Advertisment

Şəhid Rasim Ramazanovun xatirəsinə həsr olunmuş "Son Məktub" kitabının təqdimatı keçirilib

Şəhid Rasim Ramazanovun xatirəsinə həsr olunmuş “Son məktub” kitabının təqdimatı keçirilib

 

Babək Rayon Mədəniyyət Sarayında Vətən müharibəsi şəhidi Rasim Ramazanovun xatirəsinə həsr olunmuş “Son məktub” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, müəllimləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, xalqımızın hər bir şəhid övladı Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətlər göstərib. O, qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlətimizin qəhrəman övladlarına olan yüksək ehtiramın bariz nümunəsidir.

 

Digər çıxış edənlər şəhid Rasim Ramazanovun döyüşlərdə göstərdiyi igidlikdən, Vətənə sədaqətindən və nizam-intizamından danışıblar. Qeyd olunub ki, onun şərəfli ömür yolu Babək gəncləri üçün əsl vətənpərvərlik məktəbidir və belə qəhrəman övladlar Azərbaycan gəncliyinin qürur mənbəyidir.

 

Tədbir çərçivəsində məktəblilər şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər, vətənpərvərlik mövzusunda teatr tamaşası nümayiş etdirilib. Şəhid analarının səmimi çıxışları tədbir iştirakçılarını dərin duyğulandırıb.

 

Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək qəsəbəsində anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 19-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

 

Rasim Ramazanov göstərdiyi igidliyə və Vətənə sədaqətinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Tədbirin sonunda şəhidin həyat və döyüş yoluna həsr olunmuş “Son məktub” kitabının təqdimatı olub. Kitabda onun keçdiyi döyüş yolu, ailə üzvlərinin, döyüş yoldaşlarının və müəllimlərinin xatirələri yer alıb.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi