Advertisment

55-ci xəzanlı payızı-Şəhid İlyas Bəybala oğlu Binyatovun əziz xatirəsinə-FOTOLAR

Bəli, zaman dayanmır... Günlər, həftələr, aylar, illər öz paslanmaz, qırılmaz çarxı ilə fırlanmaqda davam edir. Sanki zaman insan ömrü ilə yarışa giribmiş kimi şütüyür. Əlbəttə, bu yarışda ömür məğlub olacaq, zaman isə öz qələbə təbilini çalacaq.

Adi insanlar üçün zamanın hökmü, bəlkə də, belədir. Amma şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız zamanı amansızcasına məğlub edərək əbədi ömür yoluna qədəm qoyurlar. O yol ki, hər insana nəsib olmur... Necə ki, bu əbədiyaşarlıq şəhidimiz İlyas Bəybala oğlu Binyatova qismət olub...

XX əsrin sonlarında ölkəmizdə bir çaxnaşma, bir ədalətsizlik, bir özbaşınalıq, bir hərc-mərclik hökm sürürdü. İqtisadi tənəzzül, idarəetmədə pərakəndəlik, cəmiyyətdə hökm sürən qeyri-sabitlik insanların həyatını daha da çətinləşdirirdi. Ölkə olduqca ağır və mürəkkəb bir dövr yaşayırdı.

Bəli, həqiqətən də çətin illər idi. Elə illər ki, hər açılan səhər yeni bir narahatlıq, hər ötən gün yeni bir sınaq gətirirdi. Vətən taleyinin ağır bir dönəmindən keçirdi. Belə bir zamanda Vətənə sədaqət, torpağa bağlılıq və fədakarlıq hər kəsin bacara biləcəyi bir sınaq deyildi...

1992-ci ilin noyabrında həm müharibənin soyuğu, həm də havanın şaxtası insanların toparlanmasına, güc toplamasına heç də əlverişli şərait yaratmırdı. Amma bütün çətinliklərə baxmayaraq, mülki həyat öz axarı ilə davam edirdi. Kiminsə evində körpə bir fidanın ağlama səsi ətrafa yayılır, kimisi sabahkı dərslərinə hazırlaşır, kimisi işə getmək üçün tələsir, kimisi isti ocaq başında çayının dəmlənməsini gözləyirdi. Kimisi isə əllərini göyə açaraq cəbhədəki qəhrəmanlarımız üçün Allaha dualar edirdi...

Hər evdə bir qayğı, hər ürəkdə bir nigarançılıq vardı. Bir tərəfdə həyat öz adi ritmi ilə davam edir, digər tərəfdə isə Vətənin taleyi uğrunda səngərlərdə ölüm-dirim mübarizəsi gedirdi. İnsanlar isti evlərində sabahın açılmasını gözlədikləri halda, cəbhədəki igidlərimiz Vətənin sabahı naminə öz canlarını sipər edirdilər...

Sizə qısa olaraq qəhrəmanımızdan bəhs edim... İlyas Bəybala oğlu Binyatov 12 fevral 1971-ci ildə dünyaya göz açıb. Qismətə baxın ki, o, anası Şəmayıl Həsən qızı Binyatova ilə eyni gündə, eyni ayda doğulmuşdu. Həyatın bəzən sevincini kədərlə, şirinini acı ilə necə qəribə şəkildə bir-birinə qarışdırdığını anlamaq çox çətindir.

İlyasın 21 yaşına qədər hər ad günündə anası onu öz əlləri ilə qucaqlayıb, öpüb, qoxlayıb, başına sığal çəkərək böyütmüşdü. Hər il fevralın 12-si ana ilə oğulun birgə sevincinə çevrilmişdi. Lakin sonrakı illərdə tale bu ana-oğul sevincinə başqa bir məna yazdı. Allah İlyası Vətən uğrunda haqq savaşının ən uca zirvəsinə – şəhidlik zirvəsinə yüksəltdi.

Bu, bir ana üçün həm böyük fərəh, qürur və şərəf, həm də ömrü boyu çiyinlərində daşımalı olduğu ağır, əvəzsiz bir yükdür. Övladını Vətənə qurban vermək, onunla fəxr etmək, eyni zamanda hər gün yoxluğunu yaşamaq... Bunu yalnız şəhid anasının ürəyi anlaya bilər.

