Advertisment

Avstraliya Yaponiya ilə 6,5 milyard dollarlıq hərbi müqavilə imzalayıb

Avstraliya və Yaponiya 10 milyard Avstraliya dolları (6,5 milyard ABŞ dolları) dəyərində üç “Mogami” sinifli döyüş freqatının tədarükü ilə bağlı müqavilə imzalayıblar.

Herbiand.az xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Məlumata görə, müqavilə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus “JS Kumano” freqatında imzalanıb. Mərasimdə Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi və Avstraliyanın müdafiə naziri Riçard Marles iştirak ediblər.

Bildirilib ki, gəmilər Yaponiyada “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən inşa olunacaq və ilk freqatın 2029-cu ildə təhvil verilməsi planlaşdırılır. “Mogami” sinifli freqatlar yer-hava raketləri və gəmi əleyhinə raketlərlə təchiz ediləcək, həmçinin hücum helikopterləri üçün idarəetmə sistemlərinə malik olacaq.

Kanberra, eyni zamanda Qərbi Avstraliyada yerləşən gəmiqayırma zavodunda əlavə olaraq səkkiz freqatın inşasını planlaşdırır. Bu gəmilər müasir raket və pilotsuz sistemlər qarşısında həssas hesab edilən Avstraliyanın köhnəlmiş ANZAC sinifli freqatlarını əvəz etmək üçün nəzərdə tutulub.

Yaponiyalı nazirin sözlərinə görə, Avstraliyanın bu freqatları seçməsində əsas amillərdən biri heyət tərkibinin cəmi 90 nəfərdən ibarət olmasıdır ki, bu da ANZAC sinifli gəmilərlə müqayisədə təxminən iki dəfə azdır.