Təhsildə nizam-intizam qaydalarının tətbiqi ətrafında süni şəkildə yaradılan ajiotaj və xaricdən idarə olunan informasiya təxribatları cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Dini azadlıqlar pərdəsi altında tirajlanan əsassız şayiələr milli həmrəyliyimizə və daxili sabitliyimizə xələl vurmağa hesablanmış növbəti təzyiq cəhdidir. Reallıqda isə Azərbaycanda etiqad azadlığı tam təmin edilib, məktəblərdəki vahid geyim tələbi isə sırf tədris prosesinin daxili intizamına xidmət edir.
Müstəqil dövlət kimi təhsil siyasətimizi müəyyənləşdirmək müstəsna daxili işimizdir və kənar qüvvələrin bu prosesə müdaxiləsi qəbuledilməzdir. Belə mürəkkəb geostrateji mərhələdə əsas diqqətimiz təxribatlara uymaq deyil, gənclərimizin yüksək təhsilinə və hərbi-vətənpərvərlik ruhunda yetişməsinə yönəlməlidir.
Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Herbiand.az-a açıqlamasında gündəmi məşğul edən məktəblərdəki vahid geyim forması və hicab məsələsi ilə bağlı yaradılan süni ajiotaja, xaricdən idarə olunan təxribat xarakterli kampaniyalara münasibət bildirib.
“Xaricdən idarə olunan müəyyən dairələrin və sosial şəbəkə seqmentlərinin növbəti dəfə ölkəmizə qarşı açıq-aşkar təxribat xarakterli kampaniyaya başladığını müşahidə edirik. Xüsusilə süni şəkildə gündəmə gətirilən, guya Azərbaycanda "hicab qadağası"nın olması ilə bağlı tirajlanan şayiə və kirli informasiyalar tamamilə əsassızdır. Bunu yayanlar qərəzli məqsədlərə xidmət edirlər.
Həqiqət isə göz qabağındadır: Azərbaycanda heç bir dini geyim və ya hicab qadağası yoxdur. Ölkəmizin ali təhsil müəssisələrində, dövlət və özəl iş yerlərində, eləcə də ictimai sferada vətəndaşlarımızın dini etiqad və geyim azadlığı tam təmin olunub. Məktəblərdə tətbiq edilən qaydalar isə heç bir halda dini məhdudiyyət deyil, sırf təhsil müəssisələrinin daxili nizam-intizamını, sosial bərabərliyi təmin edən vahid məktəbli geyim forması tələbləridir.
Müəllim və şagirdlərin müəyyən edilmiş vahid formaya riayət etməsi tədris prosesinin və nizam-intizamın əsas şərtlərindən biridir”-deyə, E.Həsənli bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman milli-mənəvi və dini dəyərlərimizə yüksək hörmətlə yanaşıb: “Üçrəngli dövlət bayrağımızdakı yaşıl rəng belə İslam dininin və xalqımızın zəngin dini irsinin rəsmi simvoludur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda, eləcə də ölkənin hər bir bölgəsində məscidlərin, tarixi-dini abidələrin bərpası, dini icmalara göstərilən hərtərəfli dövlət dəstəyi İslam irsinə verilən ali qiymətin bariz nümunəsidir”.
Emin Həsənli hesab edir ki, təhsil sahəsində daxili nizam-intizam qaydalarının müəyyən edilməsi suveren və müstəqil dövlət kimi Azərbaycanın müstəsna daxili işidir.
“Heç bir xarici dövlət, kənar qüvvə və ya mərkəz ölkəmizin daxili məsələlərinə müdaxilə edə bilməz. Bu cür müdaxilə cəhdləri heç bir xoşniyyətdən qaynaqlanmır, birbaşa ölkəmizə təzyiq göstərmək və cəmiyyətdə nifaq salmaq məqsədi daşıyır.
Biz çox çətin, mürəkkəb geostrateji mərhələdə yaşayırıq. Belə bir həssas dövrdə cəmiyyətimiz, xüsusən də gənclərimiz kənardan gələn qızışdırıcı təbliğata, süni ajiotaja və daxili sabitliyi pozmaq cəhdlərinə qarşı hər zaman ayıq-sayıq olmalıdır.
Bu gün bizim əsas hədəfimiz, milli prioritetimiz gənclərimizin keyfiyyətli təhsil alması, müasir elmlərə yiyələnməsi və yüksək hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.
Çünki dövlətimizin qüdrətini, müstəqilliyimizi və təhlükəsizliyimizi qoruyacaq əsas qüvvə məhz savadlı, milli ruhlu və dövlətinə sədaqətli gənclikdir.
Milli birliyimizə xələl gətirmək, cəmiyyəti parçalamaq istəyən hər bir təxribatçı cəhdə qarşı hər bir sağlam düşüncəli vətəndaşımız qətiyyətli möqeyini ortaya qoymalı, bu psixoloji hücumların qarşısını birlikdə almalıyıq”.
Aydın
Herbiand.az