Şəhidimizin anası Şəmayıl anamız isə Azərbaycan qadınının mərdliyini, dözümünü və vüqarını özündə yaşadan əsl Azərbaycan xanımı idi. Kişi qeyrətli, mərd, uca dağların qarı kimi ağappaq saçları ilə göz oxşayan, vüqarı ilə seçilən bir ana...O, bir tərəfdən övladının yoxluğunun ağrısını qəlbində daşıyır, digər tərəfdən isə Vətənə belə bir qəhrəman bəxş etməyin qürurunu yaşayırdı.

İlyas 1978–1989-cu illərdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 2 və 3 saylı orta məktəblərdə təhsil almışdı. 1989-cu ildə Abşeron Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı.
Hərbi xidmətini Rusiya Federasiyasının Kuybışev şəhərində keçən İlyas burada yüksək məsuliyyəti, nümunəvi davranışı və qüsursuz xidməti ilə seçilmişdi.

1991-ci ilin iyun ayında hərbi xidmətdən tərxis olunaraq doğulub boya-başa çatdığı Vətəninə, el-obasına qayıtmışdı. Əlbəttə ki, bu qayıdış valideynləri, qardaş və bacıları, xüsusilə də anası Şəmayıl xanım üçün əsl toy-bayrama çevrilmişdi. Həmin gün ailənin yaddaşında sevinc və xoşbəxtliklə dolu unudulmaz bir gün kimi qalmışdı.

Lakin taleyin İlyas üçün yazdığı ömür yolu hələ qarşıda başqa sınaqlar saxlayırdı. Vətənimizin taleyinin həll olunduğu ağır günlərdə onun da həyat yolu qəhrəmanlıqla əbədiyyətə qovuşacaqdı.

Doğma əmim İlyas Binyatov döyüşlərə qatılmaq üçün dəfələrlə könüllü olaraq hərbi komisarlığa müraciət etmişdi. Nəhayət, 1992-ci ilin sentyabr ayının 20-də atası Bəybala kişi onu müqəddəs kitabımız olan Qurani-Kərimin altından keçirərək, Allahın himayəsinə tapşırır və ona son bir dəfə ata-ana xeyir-duası verir. Ardınca "N" saylı hərbi hissəyə yola salınır.

1992-ci ilin sentyabr, oktyabr və noyabr aylarında Ağdərənin Dovşanlı, Heyvalı və Yayıcı kəndlərində qaniçən düşmənə qarşı vuruşmuş, Çıldıran kəndinin alınmasında isə igidliyi və mərdliyi ilə seçilmişdi.
İlyas üçün 21-ci payız... Sonuncu payız, sonuncu döyüş, amma heç vaxt bitməyəcək bir ömür yolu...

Aylardan noyabr, amma bu, İlyas üçün sonuncu ay, sonuncu fəsl idi. Topladığım məlumata görə, 18 noyabr İlyasın xəstə olduğunu komandir heyəti hiss edir. Ona bildirirlər ki, sən Sırxavənd kəndi uğrunda gedən döyüşə qatılma, arxa cəbhədə bizə yardım edərsən. Lakin vətənpərvərlik eşqi ilə yaşayan İlyas bu təkliflə razılaşmır. Bəlkə də komandir heyətinin verdiyi ilk və son əmri yerinə yetirmədiyi tapşırıq bu idi. 

Sanki Ana Vətən, İlyası öz qoynuna, qucağına, əbədi cənnət qoxan beşiyinə çağırırmış. Son gün — 19 noyabr... İlyas Sırxavənd döyüşündə düşmənə qəhrəmancasına və cəsarətlə müqavimət göstərərək qorxmadan irəli şığıyır, amma qaniçən, vəhşi düşmən onu ürəyindən nişan alır. Və doğma əmim Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn ilk şəhidimiz olur.

1992-ci il noyabrın 20-də şanlı Azərbaycan bayrağına bükülərək qəhrəmancasına Vətən torpağına tapşırılan İlyasımız artıq bu dünyada cismani olaraq yox idi. Amma onun adı, xatirəsi, Vətən sevgisi və qəhrəmanlığı ailəmizin, nəslimizin və xalqımızın yaddaşında hər zaman əbədi olaraq yaşacaqdır.

Noyabr bizim ailəyə Zəfər sevincini yaşadan aydır. Noyabr bizə müstəqilliyimizi, milli həmrəyliyimizi, dövlətçiliyimizi və daim başımız üzərində dalğalanacaq şanlı Azərbaycan bayrağımızın qürurunu xatırladan aydır.
Xüsusilə noyabrın bizim ailə üçün daha bir özəl, daha bir müqəddəs mənası var. Bu ay həm də 2020-ci il noyabrın 8-də qazandığımız möhtəşəm Zəfərin təməlində canından keçmiş qəhrəmanlarımızdan birinin – şəhidimiz İlyas Bəybala oğlu Binyatovun əbədi xatirəsini yaşadan aydır.

