Advertisment

Hər məkanın öz mənəviyyatı, hər qaydanın öz məntiqi-Əkbər Qoşalı yazır

(Yaxud məktəbli geyimi haqqında sakit bir düşüncə…)

Məscidə gedərkən müəyyən geyim və davranış qaydalarına riayət edilir. Xanımların baş örtməsi, kişilərin ibadət məkanına uyğun geyinməsi, oraya məkanın yazılmış-yazılmamış qaydalarına yaraşmayan əşya və davranışlarla daxil olmaması təbii qarşılanır. Heç kim bunu, bir qayda olaraq, insan azadlığına qəsd saymır. Çün məscidin öz təyinatı, öz mənəvi iqlimi, öz ədəb-ərkanı olduğunu anlayırıq. Eləcə də, kilsə və sinaqoqların da öz qaydaları vardır, əlbət…

Eyni məntiqlə hərbi hissəyə, hüquq-mühafizə orqanlarına, müəyyən dövlət qurumlarına nəzər salaq. Burada da geyim intizamın, mənsubiyyətin, institusional mədəniyyətin ifadəsidir. Hərbi qulluqçunun geyimi onun şəxsi zövqündən daha geniş anlam daşıyır. Çün o, müəyyən bir qurumu, müəyyən bir məsuliyyəti təmsil edir.

Yaxşı bəs məktəb?

Məktəb də öz qaydaları, öz gələnəkləri, öz pedaqoji və mənəvi mühiti olan ictimai institut deyilmi?

Əlbəttə, məscidlə məktəbin, hərbi hissə ilə sinif otağının hüquqi statusunun eyni olmadığı bəllidir; lakin hər kəs bir məktəbdən keçir, çox şey məktəbdən başlayır... Məktəb həm də uşağın təhsil hüququnun gerçəkləşdiyi məkandır. Ancaq bu fərqlilik onların hər birində müəyyən davranış, geyim mədəniyyətinin mövcud ola bilməsi həqiqətini aradan qaldırmır.

Burada, məncə, məsələnin kulturoloji mahiyyətinə diqqət yetirməliyik.

Mədəniyyətin yalnız insanın nəyi etmək azadlığı olmadığını bildiyimiz kimi, harada, nə zaman və necə davranmaq məsuliyyəti olduğunu da bilirik.

Azadlıqla qayda bir-birinin düşməni sayıla bilməz. Əksinə, düşünülmüş qayda azad insanların birgəyaşayış mədəniyyətinin önəmli şərtlərindən biridir.

Azərbaycan dünyəvi dövlətdir. Bu, siyasi-hüquqi müəyyənliyin ifadəsi olmaqla yanaşı, fərqli inancların birgəyaşayışını təmin edən konstitusion dəyərdir. Dünyəvilik bizimçün dinsizlik sayılmayıb, sayılmır və sayılmayacaq. Dünyəvilik insanın dini inancına sayğı, dövlət institutlarının dini mənsubiyyətdən asılı olmadan fəaliyyət göstərməsi arasında hüquqi tarazlıqdır.

Vətəndaşın dini inancı, ibadəti, mənəvi dünyası onun toxunulmaz hüquqlarındandır. İnsan öz inancını yaşaya, dini mərasimlərdə iştirak edə, qanun çərçivəsində dini mənsubiyyətini ifadə edə bilər. Bu azadlıqların qorunması dünyəvi dövlətin də məsuliyyətidir.

Ancaq dövlət məktəbinin öz geyim qaydalarının olması da ayrıca bir məsələdir.

Məktəbli forması uşağın hansı dinə mənsub olduğunu göstərmir; həmin forma, şagirdin hansı təhsil ocağında oxuduğunu ifadəyə xidmət edir. Bu geyimin mahiyyətində uşaqlar arasında ortaq mühit yaratmaq, məktəb intizamını möhkəmləndirmək, zahiri fərqlərin təhsil prosesində ön plana çıxmasını azaltmaq düşüncəsi dayanır. Bir də, axı məktəbli geyiminə dair qaydalar əlahiddə şəkildə, məqsədyönlü olaraq hansısa dini elementə qarşıymış kimi yozulmamalıdır; məgər məktəbli geyiminə dair qaydalar yalnız dini geyimlə bağlıdır? Digər geyim və bəzək elementlərinə də müəyyən tələblər qoyulmurmu? – Əlbəttə, qoyulur!

