Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 27-də Vatikana səfər edəcək.
Bu barədə Herbiand.az-a QMİ-dən məlumat verilib.
Səfər Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədi olan Nostra Aetatın 60-cı ildönümü münasibətilə təntənəli tədbirlərə dəvət əsasında baş tutur. İldönümü bütün dünyada sülhün, həmrəyliyin və qarşılıqlı hörmətin bir daha vurğulanıb möhkəmləndirilməsinə həsr olunmuş Ümid İli ilə üst-üstə düşür. Şeyxülislam A.Paşazadə oktyabr ayının 28-də Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində QMİ sədri A. Paşazadənin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.