Advertisment
  • ŞƏRH
  • 14-01-2022 14:42

“20-ci əsrin sonlarında Azərbaycan ilə Türkiyə arasında keyfiyyətcə yeni münasibətlər formalaşıb” - İlyas Hüseynov

“1992-ci ilin yanvar ayının 14-də Azərbaycan və Türkiyə ölkələri arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycan Respublikasının tarixində əlamətdar bir hadisə idi. Çünki bu, ölkəmizin beynəlxalq aləmdə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd hesab olunur. Artıq bu gün bu münasibətlərin 30-cu ildönümü qeyd olunur”.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Herbiand.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, tarixdə də Azərbaycan-Türkiyə münasibətləri hər zaman öz yaxınlığı, dostluğu və qardaşlığı ilə seçilib:

“1918-ci ildə Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi altında Bakını bolşeviklərdən və daşnaklardan təmizləmişdi. Lakin 20-ci əsrin sonlarında Türkiyə ilə keyfiyyətcə yeni münasibətlər formalaşıb. Azərbaycan hər zaman Türkiyənin dəstəyini öz arxasında hiss edib. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmasında da öz rolunu oynayıb. Münasibətlərin qurulmasından sonra bütün dünya ictimaiyyəti Azərbaycanın müstəqilliyini tanımağa və diplomatik münasibətlər qurmağa çalışıblar. Ölkəmizin 1992-ci ilin mart ayında BMT-yə üzv qəbul olunması da bunun bir göstəricisidir. Dünyanın aparıcı dövlətləri Azərbaycanla diplomatik, siyasi, iqtisadi, hüquqi münasibətlər qurmağa çalışıb. Bunun da nəticəsində ölkəmiz dünya birliyinin aktoruna çevrilib”.

Politoloq vurğulayıb ki, Vətən müharibəsində də Azərbaycanla Türkiyə arasında olan siyasi və mənəvi bağlılıq demək olar ki, müharibənin gedişatına əsaslı təsir göstərib. Türkiyənin aparıcı KİV-ləri Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləyib. Bu xüsusda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə-Azərbaycan münasibətləri həlledici rol oynayıb:

“Eyni zamanda, Türkiyə-Azərbaycan media platformasının qurulması da burada xüsusi əhəmiyyətə malikdir. Həm də 27 sentyabr tarixindən etibarən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizin haqq işini dəstəkləməsi ilə bağlı siyasi çağırışı bütün dünya üçün bir mesaj oldu. Bu mesaj ondan ibarət idi ki, hər hansısa 3-cü tərəflər Ermənistanın yanında yer alacaqsa onda Türkiyə də öz gücü və potensialı ilə NATO-dakı 2-ci əsgəri qüvvəsi ilə Azərbaycanın yanında yer alacaq. Bu da hamı üçün çəkindirici bir məqam kimi qiymətləndirildi. Eyni zamanda, Türkiyənin NATO portfelinə daxil olan dövlətlər sırasında yer alması bizim üçün də hərbi seqmentdə yeni perspektivlər formalaşdırır. Azərbaycan hazırda silahlı qüvvələrini modernizə edir. Keyfiyyətcə yeni islahatlar dövrünə qədəm qoyur. Əsas məqsəd NATO standartlarına uyğun mobil və peşəkar ordunun formalaşdırılmasıdır. Burada Türkiyənin təcrübəsi Azərbaycan üçün çox önəmlidir. Silahlı qüvvələrimizin zabit heyəti il ərzində qonşu ölkədə çoxsaylı təlimlər keçir. Ordumuzun qarşısında bu gün yeni hədəflər qoyulub. Bu hədəflər həm də antiterror mübarizəsini özündə ehtiva edir. Türkiyənin terrorla mübarizədə çox yaxşı təcrübəsi var. Bunun Azərbaycan ordusunda tətbiq olunması və mənimsənilməsi qarşıya qoyduğumuz yeni hədəflərə çatmaqda yardımçı olacaq”.

İlyas Hüseynov qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bu gün yeni münasibətlər məhz işğaldan azad olunmuş Şuşa şəhərində imzalanan “Şuşa bəyannaməsi” ilə qoyulub:

“Bu bəyannamə yeni üfüqləri formalaşdırır. Burada siyasi, iqtisadi və hərbi mütəfiqlik münasibətləri yaranıb. “Şuşa bəyannaməsi”nin imzalanması Qarabağın eləcə də Şərqi Zəngəzurun təhlükəsizliyinin qorunmasında həlledici rola malikdir. Bütün regional və qlobal güclər bu yeni reallığı qəbul edir və hesablaşır. “Şuşa bəyannaməsi”nin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində bu gün tamamilə yeni formasiyanı ortaya qoyub. Bu, Ermənistanın havadarlarını da narahat edən məqamdır. Azərbaycan-Türkiyə münasibətlərinin bu gün müstəqillik dövründən bu yana strateji münasibətlərdən hərbi müttəfiqlik münasibətlərinə qədəm qoyması Azərbaycan-Türkiyə əlaqələrinin perspektivdə də yeni uğurlar və komponentlərlə zənginləşəcəyini göstərir.

Bəxtiyar CƏFƏRLİ



Oxşar xəbərlər