirləri əhatə edən kompleks dövlət siyasəti çərçivəsində həyata keçirilməlidir”-deyə, o, bildirib.
Aydın