Advertisment

Azərbaycan Respublikası Dövlət Neft Fondunun ölkə iqtisadiyyatının inkişafında yeri

Təbii sərvətlərdən əldə edilən gəlirlərin effektiv idarə edilməsinin makroiqtisadi inkişafa təsiri

 

“Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”

Heydər Əliyev

Azərbaycan Respublikasının Ümummilli Lideri
 

Azərbaycan nəinki regionda hətta dünyada ən çox neft hasil edən ölkələrdən biri olaraq tanınır. Bununla yanaşı biz tarixə nəzər saldıqda açıq şəkildə görə bilərik ki, Azərbaycan həm də dünyada neft hasil edən ilk ölkələrdən biridir. Yaxın Şərq, Avropa tarixçiləri Azərbaycana səfər etdikləri zaman bu barədə qeydlər belə aparıb. Hətta dünyada böyük tarixi əhəmiyyətə malik neftin mexaniki üsulla qazılaraq quyulardan hasil edilməsi prosesi 1847-ci ildə ilk dəfə Bakıda həyata keçirildi. Bu proses 1920-ci ilədək davam edib.

Bakı nefti çox böyük önəmə malik idi. Hətta II Dünya Müharibəsi zamanı ən önəmli şəhərlərdən biri də məhz Bakı idi. O zaman müharibəyə yanacağın təxminən 70-80%-ni Bakı nəql edirdi. Faşist Almaniyası öncə Bakını hədəf almışdı. Beləki, görkəmli azərbaycanlı alim Yusif Məmmədəliyev yüksək oktanlı benzin əldə edərək müharibənin qələbə ilə nəticələnməsinə öz  böyük töhfəsini vermişdir.

ULU ÖNDƏR VƏ  AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdikdən sonra neft müstəqil Azərbaycanın inkişaf etməsinə böyük dəstək oldu. Belə ki, neft ölkəyə  xaricdən investisiyaların axınını sürətləndirdi. Bütün bu işlərin nəticəsi olmaqla yanaşı neft və qazın mənbəyinin axtarılıb tapılması, işlənməsi və hasil edilməsi zamanı  bölgüyə dair sərmayəçilər arasında müqavilələrin reallaşdırılması və Xəzərin Azərbaycana aid olan hissəsində yeraltı sərvətlərin kəşfiyyatının həyata keçirilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi.

Əlbəttə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi  həm də öz növbəsində Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu ölkəmizin iqtisadiyyatının artan diaqram üzrə inkişaf etməsində böyük rola malikdir. Biz bunu yarandığı 25 illik keşməkeşli yola nəzər saldıqda əminliklə deyə bilərik.

Bu illər ərzində önəmli müqavilələrin imzalanması, beynəlxalq layihələrin təşkilatçılığının öhdəliyə götürülməsi və həmçinin dünya əhəmiyyətli layihələrin iştirakçısı olmaq kənardan asan görünsə də, əslində olduqca çətin proseslərdəndir.

Hazırda ulu öndər Heydər Əliyevin Azərbaycanın makroiqtisadiyyatını inkişaf etdirilməsi məqsədi ilə yaradılmış və  bizə mirası olan Azərbaycan Respublikası Dövlət Neft Fondu öz etimadını layiqincə doğruldur və daha da inkişaf etdirir.

Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən müzəffər Ali Baş Komandan İlham Əliyevin də Fondun yaradılmasında əvəzsiz rolu var.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun birbaşa vəzifəsi ölkəmizin vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənfəəti üçün neft təbii sərvətinin düzgün və lazimi istiqamətdə işlənməsi və  bu sahədə bağlanmış sazişlərin həyata keçirilməsindən, o cümlədən Fondun öz fəaliyyətindən əldə olunan pul vəsaitinin yığılmasını və lazimi şəkildə idarə olunmasını təmin etməkdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycan Respublikasının Dövlət Büdcəsinə böyük töhfə verir. Azərbaycanın xarici borcunun minimunlaşdırılmasına dəstək göstərir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayır. Bununla yanaşı, Fond daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edilməsi prosesi həyata keçirilir.

