Son 30 ildə Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ekoloji tarazlıq çox ciddi şəkildə pozulub.
Azərbaycana aid təbii sərvətlər məhv edilib, istismar olunub. Təqribi hesablamalara görə, işğal dönəmində ermənilər tərəfindən Azərbaycanın 54 min 328 hektar meşə sahəsi məhv edilib. Qarabağ və Şərqi Zəngəzurda yerləşən, Qırmızı ktaba daxil edilmiş növlərin qorunub saxlandığı Bəsitçay ve Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı və Daşaltı yasaqlıları talan edilib. İşğal dönəmində həmçinin Zəngilanda qiymətli Şərq çinarı meşəsi, yaşı 1000-2000 ildən çox ağaclar məhv edilib.
“Bu zərəri aradan qaldırmaq 5-10 ilə mümkün olmayacaq”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev hesab edir ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycana qarşı misli görünməmiş ekoloji cinayətə əl atıb:
“Qarabağ münaqişəsi başlayandan keçən son 30 ildə Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirib. İşğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar edilib, nəticədə ekoloji tarazlıq pozulub. Azərbaycanın əsas çayları dağ-mədən sənayesinin ağır metal tullantıları ilə çirkləndirilib.
Müasir dövrdə gedən müharibələr daha qorxuncdur, təbiətə daha çox ziyan vurur. Minalar partlayır, tırtıllı texnika hərəkət edir, partlayıcı maddələr işə düşür. Nəticədə torpaqların strukturu dəyişir. Torpaq canlı mühitdir. Struktur yuxarıdan aşağıya doğru qurulub.
Üst qat, orta qat, aşağı qatlarda gedən dəyişiklik böyük faciədir. Qarabağ müharibəsində, son 30 ildə Ermənistan tərəfindən təbiətimizə, ekosistemimizə külli miqdarda ziyan dəydi. Azərbaycanın ekologiyasına, meşə fonduna, su resursların, torpağına dəymiş ziyanı aradan qaldırmaq 5-10 ilə mümkün olmayacaq. Vyetnam müharibəsindən 50 il vaxt keçib, bu gün də ölkənin təbiətə vurulmuş ziyan aradan qaldırmaq mümkün olmur.
Vyetnam təbiətinə oranj kimi zərərli maddə atılıb. O maddə insanın nəfəs borusunu tamamilə məhv edir. Minlərlə insan o maddənin sonrakı fəsadından məhv oldu, ağır xəstəliklər tapdı. Vyetnam torpaqlarının çox hissəsi hələ də zəhərli maddələrlə çirkləndirilib. İkinci Dünya müharibəsindən sonra Rusiya torpaqları xeyli dərəcədə çirklənməyə məruz qaldı. Bizim əsas problemlərimizdən biri də torpaqlarımızın minalarla və partlamamış sursatlarla çirklənməsidir. Ermənistan işğalçıları son 30 ildə, hətta 44 günlük müharibədən sonra torpaqlarımızda piyada və texnika əleyhinə minalar basdırıblar.
Ərazilərimizin minalardan təmizlənməsi uzun zaman alacaq. Təxmini hesablamalara görə, 1 minanın təmizlənməsi büdcəyə min manata başa gəlir. Mən ölkəmizə dəymiş ziyanın hesablamalarında iştirak etmişəm. Bu günə qədər Azərbaycana 262 milyarddan çox ziyan dəyib”.
Ə.Əliyev bildirib ki, Azərbaycana qarşı ekosid həyata keçirən Ermənistan beynəlxalq konvensiyaları kobud şəkildə pozur:
“Bir sıra çaylarımız Ermənistandan axır. Bəla burasındadır ki, Ermənistan su hövzələrinə aid heç bir beynəlxalq konvensiyanı imzalamayıb. Beynəlxalq öhdəlik götürmədikləri üçün və nəzarətsizlikdən çaylarımıza qarşı istənilən yaramazlıqları edirlər. Kiçik Qafqazın sularının tərkibi çox zəngindir. Vulkanik suxurlardan mənbələndiyinə görə bu suların keyfiyyət göstəricisi çox yüksəkdir. Məsələn, Naxçıvan suları çox keyfiyyətlidir.
