 
																		Avropa İttifaqı (Aİ) Cənubi Qafqazın iqtisadi və nəqliyyat-kommunikasiya potensialının tam açılmasına dəstək göstərməyə hazırdır.
Bu barədə Avronest Parlament Assambleyasının nəqliyyat əlaqəliliyinə, “yaşıl keçid"ə və infrastruktur inkişafına dəstək məqsədilə Avropa İttifaqı və ölkələr arasında ədalətli ticarət, əməkdaşlıq və investisiyaların təşviqi haqda qətnaməsində deyilir.
“Avronest Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair Sazişin paraflanmasını, habelə ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında bütün regional kommunikasiya xətlərinin açılması qərarını alqışlayır; hər iki ölkəni sərhədlərin delimitasiyası prosesini davam etdirməyə çağırır; vurğulayır ki, Aİ Cənubi Qafqazın iqtisadi və nəqliyyat-kommunikasiya potensialının tam açılmasını ticarət və investisiya sahəsində, eləcə də nəqliyyat və digər infrastrukturda, o cümlədən transsərhəd layihələrdə əməkdaşlıq vasitəsilə dəstəkləməyə hazırdır və bununla regionu sabitlik, dayanıqlı inkişaf və ümumi rifah zonasına çevirmək niyyətindədir”, – deyə sənəddə bildirilir.
Qətnamədə həmçinin qeyd olunur ki, beynəlxalq sülh və rifah naminə “Beynəlxalq sülh və rifah uğrunda Tramp marşrutu” (TRIPP) adlı nəqliyyat əlaqəsi layihəsi Cənubi Qafqazın tam iqtisadi və nəqliyyat potensialının açılması yolunda mühüm addımdır.
Qeyd edək ki, Avronest Parlament Assambleyası Avropa Parlamentinin, eləcə də Ukrayna, Moldova, Ermənistan, Azərbaycan və Gürcüstanın milli parlamentlərinin deputatlarının iştirak etdiyi parlamentlərarası forumdur. Assambleya 2011-ci ildə Avropa Komissiyası tərəfindən “Şərq Tərəfdaşlığı” təşəbbüsünün bir hissəsi kimi yaradılıb.
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        