Bəli, 2020-ci il noyabrın 8-də xalqımıza Zəfər sevincini yaşadan yola gedənlərdən biri də 1992-ci il noyabrın 20-də şanlı Azərbaycan bayrağına bükülərək qəhrəmancasına Vətən torpağına tapşırılan İlyasımız idi.
Buna görə də noyabr bizim ailə üçün həm qürur, həm Zəfər, həm də Vətən uğrunda insanın ən ali haqqı olan yaşamaq hüququndan keçən İlyasımızın qəhrəmanlıq ayıdır.

Bu ayda bir tərəfdən Zəfərimizin sevincini yaşayır, digər tərəfdən isə İlyasımızın yoxluğundan doğan dərin nisgillə sarsılırıq. Amma Vətənimizin – Azərbaycanın müstəqilliyi, bütövlüyü və əbədi varlığı şəhid ailələrinin qəlbinə sanki bir ovuc sərinlik, bir qurtum təskinlik bəxş edir.

Axı Vətən bizim anamızdır! Axı biz müqəddəs Himnimizdə nə qədər böyük bir əhd vermişik:
«Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!»

Bəli, bu sözlər sadəcə himnimizin misraları deyil, həm də İlyasımızın və onun kimi minlərlə Vətən övladının həyat amalına çevrilmiş müqəddəs anddır. Onlar bu andı sözlə deyil, öz canları, qanları və əbədiyaşar qəhrəmanlıqları ilə təsdiq etdilər.
Bizim üçün Vətənin azadlığı, bayrağımızın daim yüksəklərdə dalğalanması, dövlətimizin müstəqilliyi İlyasımızın bizə miras qoyduğu ən böyük təsəllidir.

Şəhid əmimi həyatda heç vaxt görməməyimə baxmayaraq, o, mənim üçün heç də yad bir insan deyil. Əksinə, onu sanki illərdir tanıyıram. Böyüklərimizin, atamın, anamın, əmi və bibilərimin, eləcə də onun döyüş yoldaşlarının söhbətlərindən İlyas əmimin obrazı xəyalımda elə canlanıb ki, onu görməsəm də, sanki necə insan olduğunu yaxından tanıyıram.

Danışılan hər xatirə, söylənilən hər hadisə mənim təsəvvürümdə onun bir başqa xüsusiyyətini üzə çıxarır. Onun necə vətənpərvər, necə mərd, qorxmaz, sözübütöv, yüksək insani keyfiyyətlərə malik bir insan olduğunu bu xatirələrdən öyrənmişəm.

Bəzən düşünürəm ki, insanı tanımaq üçün mütləq onunla eyni zamanı, eyni məkanı bölüşmək lazım deyilmiş. Elə insanlar var ki, onları görmədən də sevir, tanımadan da qürur duyursan. İlyas əmim mənim üçün məhz belə bir insandır.

Mən onu heç vaxt görmədim, amma xatirələrində böyüdüm. Səsini eşitmədim, amma haqqında danışılanlar sanki qulağımda səsləndi. Onunla bircə dəfə də olsun söhbət edə bilmədim, amma bütün ömrüm boyu onunla fəxr edəcəyim eyni adı, eyni soyadı, eyni nəslin daşıyıcısı olmaq qürurunu yaşadım.

Qismətimiz sanki elə yazılıbmış ki, İlyas əmimin haqq savaşında yarımçıq qalan əhdi, andı, Vətənə sədaqəti bir gün mənim – İlyaz Habil oğlu Binyatovun iştirakı ilə tarixi Zəfərlə tamamlanmalı imiş.
2020-ci il sentyabrın 29-da, 44 günlük Vətən müharibəsi zamanı mən də döyüşlərə qatıldım. 

Cəbrayıl və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə minaatan batareyasında 6-cı manqanın top komandiri vəzifəsini layiqincə yerinə yetirərək Zəfərə gedən yolun iştirakçılarından biri oldum. Beləliklə, əmimin yarımçıq qalmış qəhrəmanlıq tarixinin Zəfərlə davam edən səhifəsinin daşıyıcısına çevrildim.
Allahın qisməti, taleyi yazan necə də gözəl yazıb axı...

Şəhidlik uca zirvədir, şahidlik isə ondan bir mərtəbə aşağı. Birimiz ən uca zirvənin sahibi olduq, digərimiz isə ondan bir pillə aşağıda qərarlaşdıq. Amma hər iki məqamın təməlində Vətən sevgisi, sədaqət və fədakarlıq dayanır. Hər iki zirvə Vətən uğrunda qazanılan ən ali mənəvi məqamlardır.