Bu xüsusiyyətinə görə, Naxçıvan dünyanın hidroloji muzeyi hesab olunur. Qarabağ suları da elədir. 15-18 min il qabaq ərazi vulkanik suxurlarla örtülüb. Bu sahələrdə minerallarla çox zəngindir. Ermənistanın dağ-mədən sənayesi Güney Qafqazın su resurslarını zəhərləyib.
Çox təəssüf ki, proses bu gün də davam edir. 100-120 kilometrdən sonra çay özü-özünü təmizləyir. Lakin ion şəklinə keçəndə onu təmizləmək mümkün olmur. Şərqi Zəngəzur və Qarabağ torpaqlarının təmizlənməsi, özünü bərpası 10 illərlə vaxt alacaq və proses böyük maliyyə vəsaiti tələb edir. 20-30 il ərzində o torpaqların məhsuldarlığı bərpa edilməlidir”.
Dosent hesab edir ki, ermənilərin ekoloji cinayəti ilə bağlı faktlar beynəlxalq təşkilatlara təqdim olunmalıdır:
“Yəqin ki, müəyyən beynəlxalq qurumlara təqdim olunacaq. Qarabağ və Şərqi Zəngəzurda elə sahələr var ki orada bərpa 1-2 ilə başa gəlir. Məsələn, zəmini yandırıb gediblər, növbəti ildə orada başqa bitkilər əkmək olur. Ancaq yandırılmış meşələrin bərpasına uzun müddət lazım olur. Xüsusən Dağlıq Qarabağ kimi soyuq mühitdə, qışı uzun çəkən bölgədə ekosistemin özünübərpasına uzun müddət lazım olur”.
“Ağdamda 100 hektardan çox püstə meşəsi məhv edilib”
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru dosent Zaman Məmmədov isə bildirib ki, erməni vandalları işğal dönəmində əkinə yararlı torpaqların bir qismini məhv ediblər:
“30 il Qarabağ və Şərqi Zəngəzur 30 il ərzində ermənilər tərəfindən vandalizmə məruz qalıb. 2021-ci ilin mayında ilk tədqiqatlara başladıq. Minalı sahələrdə araşdırma aparırdıq. ANAMA-nın əməkdaşları ilə birlikdə Hadrutda, Qozluçay ətrafında, Göndələnçay su anbarı çevrəsində olduq. Ermənilərin torpağa, suya, ümumiyyətlə canlı aləmə, təbiətə vandal münasibəti insanda ürək ağrısı yaradır. Ərazilərdə təbii sərvətlər həddən artıq kortəbii, standartlardankənar istifadə olub. Cəbrayıl-Zəngilan arasında Kollu örüş uqdiyası adı altında istifadə olunan torpaqlar başdan-başa hərbi poliqona çevrilmişdi. Səngərlər, quyular, xəndəklər hörümçək toruna bənzəyirdi.
Bu cür vandal yanaşma ərazinin tamamilə məhvi deməkdir. Qarabağ və Şərqi Zəngəzur ərazisində relyef baxımından dağlıq və aşağı hissələr dağətəyi maili düzənliyə malikdir. Ərazi xüsusi meyllənmə relyefinə malikdir. Bu meylənmə şəraitində torpaqların eroziyaya meyliliyi zatən təbiətdə mövcuddur. Ermənilərin vandal yanaşması hərbi eroziyanın dəfələrlə artmasına gətirib çıxarıb. Elə xəndəklər qazıblar ki, onun içərisi ilə iri yük maşınları keçir, amma onlar ətrafdan görünmür. Həmin ərazidə çox ciddi yarğan eroziyasının yaranmasına gətirib çıxarır. Eroziya deqradasiya amilinin xüsusi əhəmiyyət kəsb edən hissəsisdir. Ölkə ərazisində torpaqların 42 faizi artıq eroziyaya məruz qalıb.
Torpaqların 30 faizi şoranlaşıb və şorəkətləşib. Azərbaycan aztorpaqlı ölkələr kateqoriyasına aiddir. Kənd təsərrüfatında istifadə olunan torpaqlar adambaşına 58 sot (0.58 ha) düşür. Bu dünya üzrə çox kiçik rəqəmdir”.
