Noyabrın 29-da Quba Olimpiya Kompleksində 30 noyabr – Kompüter Təhlükəsizliyi Gününə həsr olunmuş Kiber Düşərgə çərçivəsində “Gənclərin CTF Kuboku 2026” yarışı təşkil olunub.
Herbiand.az xəbər verir ki, ölkənin müxtəlif regionlarını təmsil edən gənclərin iştirak etdiyi yarışın əsas məqsədi düşərgə müddətində əldə olunan nəzəri bilik və praktiki bacarıqların sınaqdan keçirilməsi, iştirakçıların kibertəhlükəsizlik sahəsində biliklərinin möhkəmləndirilməsi və praktiki təcrübələrinin artırılması olub.
İştirakçılar kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə hazırlanmış tapşırıqları yerinə yetirərək texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin bağlanış və mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov çıxış edərək kibertəhlükəsizlik sahəsində ixtisaslı gənc kadrların yetişdirilməsinin, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin, eləcə də bu istiqamətdə praktiki təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.
Mərasim zamanı düşərgənin təşkilində fəal iştirak edən təlimçilərə və könüllülərə sertifikatlar, tərəfdaş və sponsorlara isə təşəkkürnamələr təqdim olunub. Ardınca “Gənclərin CTF Kuboku 2026” yarışının nəticələri açıqlanaraq qalib komandalar mükafatlandırılıb.
Qeyd edək ki, Kiber Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilib.