Advertisment

Bazarda saxta kərə yağı narahatlığı: Ekspertdən vacib tövsiyələr

Son dövrlər bazarda kərə yağlarının keyfiyyəti ilə bağlı istehlakçı narazılıqları və şikayətlər diqqət çəkir. Bəzi alıcılar məhsulların dadı, qoxusu, rəngi və ərimə xüsusiyyətlərində fərqlər olduğunu bildirirlər. Bu isə bazarda saxta, qarışıq tərkibli və ya keyfiyyət standartlarına cavab verməyən yağların satılması ehtimalını gündəmə gətirir. Xüsusilə gündəlik qida rasionunda geniş istifadə olunan kərə yağının keyfiyyəti həm istehlakçı hüquqları, həm də ictimai sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bəs alıcılar həqiqi kərə yağını keyfiyyətsiz və saxtalaşdırılmış məhsullardan necə fərqləndirə bilər və bu sahədə dövlət nəzarəti hansı səviyyədədir?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Herbiand.az-a açıqlamasında bildirib ki, son dövrlər kərə yağlarının keyfiyyəti ilə bağlı istehlakçılar arasında narahatlığın artması məhsulların tərkibi, istehsal şəraiti və satışına nəzarət məsələlərini yenidən gündəmə gətirir:

“Gün ərzində enerjili olmaq üçün, orqanizmin sağlam inkişafını təmin etmək üçün mütləq şəkildə yağ qəbul edilməsi vacibdir. Və hər bir insanın yaşına, cinsinə, gündəlik fiziki aktivliyinə görə gündəlik qəbul edəcəyi yağ miqdarı fərqlidir. Yağ insan orqanizmində parçalanmasına görə daha çox enerji tələb edir, ona görə də yağı qəbul edərkən orqanizmin sağlamlığına zərər vurmamaq üçün keyfiyyətli, mənşəyi bəlli olan yağlardan istifadə etmək lazımdır. Yağları əsasən heyvan və bitki mənşəli qidalardan əldə edirik. Lakin bu qidaları düzgün seçmədikdə və yağları normaya uyğun istehlak etmədikdə, onların faydaları ilə yanaşı, sağlamlığımıza mənfi təsirləri də ola bilər.

Heyvan mənşəli yağları qəbul edərkən daha çox süd və süd məhsullarına üstünlük vermək məqsədəuyğundur. Çünki bu yağlar heyvanın südündə, eləcə də ətində müəyyən miqdarda mövcuddur. Heyvan mənşəli yağların tərkibi əsasən doymuş yağ turşularından ibarətdir. Bu yağlar orqanizmin enerji ehtiyacının ödənilməsində və hormonal balansın qorunmasında mühüm rol oynayır. Heyvan mənşəli yağların qəbulu orqanizmin daha çox kalori əldə etməsinə şərait yaradır. Xüsusilə fiziki aktivliyi yüksək olan, idmanla məşğul olan insanlar bu yağlardan alınan enerjidən daha səmərəli istifadə edə bilirlər. Çünki onların enerji sərfiyyatı daha yüksək olduğundan qəbul edilən kalorilərin bir hissəsi fiziki fəaliyyət zamanı sərf olunur”.  

Ekspertin fikrincə, heyvan mənşəli yağlardan istifadə zamanı gündəlik istehlak normasına riayət etmək xüsusi əhəmiyyət daşıyır: “Gözlərin sağlamlığı, immun sisteminin güclənməsi, sümüklərin sağlığı üçün də yenə də heyvan mənşəli qidalardan, xüsusilə yağlardan istifadə etmək tövsiyə olunur. Tərkibində omeqa-3, omeqa-6 yağ turşuları var ki, bunlar da ürək-damar sağlamlığı üçün faydalıdır. Lakin nəzərə almaq lazımdır ki, ət və süd məhsullarındakı olan heyvan yağları yüksək miqdarda doymuş yağlar olduğuna görə bunlar daha çox orqanizmdə xolesterol səviyyəsini artırır. Heyvan mənşəli yağların normadan artıq istehlakı sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə xroniki xəstəlikləri, ürək-damar problemləri və hipertoniya olan şəxslər bu yağlardan məhdud miqdarda istifadə etməlidirlər. Əks halda, ürək-damar xəstəliklərinin yaranma və ya inkişaf riski arta bilər. Bundan əlavə, heyvan mənşəli yağların həddindən artıq qəbulu artıq çəkiyə, piylənməyə və maddələr mübadiləsinin pozulmasına da səbəb ola bilər”.

Sağlam qidalanma mütəxəssisi bitki yağlarının əsas xüsusiyyətlərindən birinin tərkibində doymamış yağ turşularının daha çox olması olduğunu bildirib.

