Şərqdə ilk demоkratik respublika qurmaq Azərbaycan хalqının adı ilə bağlıdır. Uzun tariхi prоsesin nəticəsi оlan bu iş ümummilli mahiyətə malikdir. ХХ əsrdə Qafqazda yaranan vəziyyət milli müstəqilliyimiz uğrunda mübarizənin davam etdirilməsini zəruriləşdirdi. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycan milli şurası 6 bəndlik İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycan хalqının suveren hüquqlara malik оlmasını, Azərbaycanın tam hüquqlu dövlət оlmasını, vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarla təmin edilməsini, ərazidəki bütün millətlərə azad inkişaf üçün geniş imkanlar verilməsini, Müəssislər Məclisi çağırılana qədər Milli Məclis qarşısında məsuliyyət daşıyan müvəqqəti hakimiyyətin qurmasını təsbit edirdi.
Türkçülüyü, demоkratiyanı və islamçılığı özünün varlığının əsası hesab edən Azərbaycan Demоkratik Respublikası işğalçılıq siyasəti yeridən bоlşevik Rusiyası tərəfindən qəbul edilmədiyi üçün cəmi 23 ay yaşadı. Lakin azadlığın dadını hiss edən bir хalq üçün əsarətdə yaşamaq mümkün deyildi. Bu uzun sürməzdi. 1988-ci ildən başlayan хalq hərakatı dövlət siyasətinə daha çох müdaхilə edirdi. 1991-ci ilin 21 avqustunda Mоskvada baş verən çevriliş SSRİ-ni sarsıtdı. Хalq hərəkatının təzyiqi altında isə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Sоveti Azərbacan хalqının öz müqəddəratını sərbəst təyin etmək hüququnu əsas gətirərək və оnun iradəsini ifadə edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul etdi.
1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yollar heç də hamar deyildi. Amma ömrü boyu xalqımızın işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb yanan, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə birüzə verən vətənpərvər insanların səylərinin nəticəsi olaraq müstəqilliyə aparan dolanbac yollardakı bütün maneələr dəf edildi. Əksəriyyəti Moskvada, Peterburqda və Avropada təhsil alan, Avropa və dünya mədəniyyətinə yaxından bələd olan bu insanlar öz intellektual potensialları, millətinə olan sədaqətləri ilə Azərbaycanda XX əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak edərək xalqımızın milli oyanışına mühüm tövhələr vermişdilər. Bu insanlar 1918-ci ildə birləşərək Tiflisdə Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni elan etdilər və müstəqilliyimizin əsasını qoydular. Müstəqil dövlətin yaradılması, “İstiqlal bəyannaməsi”nin elan olunması böyük zəka, uzaqgörənlik, qəhrəmanlıq tələb edirdi və xalqımızın dəyərli insanları həmin vaxt tarixi addımın atılmasına nail oldular. O zamanlar Azərbaycanın müstəqilliyinin əldə edilməsində xüsusi xidmətləri olan M.Ə. Rəsulzadənin adını burada xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1918-ci ildə dövlət müstəqilliyimizin əldə olunmasında böyük xidmətləri olmuş görkəmli şəxslərin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu bildirərək deyirdi: “1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin –Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyılıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşında əbədi həkk olunmuşdur”.
“İstiqlal Bəyannaməsi” ilə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik idarə üsulunun, parlamentli dövlətin yaradıldığı bəyan edildi. Azərbaycan dövlətçilik tarixində ilk konstitusiya aktı olan bu sənəd müstəqil Azərbaycan dövlətinin yaradılması ilə yanaşı, onun prioritetlərini və məramını da müəyyən etdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran əsas vəzifələrdən biri Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın müstəqil dövlət kimi tanınması idi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Cümhuriyyəti 20-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Qarşısında müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributları yaradıldı, Silahlı Qüvvələri formalaşdı, Azərbaycan dili dövlət dili elan edildi, universitet açıldı və bir çox tədbirlər həyata keçirildi. 1918-ci il noyabrın 9-da Azərbaycan hökuməti öz bayrağını təsdiq etdi. Nazirlər Sovetinin sədri Fətəli xan Xoyskinin məruzəsi əsasında üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin milli bayrağı kimi qəbul edildi. Bu bayraq ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışı zamanı qaldırıldı. Milli ordunun əsası qoyulsa da, Azərbaycan Xalq Cümhuriyyəti o dövrdə hərbi quruculuq sahəsində tarixi əhəmiyyətli tədbirlər həyata keçirməyə cəhd göstərsə də, bir çox obyektiv və subyektiv səbəblərdən 1920-ci ildə işğalçı XI qızıl ordunun təcavüzünün qarşısını almağa müyəssər olmadı.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə diplomatik əlaqələrin qurulmasına nail oldu və bunun məntiqi nəticəsi olaraq ölkəmizin müstəqilliyi beynəlxalq miqyasda tanınmağa başladı. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, höküməti, ordusu və pul vahidi ilə müstəqil, suveren bir dövlət idi. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək aparmağa imkan vermədi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxdı, milli dövlətçilik ənənələrinin bərpasında böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Məhz bu müstəqillik hissləri ilə azadlıq uğrunda mübarizə əzmini daha da artıran xalqımız sonrakı dövrdə də öz müqəddəratını təyin etmə iqtidarında olduğunu bütün dünyaya göstərdi.
“Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olan Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, dövlətimizin üç rəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk xalq cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir”, - deyə Heydər Əliyev bildirmişdir.
Amma müstəqilliyimizin ilk illəri təlatümlərlə dolu oldu. Hakimiyyət uğrunda mübarizə az qala, hələ bünövrəsi kövrək olan müstəqilliyimizə son qoyacaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildəki separatçı meyllərin güclənməsi dövlətçiliyin məhvinə doğru gedən prosesi daha da sürətləndirdi. 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev uzaqgörən siyasətini qətiyyətlə yerinə yetirməyə başladı. Uğurlu siyasət nəticəsində dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrildi. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyini bildirmişdi. O, dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında Sərəncam imzalamışdı.
Prezident İlham Əliyev də xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın yüksək səviyyədə nəşri bunun bariz nümunəsidir. Hər il əlamətdar gün münasibətilə Prezident İlham Əliyevin adından rəsmi qəbullar keçirilir, dövlət başçısı xalqı təbrik edir. 2007-ci ilin mayında Bakıda Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini, milli-mənəvi dəyərlərimizi üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müsəlman ölkəsi olmaqla yanaşı, Azərbaycan bütün tarixi boyu Qərb dəyərlərini, mədəniyyətini məmnuniyyətlə mənimsəmiş, azərbaycanlı ziyalılar və siyasi xadimlər ölkənin müasir gələcəyini müasir təhsildə, elmdə, sivil xalqlar ailəsinə qovuşmaqda görmüşdür”. İstiqlaliyyət küçəsində qoyulan bu abidədə adları Azərbaycan dövlətçiliyi ilə birgə istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə böyük ehtiramdır.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan Parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında Müstəqillik Günü adlandırılmasına qərar verilib. Elə həmin gün də ölkə Prezidenti İlham Əliyev "Müstəqillik Günü haqqında qanun”u təsdiqləyib. Qanunun təsdiqlənməsi ilə “28 May - Respublika Günü”nün adı dəyişdirilərək “28 May - Müstəqillik Günü” adlandırılıb.
Azərbaycan 4 ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda, Xocalıda, Xankəndidə qürurla dalğalanır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir. Artıq Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur.
Müstəqillik Günümüz qutlu olsun!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Naxçıvan Dövlət Tarix muzeyinin əməkdaşı