Azərbaycan iqtisadiyyatının mövcud və gələcək artımı, dayanıqlığı hökumətin həyata keçirdiyi fiskal və monetar tədbirlərin effektivliyindən, eləcə də xam neftin qiymətlərindən və Azərbaycanın milli pul əsginası olan manatın sabitliyindən əhəmiyyətli dərəcədə asılıdır. Neft qiymətlərində azalma və milli valyutanın əsas xarici valyutalara qarşı devalvasiyasının mənfi nəticəsi olaraq 2016-cı ildə ölkədə kəskin iqtisadi böhran baş verdi. Azərbaycan hökuməti də uzunmüddətli iqtisadi sabitliyi və dayanıqlığı təmin etmək məqsədilə islahatlar həyata keçirdi. İqtisadi islahatlara əsasən, inflyasiya kəskin şəkildə aşağı düşdü və sabitləndi. Bundan əlavə Azərbaycanda iqtisadi artım müsbət səviyyədə qalmaqda davam etməkdədir. Milli valyutanın məzənnəsi dayanıqlı səviyyədə olmuş və ölkənin xarici sektorunda müsbət tendensiyalar müşahidə olundu. Neft hasilatı yüksək həddə çatıb. Hazırda neft hasilatındakı azalmanın qismən qaz hasilatındakı artımla əvəzlənəcəyi gözlənilir.

FOND GƏLİRLƏRİ İLBƏİL ARTIR

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin və xərclərinin şəffaf, səmərəli idarə edilməsi, dövlət büdcəsindən asılılığının azalması istiqamətində gördüyü işlər danılmazdır. Əlbəttə, söhbət təbii sərvətlərdən gedirsə, burada stabil gəlirlərdən söhbət gedə bilməz. Lakin Azərbaycan nefti dünya bazarında öz qiymətini yüksək saxlamağa davam etməkdədir.

Yəni fondun gəlirləri neftin dünya bazarında olan qiymətindən asılı olaraq dəyişir. Bu da öz növbəsində Fondun qarşısına məsuliyyyət qoyur. Fond təbii sərvətlərin toplanması, onların xərclənməsi, iqtisadi artımların və azalmaların təsirini aşağı salmaq üçün işlər görməkdədir.

Fondun hesabatlarına nəzər saldıqda açıq şəkildə görə bilərik ki, bütün əməliyyatlar və hesabatlar ictimaiyyətə tam şəffaf şəkildə təqdim olunur.

Ötən il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 7 milyard ABŞ dolları və ya 14,3% artıb. Yəni Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il ərzində aktiv həcmi  49 033,6 milyon ABŞ dollardan artaraq 56 069,7 milyon ABŞ dolları təşkil edib.

Ötən il ərzində ARDNF-nin büdcə gəlirləri 21 661,9 milyon manat, büdcə xərcləri isə 11 832,6 milyon manat təşkil edib.

2023-cü il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 519,0 milyon manat olub. Bununla paralel bonus ödənişləri isə 800,7 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 337,8 milyon manat təşkil edir.

Günün statistikasına nəzər saldıqda “Azeri Light” markalı neftin bir barelinin qiyməti hazırda 88,59 dollardır. Proqnozlara görə, neftin qiyməti kəskin şəkildə ucuzlaşmayacaq. Qeyd edim ki, sözügedən  Azeri Light” markalı neftin bir barelinin ən aşağı həddə olan qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), əksinə maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaranmasından sonra neft satışından ölkəmiz ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz civarında idi. Yəni, təxminən hər iki adamdan biri yoxsul hesab edilirdi. Hazırda dövlətin uğurlu siyasəti və  düzgün təhlil edilmiş iqtisadi islahatlar nəticəsində həmin göstərici 5 faizə qədər endirilib. Bu, özünü işsizlikdə çox açıqcasına göstərir. Bu gün Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişafında, əhalinin sosial rifahının yaxşılaşmasında  neft gəlirlərinin əldə olunması ilə yanaşı, bu gəlirlərin düzgün şəkildə idarə edilməsi və doğru yönəldilməsinin də xüsusi rolu var.

