Heydər Əliyev adına Hərbi Liseydə 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbəyə həsr olunan 8 Noyabr – Zəfər Günü münasibətilə “Qürurla yazılan tarix” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Şəhid Ailələri, qazilər, Əlahiddə Ümumqoşun Ordunun zabit, liseyin müəllim və kursant heyətinin iştirak etdiyi tədbirə giriş sözü ilə başlayan birinci Qarabağ müharibəsi veteranı, antiterror əməliyyatlarının iştirakçısı, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunan Əlahiddə Ümumqoşun Ordunun Komandan müavini, Şəhadət İbrahimov Ə.Ü. Q. Ordunun komandanı, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun təbrik və salamlarını tədbir iştirakçılarına çatdırıb.
Çıxışına davam edən zabit bildirib ki, hər bir millətin tarixində qürurla xatırlanan, yaddaşlara həkk olunan unudulmaz günlər olur. Azərbaycan xalqı üçün belə günlərdən biri də 8 Noyabr – Zəfər Günüdür. Bu gün igid oğul və qızlarımızın canı və qanı bahasına qazanılmış tarixi qələbənin, 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasının, illərlə həsrətində olduğumuz Qarabağın azad edilməsinin rəmzidir.
Natiq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik irsi bu qələbənin ideya təməlini formalaşdırıb: “Ulu Öndərin xalqımıza inamı böyük idi. O, deyirdi: ‘İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək’. Bu inam müstəqillikdən Zəfərə uzanan yolun başlanğıcı oldu. Biz birlikdə tarix yazdıq – 44 günlük Zəfər dastanı.”
Daha sonra Heydər Əliyev adına Hərbi Liseyin rəisi, Rəşad Əsgərov çıxış edərək liseydə belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Heydər Əliyev adına Hərbi Lisey Vətənə sədaqətin, vətənpərvərlik ruhunun, hərbi intizam və məsuliyyət hissinin aşılandığı, gələcəyin zabitlərinin formalaşdığı mühüm tədris ocaqlarından biridir.
“Bu təhsil müəssisəsinin məzunları Vətən müharibəsində və ondan sonrakı dövrlərdə torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq və fədakarlıq nümunələri göstəriblər. Onlar xalqımızın şərəf və qeyrət rəmzinə çevriliblər. Hər bir məzunumuzun nailiyyəti, döyüş meydanında göstərdiyi igidlik bizim üçün həm fəxr, həm də məsuliyyətdir. Bu gün Zəfər Gününü qeyd edərkən biz həm qürur, həm də dərin minnətdarlıq hissi ilə şəhidlərimizin əziz xatirəsini anırıq. Onların ruhu qarşısında baş əymək, keçdikləri şərəfli yola sadiq qalmaq hər birimizin mənəvi borcudur.
Heydər Əliyev adına Hərbi Liseyin kollektivi bundan sonra da Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu xəttinə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətə sadiq qalaraq, Vətənə layiqli, bilikli, intizamlı və vətənpərvər zabitlərin yetişdirilməsi istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək. Biz inanırıq ki, bu gənclər ordumuzun gücünü daha da artıracaq, dövlətimizin təhlükəsizliyinin keşiyində şərəflə dayanacaqlar.”
Tədbirdə şəhid Baş leytenant Amin Gülməmmədovun atası Mais Gülməmmədov çıxış edərək deyib: “Bu gün bayrağımız qürurla dalğalanırsa, torpaqlarımızın hər qarışında azadlıq nəğməsi səslənirsə, bu, şəhidlərimizin müqəddəs əmanətidir. Onların adları tariximizdə, xatirələri isə qəlbimizdə əbədi yaşayacaq.”
O, şəhid ailələrinin göstərdiyi fədakarlığın heç zaman unudulmayacağını, bu xalqın ən uca zirvəsində məhz onların dayandığını vurğulayıb.
Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı hərbi attaşesi, albay Əhməd Yavaş çıxışında qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyidir: “Azərbaycan və Türkiyə – bir millət, iki dövlətdir. Bu, sadəcə bir deyim deyil, tarixən sübut olunmuş sarsılmaz dostluğun və əbədi qardaşlığın simvoludur. Müharibənin ilk günlərindən Türkiyə Azərbaycanın haqq işinə mənəvi və siyasi dəstək göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın ‘Azərbaycan tək deyil’ mesajı milyonlarla azərbaycanlının qəlbində qürur doğurdu. Bu gün Qarabağ azaddır, Şuşa azaddır, bu gün Zəfər Günüdür!”
Tədbir kursantların hazırladığı vətənpərvərlik mövzusunda bədii kompozisiyalar, Vətənə, şəhidlərə və bayrağımıza həsr edilmiş şeir və mahnıların ifası ilə davam edib. Daha sonra 44 günlük Vətən müharibəsinə və şəhidlərimizin qəhrəmanlığına həsr olunan videoçarx nümayiş etdirilib.
Sonda xatirə fotosu çəkdirilib.
Bəxtiyar ƏLİYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi