Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin erməni işğalından azad edildiyi gündür. 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində qəsəbə işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə qaytarılıb.
Herbiand.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu cənub istiqamətində irəliləyərək düşmənin gözləmədiyi istiqamətdə Hadruta doğru hərəkət edib. Qəsəbənin azad olunması müharibənin gedişinə ciddi təsir göstərən mühüm hərbi uğurlardan biri olub.
Hadrut əməliyyatı sonrakı mərhələdə Şuşaya doğru irəliləyiş üçün də strateji əhəmiyyət daşıyıb.
Oktyabrın 7-dən etibarən Hadrut istiqamətində şiddətli döyüşlər başlayıb. Oktyabrın 9-da Azərbaycan Ordusu qəsəbə ilə yanaşı, ətraf ərazilərdəki strateji yüksəkliklərə və bir sıra yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. Həmin gün Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı, Xocavənd rayonunun Sor kəndləri də işğaldan azad edilib.
2021-ci il martın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsinə səfəri zamanı burada Azərbaycan bayrağını ucaldıb və çıxış edib.
Hadrutun azad edilməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin mühüm mərhələlərindən biri kimi yadda qalıb.