Advertisment

İqlim böhranı qlobal həmrəyliyi və birgə fəaliyyəti zəruri edir – COP31-də iştirak edən QHT sədri

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Türkiyənin Antalya şəhərində keçirilən 31-ci sessiyası (COP31) davam edir. 

COP31-də iştirak edən “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova herbiand.az-a açıqlamasında bildirib ki, müasir dövrdə iqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil, qlobal iqtisadiyyatın, sosial rifahın, enerji təhlükəsizliyinin və dövlətlərin dayanıqlı inkişaf strategiyalarının gələcəyini müəyyən edən əsas çağırışlardan birinə çevrilib.

“COP31-in əhəmiyyəti iqlim problemlərinin müzakirəsi ilə məhdudlaşmır. Əsas məsələ beynəlxalq səviyyədə qəbul edilən qərarların konkret fəaliyyət mexanizmlərinə çevrilməsi, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin icrasının sürətləndirilməsi və real nəticələrin əldə olunmasıdır.

Bu gün dünya iqlim böhranının getdikcə dərinləşən fəsadları ilə üz-üzədir. Qlobal istiləşmə, su ehtiyatlarının azalması, səhralaşma, meşə yanğınları, daşqınlar və biomüxtəlifliyin itirilməsi ayrı-ayrı ölkələrin deyil, bütün bəşəriyyətin ortaq problemidir. 

Belə bir şəraitdə COP31 kimi beynəlxalq platformaların rolu daha da artır. Çünki iqlim təhlükəsizliyinin təmin olunması dövlətlərin koordinasiyalı fəaliyyətini, elmi potensialın səfərbər edilməsini, maliyyə resurslarının düzgün istiqamətləndirilməsini və innovativ texnologiyaların tətbiqini tələb edir”- deyə İ.Həsənova vurğulayıb.

QHT sədrinin fikrincə, konfransın prioritet istiqamətləri sırasında istixana qazı emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin yüksəldilməsi, su və ərzaq təhlükəsizliyinin qorunması, tullantıların idarə olunması, meşələrin bərpası və biomüxtəlifliyin mühafizəsi xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, Paris Sazişinin əsas hədəflərindən biri olan qlobal temperatur artımının sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5°C səviyyəsində məhdudlaşdırılması istiqamətində beynəlxalq səylərin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir.

Bunun üçün ölkələrin emissiyaların azaldılması üzrə milli öhdəliklərini daha effektiv icra etməsi, karbon neytrallığına keçidi sürətləndirməsi və yaşıl iqtisadiyyatın inkişafına investisiyaları artırması vacibdir.

İ.Həsənova hesab edir ki, iqlim maliyyəsinin əlçatanlığı da COP31-in diqqət mərkəzində olmalı məsələlərdəndir. Xüsusilə iqlim dəyişmələrinin təsirlərinə daha həssas olan inkişaf etməkdə olan ölkələrin maliyyə və texniki dəstəklə təmin edilməsi onların ekoloji dayanıqlılığının artırılması baxımından mühüm şərtdir.

“İqlim dəyişmələrinə qarşı mübarizədə ölkələrin imkanları eyni deyil. Bir çox inkişaf etməkdə olan dövlətlər ekoloji risklərlə daha çox üzləşsələr də, bu problemlərin aradan qaldırılması üçün kifayət qədər maliyyə və texnoloji resurslara malik deyillər.

Buna görə də beynəlxalq iqlim maliyyəsinin artırılması, yaşıl texnologiyaların transferi və dayanıqlı infrastruktur layihələrinin dəstəklənməsi qlobal iqlim siyasətinin əsas istiqamətlərindən biri olmalıdır.

Eyni zamanda, günəş və külək enerjisinin potensialından daha geniş istifadə, enerji istehsalında ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, şəhərlərdə tullantıların azaldılması və təbii resursların səmərəli idarə olunması iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılmasına əhəmiyyətli töhfə verə bilər”, – deyə o bildirib.

QHT sədri bildirib ki, COP31 yüksək səviyyədə təşkil edilib: “COP31 beynəlxalq təşkilati səviyyəsi, yaradılmış əlverişli iş şəraiti və müzakirələrin yüksək peşəkarlıqla təşkili baxımından xüsusi diqqətə layiqdir.

Tədbir çərçivəsində iştirakçılar arasında səmərəli fikir mübadiləsinin aparılması, aktual ekoloji məsələlərin geniş müstəvidə müzakirəsi və müxtəlif ölkələrin təcrübələrinin bölüşdürülməsi üçün hərtərəfli imkanlar yaradılıb. Konfransın yüksək səviyyədə təşkili konstruktiv dialoqun formalaşmasına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə müsbət təsir göstərir”.

Aydın
Herbiand.az.