Son illər İranın Borçalıda dini-ideoloji istiqamətdə fəallaşması ciddi narahatlıq doğurur. Müxtəlif təsir mexanizmləri vasitəsilə yerli əhalinin müəyyən hissəsinin İranın dini ideologiyasının təsiri altına düşdüyü bildirilir.
Bu proses təkcə dini müstəvidə deyil, həm də ictimai düşüncə, milli kimlik və geosiyasi maraqlar kontekstində də diqqətlə qiymətləndirilməlidir.
Belə bir şəraitdə Borçalıda milli-mənəvi dəyərlərin, dünyəvi təhsilin və Azərbaycanla mənəvi əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bəs bölgədə İranın ideoloji təsir imkanlarını məhdudlaşdırmaq üçün hansı addımlar atılmalıdır? Araşdırmaçı jurnalist Elman Cəfərli Herbiand.az-a açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlılarla mədəni inteqrasiyanın gücləndirilməsi və tarixi-mənəvi əlaqələrin daha da genişləndirilməsi istiqamətində bir sıra təkliflərlə çıxış edib.

O bildirib ki, Borçalıda Azərbaycanla bağlı mədəni, maarifləndirici və ictimai təşəbbüslərin artırılmasına ehtiyac var. Jurnalistin fikrincə, bu məqsədlə ziyalıların, alimlərin, həkimlərin, müəllimlərin və media nümayəndələrinin bölgə ilə əlaqələri gücləndirilməlidir:
“Soydaşlarımızın bilik və peşə təcrübəsindən yararlanmaq Borçalıda milli-mədəni bağların möhkəmlənməsinə mühüm töhfə verə bilər. Əslən Gürcüstandan olan yaşı 60-ı ötmüş, alim, həkim, müəllim, məmur soydaşlarımızın Borçalıya qayıdışı artıq zərurətə çevrilib. Başqa cür İranın bölgədəki təsir imkanlarını məhdudlaşdırmaq çətin olacaq.
Qoy, onlar gedib Borçalıda fəaliyyət göstərsinlər. Orada tədris kursları, stomatoloji klinikalar açsınlar, yerli media qurumları yaratsınlar, KİV-lərdə fəaliyyət göstərsinlər. Gürcüstanda fəaliyyət göstərən mərkəzi radiostansiyalardan birində çalışan Ramilya Əliyeva var.
O, çox istedadı, peşəkarlığı və təşəbbüskarlığı ilə seçilən bacarıqlı gəncdir. Gürcü dilini mükəmməl bilən Ramilya Əliyeva yerli cəmiyyətə uğurla inteqrasiya olunub, həm peşəkar fəaliyyəti, həm də ictimai əlaqələri ilə Azərbaycanlıların Gürcüstan cəmiyyətində təmsilçiliyinn uğurlu nümunəsidir.
Hesab edirəm ki, onun gördüyü işlər Bakıda oturub Borçalıdan danışmaqla kifayətlənən, lakin real fəaliyyət ortaya qoymayan insanların söhbətlərindən qat-qat faydalıdır. Əsas məsələ sözlə deyil, əməli fəaliyyətlə bölgədəki soydaşlarımızın yanında olmaq və onların inkişafına töhfə verməkdir”.
Elman Cəfərli deyib ki, Gürcüstana qayıdacaq ziyalıların orada insanlara arasında xüsusi təbliğat aparmasına da gərək yoxdur: “Sadəcə, yaşadıqları mühitdə insanlarla ünsiyyət qurmaq, öz bilik və təcrübələrini bölüşmək kifayətdir.
Bakıda formalaşmış dünyagörüşü, müasir təfəkkürü və peşəkar təcrübəsi olan bu insanların bölgəyə qayıdışı yerli ictimai düşüncənin inkişafına, xarici təsirlərə qarşı sağlam mövqenin formalaşmasına mühüm töhfə verə bilər.
Eyni zamanda, onların bölgədə təhsil, səhiyyə, sahibkarlıq və media sahələrində təşəbbüslərlə çıxış etməsi mühüm nəticələr doğuracaq. Borçalıda yeni iş yerlərinin açılması, maarifləndirici layihələrin həyata keçirilməsi və gənclərlə sistemli işin qurulması bu prosesin əsas istiqamətlərindən olmalıdır”.
Aydın