Bu danılmaz bir həqiqətdir ki, Azərbaycan dövləti və xalqı təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızı da daim diqqət mərkəzində saxlayır, onlarla əlaqələrin qorunmasına və möhkəmləndirilməsinə xüsusi önəm verir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.
Təsadüfi deyil ki, Azərbaycanda diaspor siyasətinin həyata keçirilməsi üçün xüsusi dövlət qurumu – Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Eyni zamanda, ölkəmizdə mütəmadi olaraq Dünya Azərbaycanlılarının qurultayları keçirilir, dövlətin dəstəyi ilə dünyanın müxtəlif regionlarında diaspor təşkilatlarının toplantıları və aktual məsələlərə həsr olunmuş konfranslar təşkil edilir. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Təbii ki, Azərbaycan dövləti, xalqı və ictimaiyyəti qan bağlarımız olan İraq və Suriya türkmənləri ilə əlaqələrin inkişafına da xüsusi önəm verir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin istər Suriya, istərsə də İraq türkmənləri ilə bağlı dəstəklədiyi layihələr, eləcə də digər qurumların bu istiqamətdə gördüyü işlər bunun əyani sübutudur.
Hesab edirəm ki, Azərbaycan ictimai sektoru həmçinin Borçalıda yaşayan soydaşlarımızla əməkdaşlığın daha da dərinləşdirilməsini prioritet istiqamətlərdən birinə çevirməlidir. Əminəm ki, QHT-lər bu istiqamətdə konkret layihə və təşəbbüslərlə çıxış edərlərsə, QHT Agentliyi də həmin təşəbbüslərin dəstəklənməsinə müsbət yanaşar.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Nadir Azəri bildirib ki, ümumiyyətlə ictimai sektor Kərkük türkləri, Suriya türkmənləri, Borçalı azərbaycanlıları və Dərbənddə yaşayan soydaşlarımızla əlaqələr məsələsini davamlı olaraq diqqətda saxlamalıdır. Bu məsələyə yalnız mədəni və mənəvi bağlılıq müstəvisində yanaşmaq kifayət deyil. Eyni zamanda, həmin icmaların sosial, mədəni, təhsil və informasiya sahələrində qarşılaşdıqları problemlər öyrənilməlidir.
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın məskunlaşdığı bölgələr üzrə əlaqələrin vəziyyəti araşdırılmalı, onların problemlərini və ehtiyaclarını əks etdirən məlumat bazası formalaşdırılmalıdır. Daha sonra hər bir icmanın xüsusiyyətlərinə uyğun fəaliyyət proqramları hazırlanmalı, birgə konfranslar, mədəni tədbirlər, gənclər və media layihələri həyata keçirilməlidir. Xüsusilə gənc nəslin Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi, ana dilinin, milli kimliyin və tarixi yaddaşın qorunması diqqət mərkəzində olmalıdır.
Nadir Azəri vurğulayıb ki, müasir Azərbaycan dövlətinin təməl prinsiplərindən biri olan azərbaycançılıq ideologiyası həm də dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycanı doğma Vətəni hesab etməsi düşüncəsini yaşatmağı və möhkəmləndirməyi özündə ehtiva edir. Buna görə də soydaşlarımızla əlaqələrin gücləndirilməsi yalnız ayrı-ayrı qurumların və ya təşkilatların işi kimi deyil, xalqımız üçün ümummilli məsuliyyət və strateji vəzifə kimi qəbul edilməlidir.
Aydın
Herbiand.az