“Bitki yağlarının tərkibində omeqa-3 və omeqa-6 yağ turşuları da mövcuddur. Bu yağ turşuları ürək-damar sisteminin sağlamlığının qorunmasında, eləcə də beyin fəaliyyətinin normal təmin olunmasında mühüm rol oynayır. İnsanlar, adətən, yaşadıqları ərazinin iqlim və coğrafi xüsusiyyətlərinə uyğun bitkilərdən əldə olunan yağlara üstünlük verirlər. Azərbaycanda da əsasən zeytun, günəbaxan və digər bitki yağlarından geniş istifadə olunur. Amma bununla yanaşı müxtəlif ölkələrdə fərqli bitkilərdən də istifadə olunması faktına rast gəlinir. Bitki yağlarının tərkibindəki doymamış yağ turşuları ürək-damar xəstəlikləri riskinin azalmasına müsbət təsir göstərir. Eyni zamanda, yaxşı xolesterolun (HDL) səviyyəsinin yüksəlməsinə, pis xolesterolun (LDL) isə azalmasına kömək edir. Bu baxımdan, bitki yağlarının düzgün və normaya uyğun istehlakı ürək-damar sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır. Bitki yağlarının tərkibindəki antioksidantlar orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir və hüceyrələrin oksidləşdirici stressdən qorunmasında mühüm rol oynayır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bitki yağlarının, xüsusilə soyuq sıxım üsulu ilə əldə edilən, emal olunmamış yağların yüksək temperaturda istifadəsi onların tərkibindəki faydalı maddələrin parçalanmasına və oksidləşmə proseslərinin sürətlənməsinə səbəb ola bilər. Bu baxımdan, belə yağlardan əsasən salatlarda və digər soyuq yeməklərin hazırlanmasında istifadə edilməsi daha məqsədəuyğundur. Yüksək temperaturda qızartma zamanı bəzi zərərli birləşmələrin, o cümlədən akrilamidin əmələ gəlməsi mümkündür. Akrilamid potensial kanserogen maddə hesab olunur və insan sağlamlığı üçün risk yarada bilər. Buna görə də soyuq sıxım üsulu ilə əldə edilmiş, emal olunmamış bitki yağlarından qızartma zamanı istifadə etmək tövsiyə edilmir. Belə yağların daha çox salatlarda və digər soyuq yeməklərdə istifadəsi məqsədəuyğundur”, – deyə ekspert vurğulayıb.

M.Hüseynovanın fikirincə, bitki yağlarına üstünlük verən insanlar balanslı şəkildə qidalanmaqla yanaşı, eyni zamanda digər növdən də istifadə etməlidir: 

“Yemək bişirmək üçün istifadə olunan məhsullarda heyvan mənşəli yağlardan istifadə olunmalıdır. Hər bir halda təhlükəsiz, sağlam olmaq üçün, balanslı qidalanmanı təmin etmək üçün qidalarımızda hər iki növ yağdan istifadə etməyimiz tövsiyə olunur və xüsusilə də miqdarı keçməmək ən önəmli məsələlərdən biridir. Əgər sağlam, keyfiyyətli, mənşəyi bəlli olan yağ olsa belə, gündəlik lazım olan miqdardan artıq miqdarda qəbul olunduqda bu bir çox xəstəliklərə səbəb olur ki, bunun da başında yenə artıq çəki, piylənmə, ürək-damar xəstəlikləri və artıq kalorinin qəbulundan daxili orqanların yüklənməsi və onların funksiyasının pozulması ilə nəticələnir. Kərə yağı alanda və digər məhsullarda qiymət heç də hər zaman keyfiyyət və yaxud da təhlükəsizlik göstəricisi deyil. Burda diqqət olunacaq əsas məqam yağın tərkibində süd yağının minimal faizidir ki, bu da 82 və 82,5% olmalıdır. Mütləq şəkildə əsas məhsulun əsas hissəsini inək südü və yaxud da qaymağından təşkil olunmalıdır. Laborator analizləri cəlb olunduqda, burda daha çox tərkibindəki turşuluq, peroksid sayı, suyun miqdarı, bunlar yoxlanılır. Eyni zamanda da mikrobioloji analizlər aparılır ki, burda da patogen bakteriyaların olub-olmaması aydınlaşdırılır. Xüsusilə idxal mallarında əgər xaricdən gəlirsə, bu zaman gəldiyi ölkəyə görə, eyni zamanda da Avropa standartlarına, Avropa Birliyinin və Kodeks Alimentariusun standartlarına uyğun şəkildə olmalıdır. Nəzərə almaq lazımdır ki, bazarda bəzən kərə yağı adı altında müxtəlif yağ məhsulları da satışa çıxarılır. Məhsulun üzərində kərə yağı yazılsa da, etiket məlumatlarında onun bitki yağları əsasında hazırlanmış bitki-süd qarışığı, yağ məhsulu və ya spred olduğu göstərilə bilər. Bu cür məhsullar təbii kərə yağı hesab edilmir. Buna görə də istehlakçılar məhsul alarkən onun üzərindəki ada deyil, tərkibinə və etiket məlumatlarına diqqət yetirməlidirlər. Ona görə mütləq etiket məlumatlarında da doğruluq, təbiilik özünü göstərməlidir ki, bu məqamlara da diqqət olunmalıdır”. 

Ekspertin sözlərinə görə, qiymət artımı yalnız məhsulun keyfiyyəti ilə bağlı deyil. Dünya bazarındakı qiymət dəyişiklikləri, logistika xidmətlərinin və digər istehsal-satış xərclərinin artması da məhsulun son satış qiymətinə təsir göstərən əsas amillərdəndir.

Ekspert bu məsələdə yağ məhsullarının tərkibinə və keyfiyyətinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Nəzərə almaq lazımdır ki, trans yağlar və bəzi bitki yağlarının həddindən artıq istehlakı xroniki xəstəlikləri olan şəxslər, azyaşlılar, yaşlı insanlar və hamilə qadınlar üçün əlavə sağlamlıq riskləri yarada bilər. Bu, xəstəliklərin gedişatına mənfi təsir göstərə, ürək-damar xəstəlikləri riskini artıra və orqanizmdə metabolik pozuntulara səbəb ola bilər. Xüsusilə uşaqların və gənclərin inkişaf dövründə düzgün qidalanma mühüm əhəmiyyət daşıyır. Buna görə də həm idxal olunan məhsulların topdansatış mərhələsində, həm də ayrı-ayrı tədarükçülərdən məhsul alınarkən yağların tərkibinə və keyfiyyətinə mütləq diqqət yetirilməlidir”.

Yunis İsrəfilov

Herbiand.az