FONDUN BÜDCƏDƏNKƏNAR  GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ

Nəinki Azərbaycanın hətta dünya tarixinin ən çətin dönəmindən biri olan 2020-ci COVİD-19 pandemiyası zamanı ARDNF-nin investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsindən yaranan fərq üzrə 2 043,5 milyon ABŞ dolları məbləğində büdcədənkənar gəlirləri olmuşdur. O cümlədən ABŞ dolları, avro, İngilis funt sterlinqi və digər valyutalar üzrə büdcədənkənar gəlirlər 831,85 milyon dolları və qızıl üzrə 1 211,64 milyon dollar təşkil etdi.

Gəlir varsa, xərc qaçılmazdır. Belə ki, xərclərə nəzər saldıqda  təkcə 2020-ci ildə ARDNF-nin büdcə xərcləri 12 425,3 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulan vəsaitə nisbətən demək olar ki, tam icra olunmuşdur.

FOND VƏ MƏCBURİ KÖÇKÜNLƏR

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu ölkədə əhalinin işlə, o cümlədən keçmiş məcburi köçkünlərin mənzillə təmin olunmasında xidmətləri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq, ölkəmizin müxtəlif şəhər və rayonlarında Ermənistanın işğalçı siyasəti nəticəsində Qarabağdan gələn məcburi köçkünlərin yerləşdirilməsi, onların sosial rifahının yaxşılaşdırılması üçün vəsaitlər ayırıb. Fond bu vəsaiti dövlətdən aldığı vəsait hesabına deyil, məhz öz hesabına həyata keçirmişdir. Bu, təqdirəlayiq bir addım idi.

44 günlük Vətən müharibəsi zamanı ölkədə sıravi  vətandaşından tutmuş  bütün qurumlar müzəffər Ali Baş Komandanın “dəmir yumruq”u ətrafında birləşərək düşmənə qarşı sipər oldu. Burada Azərbaycan Respublikası Dövlət Neft Fondunun da öz payı olmuşdur. 2020-ci ildə ARDNF-nin büdcəsinin icrası çərçivəsində maliyyələşdirilməsinə ümumilikdə 200 milyon manat vəsait ayrılmış və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən 100% səviyyəsində icra olunmuşdur.

Bununla yanaşı, bir günlük antiterror əməliyyatını və 30 illik düşmən tapdağı altında qalan Qarabağda yenidənqurma və bərpa işlərinin görülməsində, Qarabağın dirçəlməsində olan payını da misal göstərmək olar.

ARDNF VƏ TƏHSİL

Azərbaycan Respublikası Dövlət Neft Fondu təhsilin inkişafına hər zaman dəstək verir. Fond tərəfindən 65,5 milyon  manat “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Bu dəstək “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na da şamil edilib və  bu proqrama Fondun büdcəsindən 52,8 milyon  manat ayrılıb. Təkcə 2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində 3558 nəfər Dövlət Neft Fondu hesabına dünyanın aparıcı universitetlərində təhsil alıb. Həmin şəxslərin bir böyük qismi ölkəmizə qayıdıb və hazırda karyeralarında uğurla fəaliyyət göstərirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təhsil istiqamətində həyata keçirilən layihələr 2030-cu ilədək davam edəcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilən bütün bu islahatlar, yatırımlar Azərbaycanda təhsilin, vətəndaşların işlə təmin olunması, yoxsulluğun minimum səviyyəyə endirilməsi, o cümlədən işğaldan azad olunan torpaqların bərpası və makroiqtisadiyyatının inkişaf etməsinə layiqli töhfə verir.

Emin ŞİRVANZADƏ

Yazı ARDNF-in yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda (Təbii sərvətlərdən əldə edilən gəlirlərin effektiv idarə edilməsinin makroiqtisadi inkişafa təsiri istiqaməti üzrə) keçirdiyi müsabiqəyə təqdim olunur.