Rusiya-Ukrayna müharibəsi Moskvanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinə və siyasi nüfuzuna ciddi təsir göstərib. Müharibə nəticəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, diplomatik məhdudiyyətlər və beynəlxalq təcrid siyasəti ölkənin Qərblə münasibətlərini daha da gərginləşdirib. Atəşkəs və mümkün sülh danışıqları Moskvanın beynəlxalq mövqeyinin dəyişməsi ilə bağlı müəyyən ümidlər yaratsa da, bunun real nəticələr verib-verməyəcəyi sual altındadır. Xüsusilə Rusiyanın ilhaq etdiyi Ukrayna əraziləri və müharibənin siyasi-hüquqi nəticələri bu prosesdə əsas mübahisə mövzularından biri olaraq qalır. Bəs müharibə başa çatmadan Rusiyanın beynəlxalq nüfuzunu bərpa etməsi mümkündürmü?
Siyasi şərhçi Sədrəddin Soltan Herbiand.az-a açıqlamasında bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə təcavüzkar tərəf kimi qəbul olunur və Ukrayna ərazilərini ilhaq etməsi onun beynəlxalq imicinə ciddi zərbə vurub:
“Rusiya ilə Ukrayna arasında müharibə tamamilə bitməyənədək Moskvanın qlobal miqyasda mövqeyi, müsbət mənada nüfuzu və imici bərpa oluna bilməz. Çünki Rusiya bütün hallarda təcavüzkar dövlət sayılır və Ukrayna ilə müharibədə haqsızdır. Bundan başqa, Ukrayna ərazilərini ilhaq və işğal etməsi Rusiyaya əlavə olaraq işğalçı və təcavüzkar adı qazandırıb.
Bu müharibənin dayandırılması, dondurulması və ya atəşkəs elan edilməsi sadəcə tərəflər üçün sülh əldə etmək, münasibətləri formalaşdırmaq baxımından fasilə ola bilər. Eyni zamanda, bu, yeni danışıqlar üçün əlavə fürsət yarada bilər.
Müharibə başa çatdıqdan sonra təbii ki, Rusiyaya tətbiq olunan sanksiyalar, məhdudlaşdırıcı tədbirlər və digər bu kimi qərarlar aradan qalxa, Qərb dünyası, o cümlədən ABŞ, Avropa İttifaqı və digər tərəfdaş dövlətlər arasında yeni münasibətlər qurula bilər. Amma indiki şəraitdə Rusiyaya qarşı sanksiyaların və məhdudlaşdırıcı tədbirlərin tətbiqi davam edəcək”.
Siyasi şərhçi deyib ki, Rusiyanın uzaqlaşdırıldığı beynəlxalq təşkilatlara qayıtması məsələsi də daha çox atəşkəs rejiminin nə qədər davamlı olmasından, yaxud Ukrayna ilə Rusiya arasında müharibənin tamamilə başa çatmasından asılıdır.
Yunis İsrəfilov