Advertisment

Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər

Qəbul imtahanı prosesindəki ən əsas problemlərdən biri qəbul imtahanları üçün tərtib olunan test tapşırıqları ilə vahid mərkəzləşdirilmiş tədris proqramları arasındakı uyğunsuzluğun olmasıdır.

Bu sözləri təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, repetitorluğun böyük miqyasda inkişaf etməsinin əsas səbəblərindən biri də məhz bu uyğunsuzluq olub: “Çünki qəbul imtahanı prosesində rastlaşdığı suallarla dərsliklərdəki mövzuların təqdimatı arasında abituriyent kifayət qədər böyük fərq görüb.

Bu vəziyyət illər ərzində davam etdikcə repetitorluq da sürətlə yayılmağa başlayıb.

Vaxtilə təhsil nazirlərindən biri repetitorluğu “təhsilin kürəyinə vurulan xəncər yarası” adlandıranda onu çox məzəmmət etdilər, fikri ilə razılaşmadılar. Təbii ki, razılaşmayanların çoxu repetitorlar idi.

Həmin repetitor tədris proqramı ilə qəbul imtahanı standartı, oradakı suallar arasındakı uyğunsuzluq arasında körpü yaradan şəxs idi. 

Bu xidməti ödəniş qarşılığında həyata keçirirdi və nəhayət, abituriyent məhz repetitorun sayəsində bir mövzu üzrə qəbul imtahanı ilə tədris proqramı arasındakı fərqi, uyğunluğu tapa bilirdi. Bu, arzuolunmaz bir vəziyyət idi.

Ən güclü uşaqlar belə repetitorsuz seçilə bilmirdilər. Bu, çox ciddi problemdir. Bu gün standart orta təhsil müəssisəsində ən hazırlıqlı uşaq belə repetitor yanına getmədən universitetə qəbul olmaq xəyalı qura bilmirdisə, deməli, bu mexanizmdə ciddi problem var idi”.

Ekspert hesab edir ki, bu problemin aradan qaldırılması qəbul imtahanı prosesində çox müsbət, hətta yeniliyin yaranmasına gətirib çıxara bilər: “Doğrudur, imtahanı təşkil edən qurum Dövlət İmtahan Mərkəzi (DİM) həmişə bildirirdi ki, suallar Elm və Təhsil Nazirliyinin təqdim etdiyi mərkəzləşdirilmiş proqram, kurikulum proqramı əsasında hazırlanır.

Suallar hər hansı bir fənn üzrə məzmun standartlarından və məzmun xətlərindən kənara çıxmır. Bununla razıyıq. Kənara çıxmır, öz yerində. Amma necə hazırlanırdı? Məktəb həmin o “necə”nin öhdəsindən niyə gələ bilmir? 

Əsas sual budur. Məktəblə qəbul prinsipi arasında əlaqənin yaradılması üçün qəbul imtahanlarında çox ciddi bir vasitə yaranmalıdır. DİM-in Elm və Təhsil Nazirliyi ilə birləşdirilməsi və ümumiyyətlə, qəbul mexanizmində belə dəyişikliklərin olması bu problemin öhdəsindən gələ bilər.

Ümumiyyətlə, qəbul mexanizmi ən çətin olan ölkələrdən biriyik. Bir abituriyent qəbul imtahanında iştirak etmək üçün çox çətin mərhələlərdən keçir. Buraxılış imtahanı, blok imtahanı, həddindən artıq qəliz, açıq tipli suallar, ingilis dilindən esselər və sair.

Bütün bunlar tələbə olana qədər abituriyenti psixoloji olaraq da yorur. Ona görə də tələbələrin bir çoxu oxumaq istəmir. Çünki hazırlıq prosesində o qədər yorulublar ki, artıq əlavə informasiya əldə etməkdə xeyli çətinlik çəkirlər.

Arqumentləri də odur ki, abituriyent vaxtı çox oxuyublar, indi dincəlmək istəyirlər. Halbuki əsas oxumaq vaxtı bundan sonra başlayır. Bu da məsələnin psixoloji tərəfidir”.

O bildirib ki, hazırda məktəblərdə tədris olunan proqramla qəbul imtahanlarının tələbləri arasında müəyyən uyğunsuzluqlar var: “Amma burada məktəbin də üzərinə düşən öhdəlik var. Məktəb həmin tədris proqramının tələblərinə, kurikulum öhdəliyinə uyğun tədrisi daha yaxından təşkil etməlidir. Nəzəri olaraq, tədris proqramı müasir kurikulum məzmun standartlarına uyğun hazırlanıb. 

Amma onun tətbiqi buna cavab vermir. Bu problem də aradan qaldırılmalıdır. Bütün bu problemlərin kökündə ortaq bir yanaşma dayanır. Məktəb öz işində müasir kurikulum standartlarını yazılı şəkildə, nəzəri olaraq tələb etsə də, icra baxımından bunu həyata keçirə bilmir. 

Qəbul standartlarında, qəbul proqramında və qəbul suallarının hazırlanmasında isə bu boşluq nəzərə alınmır. Ortada itirən abituriyent olur. Bu, illərdir belə davam edir. Məhz bu problemi aradan qaldırmaq üçün yeniliyə, lazım gələrsə, struktur dəyişikliyinə ciddi şəkildə ehtiyac var.

DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi bu baxımdan faydalı ola bilər. Yetər ki, burada müasir təfəkkürlü təhsilin, kurikulum məzmun standartlarının, kurikulum xəttinin və təfəkkür təhsilinin şagirdə təsiri daha çox olsun”.

APA