Doğrudur, bütün bunlarla sosial fərqlərin aradan qalxdığını söyləmək sadəlövhlük olardı. Ancaq vahid geyim müəyyən anlamda ortaq məktəb kimliyinin rəmzi ola bilər.

Qardaş Türkiyənin təcrübəsi də bu baxımdan düşündürücüdür. Orada uzun illər təhsil və dövlət müəssisələrində dini geyimlə bağlı məhdudiyyətlər tətbiq edilib, sonralar isə həmin qaydaların bir qismi dəyişdirilib. Məsələn, 2014-cü ildə məktəbli geyiminə dair qaydalara edilən dəyişikliklərlə orta və yuxarı siniflərdə baş örtüyünə imkan yaradılıb. Deməli, dünyəvi dövlət prinsipi ilə konkret geyim qaydalarının tətbiqi müxtəlif dönəmlərdə fərqli hüquqi həllini tapa bilir.

Bu örnəkdən çıxan sonuc hansısa ölkənin modelini olduğu kimi təkrarlamaq deyil. Əsas məsələ budur ki, dövlətin dünyəviliyi, vicdan azadlığı və təhsil müəssisəsinin daxili nizamı bir-birindən fərqləndirilərək düşünülməlidir.

Sizcə, bizim müzakirələrimizdə də bax, bu fərqləndirməyə ehtiyac yoxdurmu?

Azərbaycan məktəblərində geyim qaydaları ilə bağlı qəbul edilmiş qərarların dini inancların qadağan edilməsi kimi təqdim olunması məsələnin hüquqi və pedaqoji mahiyyətini kölgədə qoymamalıdır. Eyni zamanda, müəyyən geyimi dini inancının tərkib hissəsi sayan insanların rahatsızlığına da aydın, elmi, hüquqi izahatlar verilməsi ümumi işin xeyrinədir.

Yəni nə inanclı insanı incitməyə, nə də məktəbin qanuni qaydalarını önəmsizləşdirməyə ehtiyac var.

Bir incə məqamı da unutmayaq: söhbət əsasən yetkinlik yaşına çatmamış uşaqlardan gedir. Uşaq ailəsinin mənəvi dəyərləri ilə böyüyür, məktəbdə isə həm bilik qazanır, həm də daha geniş toplumun ortaq yaşayış qaydalarını mənimsəyir. Ailə ilə məktəb bir-birinin rəqibi sayılmamalı, onlar uşağın şəxsiyyət kimi formalaşmasında tərəfdaş olmalıdır.

Elə buna görə də məktəb qaydalarının izahı və tətbiqi zamanı uşağın ləyaqəti, təhsil hüququ, psixoloji rahatlığı qorunmalı, ata-analarla dialoqa üstünlük verilməlidir.

Məktəbli nə dini mübahisələrin iştirakçısına, nə də böyüklər arasında yaranan fikir ayrılığının daşıyıcısına çevrilməlidir.

Məncə, bu məsələdə bizə ən çox gərək olan anlayış qayda mədəniyyətidir.

Qaydanın mədəniyyəti onun ədalətli, aydın, mütənasib və insani şəkildə tətbiqində özünü göstərir.

İnancın da öz mənəvi dərinliyi var, məktəbin də öz ictimai missiyası… Bunları qarşı-qarşıya qoymaq əvəzinə, hər birinin yerini və mahiyyətini düzgün anlamağa çalışmaqda fayda var.

Axı mədəniyyətin yetkinlik ölçülərindən biri də insanın öz hüququnu idrakla yanaşı, başqasının hüququna, ortaq həyatın qanuni qaydalarına sayğı göstərməsidir.

İnanca sayğı mədəniyyətdir; qanuni qaydaya riayət mədəniyyətdir; qaydanı insan ləyaqətini qoruyaraq tətbiq etmək isə daha yüksək mədəniyyətdir.

Bəlkə də bu müzakirələrdən çıxarmalı olduğumuz ən önəmli sonuc elə budur…

“TURANA QILICDAN DAHA KƏSKİN ULU QÜVVƏT,

YALNIZ MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT!” (H.Cavid)