Herbiand.az xatırladır ki, bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpası və Kəlbəcərin 27 illik işğaldan sonra doğma Vətənə qovuşması ilə əlamətdardır.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edilib və hər il dövlət səviyyəsində qeyd olunur.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanata əsasən, Kəlbəcərin noyabrın 15-də Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Ermənistan tərəfinin müraciəti ilə bu müddət əlavə 10 gün uzadıldı və noyabrın 25-də Azərbaycan Ordusu rayon üzərində nəzarəti bərpa etdi.
Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində 53 min 340 nəfər doğma yurd-yuvasından didərgin salınmış, 55 hərbçi və 511 mülki şəxs öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. Minlərlə sakin müxtəlif dərəcəli xəsarətlər almışdı.
Bu gün Kəlbəcərdə yeni həyat başlayıb. Rayonun yaşayış məntəqələrində genişmiqyaslı quruculuq işləri aparılır, yollar, elektrik və digər kommunikasiya xətləri çəkilir, sosial infrastruktur yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdan sakinlər Kəlbəcərin yenidən qurulmasında iştirak edirlər.
Kəlbəcərin azadlığı Azərbaycan tarixinin şanlı səhifələrindən biri, onun yenidən qurulması isə Böyük Qayıdışın mühüm rəmzlərindəndir.
Aydın