Ötən əsrin 50-ci illərində, Sovet lideri Nikita Xruşşov dövründə həyata keçirilən kolxozların (kollektiv təsərrüfatların-müəll.) böyüdülməsi siyasəti Azərbaycanda bir sıra qədim yurd yerlərinin xəritədən silinməsi ilə nəticələndi.
1949–1951-ci illərdə başlamış siyasət nəticəsində ölkə üzrə kolxozların sayı kəskin azaldıldı. 1949–1957-ci illərdə kolxozların sayı təxminən 250 mindən 78 minə qədər düşmüşdü. Kolxozların böyüdülməsi təkcə xırda kollektiv tədsərrüfatları sıradan çıxarmırdı, eyni zamanda kəndləri yox edir, yurdları dağıdırdı. Xruşşov zamanında kiçik, ucqar və təsərrüfat baxımından zəif kəndlər sonradan “perspektivsiz kəndlər” adlandırılmağa başladı və iri kəndlərə birləşdirildi.
Məqsəd kənd əhalisini daha iri yaşayış məntəqələrində toplamaq, məktəb, xəstəxana, yol, mağaza və digər infrastrukturu həmin böyük kəndlərdə cəmləşdirmək idi.
Xruşşov siyasətinin ağrılarını yaşayan qədim yurd yerlərindən biri də Ağdam rayonunun Çaylı kəndidir. Quzanlının şərqində-Ağcabədinin Qaravəlli kəndi istiqamətində “daş yolun” üstünə yerləşən Çaylı kəndi 1951- ci ilə ilə qədər mövcud olub.
Toponim eyni adlı türk tayfasının adındandır. Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Biləsuvar, Göygöl, Qazax, Şamaxı, Şəmkir və Ağdərədə Çaylı adlı toponimlər var. Qazaxda bu toponim Bala Çaylı, Şamaxıda Birinci Çaylı, İkinci Çaylı adlanır.
1950-ci illərdə Quzanlıya birləşdirilmiş Çaylı kəndi özünəməxsus adət və ənənələri ilə seçilirmiş. O zaman Quzanlıya birləşdirilən təkcə Çaylı kəndi deyil. Xaçın çayının yaxınlığında yerləşən Sofulu, Qaravəlliyə yaxın ərazidə-qaraağaclıq adlanan ərazidə məskunlamış Cır Carıcalı kəndləri də kolxozların böyüdülməsi siyasəti çərçivəsində Quzanlıya birləşdirilib. 1870-ci ildə Tiflisdə çap olunmuş vergi dəftərlərində 700 evlik Sofulu və Çaylı ayrıca kənd kimi göstərilir. Maraqlıqıdır ki, ərazidə ilk kolxoz da Çaylıda qurulub. “Toz” adlanan kolxozda insanlar taxılçılıq, meyvəçilik, heyvandarlıqla məşğul imiş.
Kolxozlaşmadan əvvəl də Çaylı caamatının zəngin əkinçilik, meyvəçilik təcrübəsi varmış. Çaylının bir vaxtlar necə zəngin və əsrarəngiz təbiətə malik olduğunu yaşlı nəslin xatirələri də təsdiqləyir. Deyilənə görə, kəndin ətrafında yaşı 500 ilə çatan nəhəng palıd və saqqız ağacları ucalırmış. Əsrlərin şahidi olan bu ağacların gövdəsini bir neçə adamın qucaqlaması belə mümkün deyilmiş. Onların sıx və geniş budaqları altında günəşin işığı yerə güclə düşər, meşənin içində isə tamam başqa bir aləm yaşanarmış.
