Bir qrup təhsil mütəxəssisinin təşəbbüsü ilə Təhsil Ekspertləri Mərkəzi yaradılıb. Tanınmış təhsil eksperti Məzahir Məmmədli qurumun İdarə Heyətinin sədri seçilib. Qeyd edək ki, Mərkəzin İdarə Heyətinin tərkibinə Adil Vəliyev, Əmrah Həsənli, Elmin Nuri, Elvin Bədirov, Ramin Nurəliyev, Rəşad Cabbar, Rizvan Fikrətoğlu, Tuqay Rzazadə, Vüsət Əzizov və Zöhrab Süleyman daxildir.
Təhsil eksperti Rizvan Fikrətoğlu Herbiand.az-a açıqlamasında bildirib ki, Mərkəzin yaradılmasını Azərbaycan təhsilində ekspert fəaliyyətinin daha sistemli və koordinasiyalı şəkildə təşkili baxımından müsbət təşəbbüs kimi qiymətləndirmək olar: “Bu mərkəzin əsas məqsədi mövcud problemlərin səbəblərini araşdırmaq, onların həlli yollarını müəyyənləşdirmək və konkret təkliflərlə çıxış etməkdir. Mərkəz hər hansı bir dövlət qurumlarına, belə deyək də, qarşı olaraq yaradılmayıb, əksinə, onlara sanki bir növ kömək məqsədi daşıyır. Bu gün Azərbaycan təhsilində kifayət qədər ciddi və aktual məsələlər var. Təhsildə həyata keçirilən islahatlar, müəllimlərin sosial vəziyyəti, təhsilin keyfiyyəti, şagird nailiyyətləri, ali təhsilin inkişafı, qiymətləndirmə mexanizmləri daim müzakirə tələb edən məsələlərdir. Belə bir platformanın yaradılması həmin məsələlərin müxtəlif ekspert yanaşmaları arasında müzakirəsinə imkan verəcək. Mərkəzin gətirəcəyi əsas yenilikləri bir neçə istiqamətdə qeyd etmək olar”.
Ekspert hesab edir ki, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən mütəxəssislərin vahid platformada birləşməsi daha əhatəli, obyektiv və əsaslandırılmış yanaşmaların formalaşmasına imkan yaradır: “İkinci istiqamət mövcud problemlərin araşdırılması və onların həlli yollarının təklif edilməsidir. Mərkəz yalnız təhsil sahəsindəki problemləri ictimailəşdirməklə kifayətlənməməli, eyni zamanda onların yaranma səbəblərini araşdırmalı və aidiyyəti qurumlara konkret təkliflər təqdim etməlidir. Bu, həm də təhsil siyasətinə ekspert dəstəyinin göstərilməsi deməkdir. Qəbul edilən qərarların nəticələrinin təhlili, həyata keçirilən islahatların güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi təhsil siyasətinin təkmilləşdirilməsinə mühüm töhfə verə bilər. Daha bir məqsəd ictimai müzakirələrin genişləndirilməsi və sağlam dialoq mühitinin formalaşdırılmasıdır. Müəllimlərin, valideynlərin, tələbələrin və digər təhsil iştirakçılarının üzləşdiyi problemlərin vahid ekspert platformasında müzakirəsi müxtəlif tərəflərin mövqelərinin öyrənilməsinə, qarşılıqlı fikir mübadiləsinin aparılmasına və daha səmərəli həll yollarının müəyyənləşdirilməsinə şərait yarada bilər. Elmi-analitik fəaliyyətin gücləndirilməsi də əsas məqsədlərdən biridir. Təhsilin müxtəlif istiqamətləri üzrə araşdırmaların aparılması, analitik hesabatların və ekspert rəylərinin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi mərkəzin fəaliyyətində mühüm yeniliklərdən biri ola bilər. Media ilə təhsil ictimaiyyəti arasında əməkdaşlığın inkişaf etdirilməsi də qarşıya məqsəd kimi qoyulub. Təhsil məsələlərinin daha peşəkar, obyektiv və dolğun işıqlandırılması, cəmiyyətin düzgün və etibarlı məlumatlandırılması baxımından bu əməkdaşlıq yeni imkanlar yarada bilər”.
Rizvan Fikrətoğlu vurğulayıb ki, mərkəzin fəaliyyətində ən vacib məqam tənqid etməkdən daha çox həll yolları təklif etməkdir: “Çünki təhsildə problemləri sadalamaq deyil, həmin problemlərin aradan qaldırılması üçün işlək mexanizm hazırlamaq daha böyük əhəmiyyət daşıyır. Digər mühüm məsələ isə mərkəzin müstəqil ekspert mövqeyi olacaq. Hər hansı qərara münasibət bildirərkən şəxsi yanaşmalardan deyil, faktlardan, araşdırmalardan və beynəlxalq təcrübələrdən çıxış edəcək”.
R.Fikrətoğlu hesab edir ki, Təhsil Ekspertləri Mərkəzi zamanla sadəcə ekspertlərin fikir bildirdiyi platforma deyil, təhsil sahəsində qərarların müzakirəsinə, yeni təşəbbüslərin formalaşmasına və islahatların təkmilləşdirilməsinə töhfə verən nüfuzlu ictimai-analitik quruma çevrilə bilər.
Yunis İsrəfilov