Hər il noyabrın 6-da BMT səviyyəsində Müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü qeyd edilir. Bu çərçivədə keçirilən tədbirlər müharibə və münaqişələrin ətraf mühitə vurduğu ziyan barədə beynəlxalq ictimaiyyəti xəbərdar etmək məqsədi daşıyır.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, müharibələr və silahlı münaqişələr zamanı ətraf mühitdən sui-istifadə edilməsi ilə bağlı məlumat əldə etmək üçün Kofi Annanın Baş katib olduğu dövrdə Böyük Britaniya Millətlər Təşkilatının Baş Assambleyası 2001-ci ildə Böyük Britaniyanın təşəbbüsü ilə müvafiq qətnamə qəbul edib.
Təşkilatın daha bir sabiq rəhbəri Pan Gi Mun yazırdı: “Təbii ehtiyatların qeyri-davamlı istismarı silahlı münaqişənin alovlanması və maliyyələşdirilməsinə, sülhün kövrək əsaslarının sarsılmasına yol açır. Buna imkan verməmək üçün dialoq və vasitəçilikdən tutmuş qabaqlayıcı diplomatiyaya qədər əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik”.
Bəzi hallarda bu iş üstünlük əldə etmək üçün məqsədli şəkildə edilir. Neft, qızıl, almaz və taxta kimi təbii ehtiyatları məhdudlaşdıran münaqişələr də var. BMT Ətraf Mühit Proqramının (UNEP) araşdırmasına görə, son 60 ildə daxili silahlı münaqişələrin 40 faizi təbi ehtiyatlar uğrunda mübarizə zəminində baş verir.
Müharibələr ölkəmizdə də ətraf mühitə, təbii sərvətlərimizə çox ciddi ziyan vurub. Belə ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb. Düşmənin silahlı qüvvələrinin otuz ilə yaxın işğal altında saxladığı ərazilərin 261 min hektar meşə sahəsi, təbiət abidələri və pasportlaşmış 145 Şərq Çinarı, eyni zamanda, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib.
İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən genişmiqyaslı çirklənməyə məruz qalıb. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən kəskin çirkləndirilməsi nəticəsində həmin çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamə bunun bariz misalıdır.
İşğal dövründə Azərbaycanın ərazilərində 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilib, ətraf mühitə ciddi zərər vurulub.