Advertisment

Müharibənin arxa cəbhəsi: Orduları kim silahlandırır?

Rusiya-Ukrayna müharibəsi uzandıqca tərəflərin hərbi potensialı ilə yanaşı, silah-sursat təminatı və maliyyə resursları məsələsi də xüsusi aktuallıq qazanır. 

Müharibənin davamlılığı böyük ölçüdə orduların döyüş sursatı, hərbi texnika və digər strateji ehtiyaclarla nə dərəcədə təmin olunmasından asılıdır. Rusiya hərbi sənaye kompleksinin istehsal imkanlarını genişləndirsə də, bəzi hərbi komponentlər və texnologiyalar üzrə xarici mənbələrdən asılılıq məsələsi gündəmdə qalır. Ukraynanın hərbi ehtiyaclarının ödənilməsində isə Qərb ölkələrinin ayırdığı maliyyə və hərbi yardımlar mühüm rol oynayır. 

Bəs bu proseslər hansı mexanizmlərlə həyata keçirilir, tərəflərin silah-sursat təminatında daxili istehsalın və xarici dəstəyin payı nə qədərdir?

“Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Herbiand.az-a açıqlamasında bildirib ki, müharibənin ilk günlərindən etibarən bu məsələ daim müzakirə mövzusu olub və hazırda da aktuallığını qoruyub saxlayır. 

Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif açıqlamalar verilir, fərqli yanaşmalar və təhlillər səsləndirilir. 

“Rusiyanın müdafiə sənayesi kompleksindən danışarkən bir məqamı xüsusi diqqətdə saxlamaq lazımdır. Rusiya geniş istehsal potensialına malik böyük hərbi sənaye bazasına sahibdir. Həm SSRİ dövründən əvvəl, həm sovet hakimiyyəti illərində, həm də sonrakı mərhələlərdə ölkədə hərbi sənayenin müxtəlif istiqamətləri üzrə istehsal xətləri yaradılıb və genişləndirilib. 

Bununla belə, müharibə şəraitində elə texnoloji ehtiyaclar meydana çıxır ki, onların istehsalını qısa müddətdə təşkil etmək və ya istehsal həcmini sürətlə artırmaq mümkün olmur. 

Belə hallarda Rusiya zəruri texnologiya, komponent və hərbi təyinatlı məhsulların əldə edilməsi üçün xarici satınalma mexanizmlərindən istifadə edir. İlk növbədə qeyd etmək lazımdır ki, müharibənin ilkin mərhələsində Rusiya pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində geniş təcrübəyə və böyük seriyalı istehsal potensialına malik ölkə deyildi. 

Bu səbəbdən Moskva həmin sahədə təcrübəsi və istehsal imkanları olan tərəfdaş ölkələrlə əməkdaşlığa başladı. Bu istiqamətdə əsas tərəfdaşlardan biri İran oldu. Söhbət xüsusilə “Şahid” tipli kamikadze dronlarından gedir. Sonrakı mərhələdə isə İranın bu sahədə ixtisaslaşmış müəssisələrinin texnologiyaları əsasında Rusiyada da istehsal sahələri yaradıldı. 

Bununla yanaşı, Rusiya hava hücumundan müdafiə sistemləri, daşınan zenit-raket kompleksləri və antidron texnologiyaları üzrə Şimali Koreya və Çinlə də əməkdaşlıq edir”. Ekspert deyib ki, Moskva bu əlaqələrin bir çoxunu rəsmi şəkildə açıqlamasa da, müxtəlif mənbələrdə xarici tədarüklərlə bağlı məlumatlar yer alır. 

“Eyni zamanda, əməliyyat-taktiki raketlərin istehsalında istifadə olunan bəzi xammal, elektron komponentlər və rəqəmsal texnologiyalara əsaslanan detalların da xarici ölkələrdən əldə edildiyi bildirilir.

Bu tədarüklər kütləvi xarakter daşımasa da, onların mövcudluğu ilə bağlı müəyyən məlumatlar var. Bununla yanaşı, Rusiyanın müdafiə sənayesi müəssisələrinin istehsal prosesində istifadə etdiyi müxtəlif avadanlıqların da bir hissəsi Çin vasitəsilə əldə olunur”-deyə, Ramil Məmmədli bildirib.
Mərkəzinin rəhbərinin fikrincə, Ukrayna ilə bağlı vəziyyət isə tamamilə fərqlidir: “Qərb ölkələri Ukraynanın yerli müdafiə sənayesi potensialının inkişaf etdirilməsi və hərbi istehsalın stimullaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Bununla belə, bu dəstək hələlik kütləvi xarakter daşımır və bütün növ silah və hərbi texnikaları əhatə etmir. 


Ukraynanın hərbi ehtiyaclarının əhəmiyyətli hissəsi isə birbaşa Qərb ölkələri, xüsusilə NATO üzvü olan dövlətlər tərəfindən təmin edilir. Bu tədarüklərin maliyyələşmə mexanizmi isə əsasən sponsorluq və maliyyə dəstəyi prinsipi əsasında qurulub. 

Belə ki, müxtəlif ölkələr, ilk növbədə NATO üzvləri Ukraynanın hərbi ehtiyaclarının qarşılanması üçün maliyyə vəsaiti ayırırlar. Lakin həmin vəsait hesabına silah və hərbi texnikanın satınalma prosesini birbaşa donor ölkələr deyil, Ukraynanın müvafiq qurumları həyata keçirə bilir. Bu prosesdə Ukrayna Müdafiə Nazirliyi ilə yanaşı, özəl sektorda fəaliyyət göstərən şirkətlər, həmçinin “Ukroboronprom” və “Ukrspetseksport” kimi müdafiə sənayesi müəssisələri iştirak edirlər”. 

R.Məmmədli deyib ki, Ukraynaya hərbi təyinatlı məhsulların alınması üçün kredit və borc mexanizmləri əsasında da maliyyə vəsaitləri ayrılır: “Qeyri-rəsmi məlumatlara və bəzi açıqlamalara görə, Ukraynanın müdafiə və ikili təyinatlı məhsulların satın alınması ilə bağlı borc öhdəlikləri artıq 500 milyard dolları ötüb. 

İddialara əsasən, bu borcun əhəmiyyətli hissəsi ABŞ, Böyük Britaniya və Almaniya ilə bağlı maliyyə öhdəliklərinin payına düşür. Bəzən belə təsəvvür yaranır ki, Ukraynaya təqdim olunan silah-sursat və hərbi texnika tamamilə əvəzsiz yardımdır. 

Lakin reallıqda bu tədarüklərin hamısı hədiyyə formasında həyata keçirilmir, onların bir qismi kredit və digər maliyyə öhdəlikləri ilə müşayiət olunur. Ümumilikdə, belə bir yanaşma formalaşıb ki, Ukrayna müharibədə istifadə etdiyi silah və sursatın böyük hissəsini daxili istehsal hesabına təmin etməyə çalışır. Ancaq bir sıra obyektiv səbəblər, xüsusilə Rusiyanın Ukraynanın hərbi sənaye infrastrukturuna endirdiyi zərbələr bu prosesə ciddi maneələr yaradır və yerli istehsalın genişləndirilməsini çətinləşdirir”.

Məhəmməd Əliyev 
Herbiand.az