Zaman Məmmədovun fikrincə, işğal faktoru təkcə Qarabağ və Şərqi Zəngəzura təsir etməyib, digər bölgələrdə də mənfi fəsadlara yol açıb:
“Bu bölgələrdən başqa digər bölgələr də mənfi təsirlərə məruz qalıb. Tarixən yay otlaqlarının əksər hissəsi Kiçik Qafqazda-Kəlbəcər və Laçında olub. Həmin yay otlaqlarının götürdüyü heyvan yükü işğal dövründə digər otlaqlara-Talış dağları və Böyük Qafqazda olan otlaqlara düşüb. Bu otlaqlarda yüklənmə dəfələrlə artıb.
Son 30 ildə dağlıq ərazilərdə eroziya prosesi intensivləşib. Eroziyanın təsiri fonunda bitki örtüyünün, biomüxtəlifliyin deqradasiyası baş verib. Bu baxımdan ermənilərin vurduğu ziyanın miqyasını çox böyükdür, ölçüyəgəlməzdir”.
“Laçında 30 hektarlıq aqromeşədən cəmi 1 alma ağacı qalıb”
Bioloq alim bilıdirib ki, ermənilərin vəhşiliyi bir sıra növlərin tamamilə məhvinə gətirib çıxarıb:
“Ərazidə ciddi mina faktoru var. Bu baxımdan hələ geniş miqyasda tədqiqatlar gələcəkdə aparılacaq. Azərbaycan üçün endem olan Şrəq çinarının məhvi gözqabağındadır. Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələrin qırılması müşahidə edilib. Ağdamda təxminən 100 hektardan çox püstə meşələri vandal hücumuna məruz qalıb və artıq tarixə qovuşub. Laçın rayonun Kamallı kəndi ərazisində 30 hektara yaxın aqromeşə var idi. Biz o ərazini peyk məlumatları ilə davamlı izləyirik. Təxminən 100 ilə yaxın yaşı var idi o aqromeşənin.
Orada müxtəlif alma, gilas, albalı, tut ağacları var idi. O boyda məhsuldar meşədən cəmi 1 alma ağacı qalıb. Meşələrin qırılması torpaqda neqativ proseslərin: deqradasiya və eroziyanın yaranmasına gətirib çıxarır. Torpaqlar bozqırlaşır. Laçında Şəlvə, Həkəri, Minkənd, Hoçaz çayları ətrafında yerli əhalinin qızıl palıd adlandırdığı-qiymətli qırmızı palıd növləri var idi. Bu dünyada ən qiymətli ağac növlərindən sayılırdı. Bu ağaclar qırılaraq Ermənistana daşınıb, orada taxta email zavodlarında istifadə olunub, oradan da Avropaya aparılıb. Avropada o ağaclardan mebel sənayesində və çaxır çəlləklərinin hazırlanmasında istifadə olunub.
Belə bir yanaşma var ki, dünyanın ən bahalı çaxırları qırmızı palıddan hazırlanmış çəlləklərdə saxlanılır”.
Z.Məmmədov bildirib ki, Ağdam rayonunun ümumi meşə sahəsi onun təxminən 4 min 743 hektar olmuşdusa, onun təxminən 26 faizi məhv edilib.
“Cəbrayıl rayonu üzrə meşələrin və bitkilərin 90 faizi məhv olub. Orada kollar, meşələr, ot bitkilər tamamilə məhv olub, ərazidə yarımsəhra vəziyyəti yaranıb. Ümumilikdə işğal dönəmində Xankəndi üzrə 11.6 faiz, Xocavənd üzrə 17 faizdən çox, Kəlbəcər üzrə 23, Laçın üzrə 36, Şuşa üzrə 36 faiz, Tərtər üzrə 6, Zəngilan üzrə 46, Füzuli üzrə 2 faizə yaxın, Qubadlıda 50 faiz meşə ərazisi məhv edilib”,-deyə bioloq alim bildirib.
“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistanın ekoloji terroru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Cavid Şahverdiyev