Yaşlılar danışırlar ki, vaxtilə Çaylının qalın meşələrində canavarlar sürü ilə dolaşarmış. Ancaq bütün bu gözəlliklər zamanın sərt sınağından keçə bilmədi. Sovet hakimiyyəti illərində pambıqçılıq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildikcə, meşələrə də amansız müdaxilə başladı. Sovetin tırtıllı traktorları meşələrin bağrını dəlibb keçdi, nəhəng palıdları, saqqız ağaclarını kökündən çıxardı, meşələrin yerində pambıq tarlaları salındı…
Çaylı yurdunun maraqlı insanları olub. Sadə zəhmət adamları olan çaylıların əliaçıqlığı, mərdliyi haqqında indi də danışılır. Çaylı yurdunun adını öz əməlləri, xeyirxahlığı və el-obaya xidmətləri ilə ad çıxaran Molla Şavaad, Çaylı Məhəmməd, Çaylı Həmid, Çaylı Qızılı Süleyman, Çaylı Bəşir kimi insanları olub. Onlar artıq tarixə çevrilmiş bir nəslin nümayəndələri olsalar da, yaxşılıqları, mərdlikləri və insanlara göstərdikləri qayğı Quzanlı sakinlərinin yaddaşında yaşayır.
Çaylı Molla Şavaad kişi müharibə illərində kənd camaatının ağır günlərində dayağa çevrilən, əliaçıq və mərhəmətli insanlardan biri olub. O dövrdə aclıq çarəsiz insanların qapısını döyür, kənd sakinlərinin süfrəsi getdikcə kasadlaşırdı. Lakin Molla Şavaad kişinin bağları təkcə onun öz ailəsinin deyil, çətinlik içində yaşayan kənd sakinlərinin də ümid yerinə çevrilmişdi. O, əlində olanı həmkəndlilərindən əsirgəməz, ehtiyacı olan hər kəsə bacardığı qədər kömək edərdi.
Onun bacısı oğlu Əmrah kişi də xeyirxahlığı və səxavəti ilə seçilən adamlardan olub. Onlara məxsus üzüm bağları həmin ağır illərdə sanki kəndin ruzi-bərəkət ocağına çevrilmişdi. Bağlardan dərilən üzüm yalnız bir nemət kimi süfrələrə gəlmir, aclıqla mübarizə aparan ailələr üçün həyatın davam etməsinə bir ümid verirdi. Üzümdən mürəbbə, riçal hazırlanır, bir qismi qurudularaq qışa saxlanılırdı. Hazırlanan nemətlərdən ehtiyacı olanlara pay verilirdi. Kimin evində çörək az idisə, onların qapısından əliboş qayıtmazdı.
Çaylı Dadaş kişinin də kənd camaatına çoxlu yaxşılığı dəyib. Onu tanıyanlar bu gün də xeyirxahlığını, kasıb-kusuba arxa durmağını maraqlı əhvalatlarla xatırlayırlar. Deyilənə görə, Dadaş kişi vergi məmurları ilə birlikdə evləri dolaşar, kimin imkanı yoxdursa, onun yükünü yüngülləşdirməyə çalışarmış.
Evlərə gedəndə məmurlara dönüb deyərmiş: “Kasıb ailələrdən vergi almayın. Onsuz da çörəyini güclə qazanır, bir də üstünə vergi yükü qoymayın”. Məmurlar da onun sözünü yerə salmaz, Dadaş kişinin xətrinə ehtiyacı olan ailələrə güzəşt edərmiş.
Bir gün idarədə məmurlar ona deyirlər:
- Dadaş kişi, bu gün on nəfərdən vergi almadıq. İndi bunun hesabını necə verək?
Dadaş kişi bir an belə tərəddüd etmədən əynindəki köhnə sırıqlını çıxarıb məmurların masasının üstünə atır:
-Alın, bunu götürün, əvəzində o on nəfərin vergisini mənim üstümə yazın!
Məmurlar bu hərəkətə gülür, amma Dadaş kişinin sözünün arxasında dayandığını da yaxşı bilirdilər.
Dini inanc baxımından müsəlman olan Çaylı sakinləri islamın sünni-hənəfi məzhəbinə etiraq edirmiş. Bu üzdən Çaylı yurdunun qədimdə Qazax mahalından köç etdiyinə dair ehtimallar var. Çay yatağında yerləşdiyindən Çaylının torpaqları olduqca məhsuldar və bərəkətli idi. Çaylının ən bərəkətli toraqları Qulunc təpəsinin ətrafında idi. Bu ərazidə dadlı qarpız, qovun, yemiş yetişərmiş.