Eyni nəsildə eyni adı və soyadı daşımaq, Vətənə və millətə layiqli davamçı olmaq, əmisinin uğrunda canından keçdiyi müqəddəs torpaqların azadlığına qovuşmasının sevincini yaşamaq hər insana nəsib olmur.
Mənim üçün 44 günlük Vətən müharibəsində iştirak etmək təkcə döyüşlərə qatılmaq deyildi. 

Bu, həm də İlyas əmimin xatirəsi qarşısında mənəvi borcum, onun Vətənə olan sevgisinə və sədaqətinə verilən bir cavab idi. Onun yarımçıq qalan arzularının Zəfər sevinci ilə tamamlandığını görmək həyatımın ən böyük qürurlarından biridir.

Əmim 1992-ci il noyabrın 20-də Vətən torpağına əmanət edildi, mən isə 2020-ci il noyabrın 8-də onun uğrunda canından keçdiyi torpaqların azadlığa qovuşmasının Zəfər sevincində öz payı olan bir şahidə çevrildim.
Zəfərə qədərki dövrdə Şəhidlər Xiyabanını ziyarət edərkən hər zaman içimdə bir boşluq, bir nisgil, bir yanğı hiss edirdim. Axı şəhidlərimizin qisasını hələ ala bilməmişdik...

Çox şükürlər olsun ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bizə bu müqəddəs missiyanı yerinə yetirmək əmrini verdi. Biz isə bu əmri, bu müqəddəs tapşırığı qanımız və canımız bahasına, böyük şücaət və qürurla yerinə yetirərək əbədi Zəfərimizə qovuşduq.

Zəfərdən sonra hər il Şəhidlər Xiyabanını ziyarət edərkən soyuq mərmər daşlara həkk olunmuş şəkillərə diqqətlə baxıram. Mənə elə gəlir ki, hər bir şəhidimizin üzü gülür, gözləri parlayır, ruhları qartal kimi doğma səmanın ənginliklərində süzür.

Axı biz illər sonra onların yarımçıq qalmış arzularını gerçəkləşdirdik, Vətənimizin ərazi bütövlüyünü bərpa etdik, mübarizəmizi tarixi Zəfərlə başa çatdırdıq.

Bu gün Şəhidlər Xiyabanını ziyarət edərkən qəlbimdəki illərin nisgilinə, yanğısına sanki su səpildiyini hiss edir, artıq böyük bir qürur duyuram. Çünki onların əziz xatirəsini Zəfərimizlə yaşadırıq.
Və budur, yenidən noyabr...

Bu il adını hər zaman qürurla daşıdığım şəhid əmim İlyas Binyatovun 55-ci payızıdır...

O, sanki hər noyabrda payız küləyi kimi ruhumuza yeni nəfəs verir, payız yağışı kimi qəlbimizi yuyub təmizləyir. Bəlkə də elə buna görədir ki, noyabr ayının mənim üçün xüsusi bir mənəvi doğmalığı, ayrı bir sehri var.

Çünki noyabr mənim üçün sadəcə bir payız ayı deyil, həm də əziz şəhid əmimin xatirəsinin, qürurunun və adını qəhrəmancasına əbədiyyətə yazdırdığı aydır.

55 payızdır ki, İlyasımız xatirələrimizdə yaşayır, qəlbimizdə ucalır. Zaman ötür, fəsillər dəyişir, payızlar bir-birini əvəz edir, amma onun adı, qəhrəmanlığı və Vətən sevgisi heç vaxt solmur.

İsti yay günlərində kölgəsində dincəldiyimiz ağacları soyuq qış aylarında bəzən unuduruq. Amma şəhidlərimizi unutmaq bizim xalqımıza, milli yaddaşımıza və mənəvi dəyərlərimizə yad bir anlayışdır. Çünki biz keçmişimizə, bu günümüzə və gələcəyimizə görə şəhidlərimizə borcluyuq. Onların qanı ilə suvarılan bu torpaqlarda yaşayır, onların canı bahasına qorunan Vətənin havasını uduruq.

Şəhidlərimizin xatirəsi yalnız müəyyən günlərdə anılmamalı, hər zaman qəlbimizdə yaşamalıdır. Çünki şəhidlər unudulduqları zaman deyil, xatırlandıqları, yaşadıldıqları və gələcək nəsillərə tanıdıldıqları müddətcə əbədidirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!
Ruhun şad olsun, əziz əmim! Səninlə fəxr edirik!

İlyaz Habil oğlu Binyatov