Çaylı yurdunun br zamanlar indi Quzanlıda fermaya gedən daş yolün sağ kənarında yerləşən torlaqları bu gün bərəkətlidir. Ehtimala görə Xaçın çayının bir qolu kəndin düz yanından axırmış. Yaşlı Çaylı sakinləri nəql edir ki, gecə çay daşlarının şaqqıltısından yatmaq olmurmuş. Ana tərəfdən Çaylı yurdundan olan, babası 1950-ci ildə Quzanlıya köçürülmüş Quzanlı sakini Vidadi Əmrahov deyir ki, Çaylı yurdunun inanclı, torpağa bağlı insanlar olub:
“Kənddə məscid varmış. İnanclı camaat imiş çaylılar. Eyni zamanda zəhmətkeş, bacarıqlı insanlar imiş. Böyüklər danışırdı ki, Çaylı torpaqlarında yetişən taxıldan bişən çörəyin ətri qonşu kəndlərə yayılırmış. Çaylı bostanlarından bitən qarpız, yemiş, qovunun şöhrəti qonşu Bəcirəvan, Qaravəlli, Lənbəran, Hüsülü, Sarıcalıya qədər yayılmışdı. Çaylı yurdunda dadlı əncir, üzüm, heyva, gilənar yetişirmiş. Kişmişi, ağadayı, qaraşirə, gəlinbarmağı üzümlərinin dadından doymaq olmazmış”.
Vidadi Əmrahov deyir ki, Çaylı yurdunun insanlarının özünəməxsus ləqəbləri olub:
“Çaylı Molla Şavaad, Çaylı Qurban, Çaylı Qızılı Süleyman, Çaylı Dadaş, Çaylı Həmid və.s Kənd Quzanlıya birləşəndən sonra da bu insanları öz ləqəbləri ilə çağırırdılar. Maraqlıdır ki, bir-iki familiya istisna olmaqla Çaylı yurdundan köçənlərin əksəriyyətinin soyadı Əliyevdir”.
Kolxozların böyüdülməsi siyasətinə qurban gedən kəndlərdən biri də Sofulu yurdudur. Qeyd edək ki, Azərbaycanın bir sıra bölgələrində Sofulu toponimləri var.
Qazaxın Barxudarlı kənd inzibati ərazi dairəsində bu adda kənd var. Məlumata görə, yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunda, qışı isə Qarabağda keçirirmişlər. Sonralar onların oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəlib. Həmin kəndlərdən biri də Quzanlı ərazisində-Xaçın çayının sahilində salınmışdı. Yaşlı nəslin nümayəndələri danışır ki, Sofulu kəndində 100-ə yaxın ev var imiş.
Əhalisi əkinçilik və heyvandarlıqla məşğul imiş. Sofuluda gözəl atlar bəslənirmiş. İnanc etibarilə müsəlman olan sofulular olduqca zəhmətkeş, mərd insanlar imiş. Qeyd edək ki, Xalq Cümhuriyyəti dövründə ərazi üzrə səlahiyyətli nümayəndə-yüzbaşı Sarı Həsənli Sofulu kəndindəndir.
1950-ci illərdə Quzanlıya köçürülən Sofulu camaatının məzarlığı belə Sovet hökuməti dövründə dağıdılıb. Bu barədə Quzanlı sakini Firudin Yolçuyev maraqlı əhvalat nəql edir: “Sovet dövründə mal fermasının yanında “silos” quyuları vardı. Quyuların yanında oynayanda yerdən insan sümükləri, kəllələr çıxırdı. Sonra o sümükləri traktorla kürüyüb bur çalaya doldurdular”.
Yeri gəlmişkən Sofulu kəndindən qalan yeganə nişanə elə Sarı Yüzbaşının məzarıdır. Sovet zamanında “tək qəbir” adlanan məzar bir müddət öncə yüzbaşının nəticəsi tərəfindən təmir edilib.
Elman Cəfərli
Herbiand.az